Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 28 dekabr tarixli 1937 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 549; 2000, № 6, maddə 473; 2005, № 8, maddə 782; 2011, № 4, maddə 369; 2013, № 12, maddə 1637; 2016, № 5, maddə 954; 2017, № 3, maddə 498, № 4 maddələr 626, 656) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 17 oktyabr 2017-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir.
1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir.
1.3. Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür.
1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz.
1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir.
1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir.
2.1. Vəsait aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. gömrük müşayiətinə görə gömrük yığımları;
2.1.2. malların saxlancına görə gömrük yığımları;
2.1.3. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;
2.1.4. bankların və bank olmayan kredit təşkilatlarının Komitənin reyestrinə daxil edilməsinə görə gömrük yığımları;
2.1.5. malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
2.1.6. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;
2.1.7. malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;
2.1.8. gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından alınan haqq;
2.1.9. gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait;
2.1.10. gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlərlə əlaqədar tətbiq olunmuş cərimələr.
2.2. Vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) xüsusi xəzinə hesabına köçürülməsini Nazirlik təmin edir.
3.1. Vəsait aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün yönəldilir:
3.1.1. gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi;
3.1.2. gömrük işi sahəsində elmi-texniki potensialın artırılması;
3.1.3. elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılması;
3.1.4. beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsi;
3.1.5. gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının pul kompensasiyasının ödənilməsi;
3.1.6. gömrük orqanları əməkdaşlarının əlavə təhsil alması;
3.1.7. daimi yaşayış sahəsinə ehtiyacı olan gömrük orqanlarının vəzifəli şəxslərinin mənzillə təmin edilməsinin maliyyələşdirilməsi;
3.1.8. gömrük orqanlarının vəzifəli şəxslərinin kollektiv və fərdi qaydada mükafatlandırılması;
3.1.9. gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi.
4.1. Cari ildə Komitə tərəfindən Nazirliklə razılaşdırılmış formada növbəti il üçün vəsaitin xərc maddələri üzrə proqnoz layihəsi hazırlanır və Nazirliyə təqdim edilir.
4.2. Təqdim edilmiş proqnoz layihəsi əsasında vəsaitin icmal smetasının maddələr üzrə razılaşdırılma protokolu tərtib edilir və Nazirliklə razılaşdırılır.
4.3. Vəsaitin gəlir və xərc smetası (icmal smetası) Nazirlik və Komitə tərəfindən təsdiq edilir.
4.4. Komitənin tabeliyində olan gömrük orqanlarının xərc smetası təsdiq edildikdən sonra Nazirliyə təqdim olunur.
4.5. Vəsait Nazirliyin yerli xəzinədarlıq orqanlarının hesablarında toplanılır.
4.6. Vəsaitin xərclənməsi qanunvericiliyə uyğun olaraq, sənədlərin yerli xəzinədarlıq orqanlarına təqdim edilməsi ilə həyata keçirilir.
4.7. Vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək Komitə tərəfindən Nazirliyə təqdim edilir.
5.1. Mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.
5.2. Vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
1. 11 sentyabr 2020-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2020-ci il, № 185, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1207)
2. 21 aprel 2022-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
3. 26 aprel 2023-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 aprel 2023-cü il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 603)
4. 15 oktyabr 2024-cü il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 oktyabr 2024-cü il, “Xalq” qəzeti, 23 oktyabr 2024-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1166)