AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.5-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası
1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi Təminat İdarəsi bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Komitənin Katibliyi bu Qərarın surətinin Komitənin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2026-cı il 23 yanvar tarixli 3-33/002K nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) strukturuna daxil olan ixtisaslaşdırılmış gömrük idarəsidir.
1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini (bundan sonra – Məcəllə), “Ələt azad iqtisadi zonası haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Komitənin Kollegiya qərarlarını, əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.3. İdarə qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.4. İdarə fəaliyyətini Komitə Aparatının struktur bölmələri, Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirir.
2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.2. azad və xüsusi iqtisadi zonalarda gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
2.1.3. gömrük işi sahəsində hüquq-mühafizə fəaliyyətini həyata keçirmək;
2.1.4. qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərinin alınmasını təmin etmək;
2.1.5. qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyət istiqamətlərini həyata keçirmək.
3.1. İdarə fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;
3.1.2. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş normativ hüquqi aktlara riayət olunmasını təmin etmək;
3.1.3. azad və xüsusi iqtisadi zonalara gətirilən və bu zonalardan aparılan mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
3.1.4. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;
3.1.5. gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada saxlanılmasını təmin etmək;
3.1.6. qanunvericiliklə müəyyən edilmiş qaydada azad zona səlahiyyətli qurumu, azad zona inzibati müəssisələri və azad zona hüquqi şəxsləri tərəfindən azad zonaya gətirilən və azad zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük yığımlarının alınmasını təmin etmək;
3.1.7. Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarından kənardan xüsusi iqtisadi zonaya idxal olunmuş malların həmin zonadan Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılması zamanı qanunvericiliyə uyğun olaraq gömrük rüsumları və vergiləri tutmaq;
3.1.8. aksizli malların xüsusi iqtisadi zonaya idxalı zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük ödənişlərinin alınmasını təmin etmək;
3.1.9. xüsusi iqtisadi zonada malların gömrük rəsmiləşdirilməsi və gömrük orqanlarının sərəncamında olan gömrük anbarlarında saxlanılması ilə bağlı qanunvericiliyə uyğun olaraq gömrük yığımlarının alınmasını təmin etmək;
3.1.10. gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, aşkar edilməsi və araşdırılması üzrə tədbirlər görmək;
3.1.11. gömrük işi sahəsində cinayətlərə, gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, o cümlədən qanunvericiliklə qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;
3.1.12. milli təhlükəsizliyin, ictimai asayişin, insanların həyat və sağlamlığının, ətraf mühitin, heyvanlar və bitkilər aləminin, habelə mədəni, tarixi və arxeoloji sərvətlərin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;
3.1.13. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;
3.1.14. müasir informasiya-kommunikasiya texnologiyalarından və texniki nəzarət vasitələrindən istifadə etməklə, risklərin idarə edilməsi sistemi əsasında gömrük nəzarətinin təkmilləşdirilməsi məqsədilə Komitəyə mütəmadi olaraq əsaslandırılmış təkliflər vermək;
3.1.15. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görmək;
3.1.16. sənaye və texnologiyalar parklarına, sənaye məhəllələrinə gətirilən və aparılan mallar üzrə gömrük rəsmiləşdirilməsi prosesinə yerli bölmələri vasitəsilə metodoloji dəstək göstərmək və statistik uçotu aparmaq;
3.1.17. dövlət orqanları, xarici ticarət iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
3.1.18. beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;
3.1.19. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. gömrük qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində müvafiq təşkilati, inzibati və nəzarət tədbirləri həyata keçirmək;
4.1.2. gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması məqsədilə şəxslərə yazılı xəbərdarlıqlar göndərmək, qanuni tələblərin icrasına nəzarət etmək;
4.1.3. müstəqil surətdə və ya digər hüquq-mühafizə orqanları ilə birgə İdarənin gömrük nəzarəti zonasında müəyyən edilmiş rejim qaydalarına riayət olunmasına nəzarət etmək, İdarənin infrastruktur obyektlərinin mühafizəsini təşkil etmək və bu məqsədlə qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
4.1.4. Məcəlləyə və gömrük işi üzrə digər normativ hüquqi aktlara uyğun olaraq gömrük orqanlarına təqdim edilməsi nəzərdə tutulan sənədləri və məlumatları hüquqi və fiziki şəxslərdən tələb etmək;
4.1.5. İdarəyə təqdim edilən sənədlərin, məlumatların və gömrük bəyannamələrinin düzgünlüyünü araşdırmaq;
4.1.6. sənaye və texnologiyalar parklarına, sənaye məhəllələrinə gətirilən və aparılan mallarla bağlı zəruri məlumatlar və sənədlər barədə Komitə Aparatına, Komitənin strukturuna daxil olan gömrük orqanlarına və tabeliyində olan digər qurumlara sorğular göndərmək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.7. cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, habelə həmin cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
4.1.8. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada təhqiqat aparmaq və müvafiq prosessual hərəkətləri həyata keçirmək;
4.1.9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirmək, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb etmək;
4.1.10. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş və ya törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədilə, son zərurət vəziyyətində, idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və digər nümayəndəliklərinə, habelə beynəlxalq təşkilatlara məxsus xüsusi təyinatlı nəqliyyat və rabitə vasitələri istisna edilməklə) məxsus rabitə və nəqliyyat vasitələrindən istifadə etmək;
4.1.11. Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
4.1.12. gömrük nəzarəti zamanı istifadə olunan texniki nəzarət vasitələrini qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq etmək;
4.1.13. azad və xüsusi iqtisadi zonalara gətirilən və bu zonalardan aparılan malların və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti altında olan malların daşınması, saxlanılması və onlar üzərində aparılan yük əməliyyatları ilə bağlı fakt və hadisələri sənədləşdirmək, audioyazı, foto və videoçəkilişlər aparmaq;
4.1.14. gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin müasir metod və vasitələrinin tətbiqi məsələləri üzrə səlahiyyətləri daxilində xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək, onlarla rəsmi münasibətlər qurmaq və məsləhətləşmələr aparmaq;
4.1.15. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5.1. İdarənin strukturu, xərclər smetası və ştat cədvəli Komitə sədri tərəfindən təsdiq edilir.
5.2. İdarəyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.3. Rəis İdarənin fəaliyyətinə rəhbərlik edir və ona həvalə edilmiş vəzifələrin icrasına görə məsuliyyət daşıyır.
5.4. İdarə rəisinin müavini Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. İdarə rəisinin müavini onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və buna görə məsuliyyət daşıyır.
5.6. İdarənin işi onun fəaliyyət istiqamətləri üzrə, habelə Komitənin və İdarənin təsdiq edilmiş iş planları əsasında həyata keçirilir.
5.7. İdarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, habelə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər mütəmadi olaraq İdarə rəisinin yanında keçirilən iclaslarda müzakirə olunur.
5.8. İdarənin rəisi aşağıdakı səlahiyyətləri həyata keçirir:
5.8.1. İdarənin fəaliyyətini təşkil edir, ona rəhbərliyi həyata keçirir və İdarəni müəyyən edilmiş qaydada təmsil edir;
5.8.2. İdarənin fəaliyyətinin təşkili ilə bağlı əmr və sərəncamlar verir, verilmiş əmr və sərəncamların icrasını təşkil edir, onların icrasını yoxlayır və nəzarəti həyata keçirir;
5.8.3. İdarənin fəaliyyəti ilə bağlı məsələlərin Komitənin Kollegiyasında müzakirəyə çıxarılması üçün təşəbbüs göstərir və həmin məsələlərin Kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;
5.8.4. verilmiş səlahiyyətlər daxilində İdarənin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
5.8.5. İdarənin iş planını və müvafiq hesabatlarını təsdiq edir, iş planının vaxtında və keyfiyyətli icrasına nəzarət edir;
5.8.6. Komitənin Kollegiya qərarlarında, əmr və sərəncamlarda, habelə iş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.8.7. İdarənin işçilərinin üzərinə düşən vəzifələrin icrasına, icra və əmək intizamına riayət olunmasına nəzarət edir;
5.8.8. İdarədə xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən işçilərə xüsusi rütbələrin verilməsi məqsədilə Komitə sədrinə təqdimatlar verir;
5.8.9. işçilərin əmək və sosial təminat hüquqlarının həyata keçirilməsini təmin edir;
5.8.10. işçilərin maddi təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür;
5.8.11. verilmiş səlahiyyətlər daxilində işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.8.12. verilmiş səlahiyyətlər daxilində İdarənin adından mülki qanunvericiliyə uyğun olaraq müqavilələr bağlayır;
5.8.13. etibarnamələr verir, banklarda hesablaşma və digər hesablar açır, hesab və tədiyyə sənədlərini imzalayır;
5.8.14. xarici ticarət iştirakçıları ilə mütəmadi görüşlər keçirir, görüşlər zamanı qaldırılan məsələlərin təhlilini aparır və nəticələr üzrə Komitə rəhbərliyinə təkliflər təqdim edir;
5.8.15. İdarənin əsas vəsaitlərindən və maddi qiymətlilərindən səmərəli istifadə olunmasına nəzarət edir;
5.8.16. səlahiyyətləri daxilində İdarədə mülki müdafiə, yanğın təhlükəsizliyi və nəqliyyat səfərbərliyi üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
5.8.17. İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, məxfilik rejiminin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür;
5.8.18. İdarənin fəaliyyətini Komitənin Aparatı, Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlarla əlaqələndirir;
5.8.19. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür və bu barədə Komitə rəhbərliyinə təkliflər verir;
5.8.20. İdarə tərəfindən vətəndaşların müraciətlərinə baxılmasını və vətəndaşların qəbulunu təmin edir.
5.9. İdarənin vəzifəli şəxslərinin tutduqları vəzifələr üzrə xidməti vəzifələri Komitə sədrinin təsdiq etdiyi vəzifə təlimatları əsasında müəyyən edilir.