Qanunvericilik › “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 23.02.2021) › Tam mətn

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 23.02.2021)

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 23.02.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.3-1-ci və 16.7-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. “Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələrinin Əsasnamələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 2016-cı il 8 iyun tarixli 90 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

miqrasiya xidməti müşaviri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2021-ci il 23 fevral tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri (bundan sonra – Regional idarə) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra – Xidmət) strukturuna daxil olan qurumlardır.

1.2. Regional idarə Xidmətin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, miqrasiya orqanlarının yerlərdə fəaliyyətinin əlaqələndirilməsi və əhalinin miqrasiya orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması məqsədilə yaradılır.

1.3. Regional idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsini, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni və Azərbaycan Respublikasının digər qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin Xidmətin kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin (bundan sonra – Xidmət rəisi) qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Regional idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Xidmətin aparatının struktur bölmələri, Xidmətin strukturuna daxil olan qurumlarla, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Regional idarə qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk edilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

2.1. Regional idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. regionlarda miqrasiya orqanlarının fəaliyyətini əlaqələndirir;

2.1.2. miqrasiya proseslərinin idarə edilməsi, tənzimlənməsinin həyata keçirilməsində iştirak edir;

2.1.3. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin verilməsi işini həyata keçirir;

2.1.4. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;

2.1.5. regionlarda miqrasiya orqanlarına müraciətləri qəbul edir və aidiyyəti üzrə göndərir;

2.1.6. regionlarda miqrasiya qanunvericiliyinə dair hüquqi maarifləndirmə işini həyata keçirir;

2.1.7. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

2.1.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3.1. Regional idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. regionda miqrasiyanın idarə edilməsi sahəsində əlaqələndirmə işinin həyata keçirilməsini təşkil etmək;

3.1.2. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) olduğu yer üzrə qeydiyyata almaq;

3.1.3. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin və digər sənədlərin çap edilməsini həyata keçirmək;

3.1.4. regionda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələrinə nəzarəti həyata keçirmək;

3.1.5. işçilərin iş rejimini tənzimləyən növbə cədvəlləri əsasında (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində çalışan işçilərin iş rejimi həmin mərkəzlərin fəaliyyətini tənzimləyən müvafiq Qaydalarla müəyyənləşdirilir) Regional idarənin fasiləsiz (24/7 və ya iş günləri saat 09:00-dan 18:00-dək) olaraq həyata keçirilməsi nəzərdə tutulan vəzifələrinin icrasını təmin etmək;

3.1.6. Regional idarənin inzibati, xidməti və yardımçı binalarının mühafizəsini və zəruri olan istiqamətlərdə xidməti fasiləsiz təmin etmək;

3.1.7. Xidmət rəhbərliyi ilə razılaşdırmaqla regionda əməkçi miqrantların çalışdığı iş yerlərində planlı və plandankənar yoxlamalar aparmaq, onların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırmaq, həmçinin icazə şərtlərinə riayət olunmasına nəzarət etmək (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) və aşkar edilmiş qanun pozuntusuna görə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

3.1.8. qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

3.1.9. Regional idarənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə, şikayət və sorğulara baxmaq və qanunla nəzərdə tutulmuş müddətdə cavab vermək;

3.1.10. regionda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində miqrasiya məsələlərinə dair xidməti təşkil etmək və fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.11. regionda miqrantların hüquqlarını müdafiə etmək və onların sosial müdafiəsi üçün zəruri şəraitin yaradılması, onların yerli şəraitə uyğunlaşdırılması üçün tədbirlərin görülməsinə dair təkliflər vermək və bu istiqamətdə tədbirləri əlaqələndirmək;

3.1.12. regionda miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarının araşdırılmasında, qanunsuz miqrantların müəyyən edilməsində iştirak etmək və zəruri hallarda miqrasiya sahəsində qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutmaq;

3.1.13. Azərbaycan Respublikasına gəlişi və ya Azərbaycan Respublikasından gedişi məhdudlaşdırılmış və ya barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatları müəyyən edilmiş müddətdə Xidmətin vahid miqrasiya məlumat sistemi vasitəsilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;

3.1.14. qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək;

3.1.15. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatları (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatlar istisna olmaqla) Xidmətin vahid miqrasiya məlumat sistemi vasitəsilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim etmək;

3.1.16. Xidmət rəhbərliyi ilə razılaşdırmaqla miqrasiya sahəsində qanunvericiliyin tələblərinə dair hüquqi maarifləndirmə işini regionda mütəmadi həyata keçirmək;

3.1.17. regionda miqrasiya qanunvericiliyinə riayət olunmanın vəziyyəti barədə Xidmət rəhbərliyinə mütəmadi məlumat vermək;

3.1.18. Regional idarənin fəaliyyət istiqamətlərinə dair dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək, habelə informasiya təhlükəsizliyini təmin etmək;

3.1.19. Regional idarənin fəaliyyət istiqamətinə uyğun olaraq Xidmət rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

4.1. Regional idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Xidmətin aparatının struktur bölmələrinə və Xidmətin strukturuna daxil olan qurumlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.2. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.3. miqrasiya proseslərini və meyllərini nəzərə almaqla ölkənin miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə təkliflər vermək;

4.1.4. Regional idarənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini, o cümlədən müasir elmi-texniki nailiyyətləri öyrənmək və bu sahədə əldə olunmuş biliklərin və təcrübənin tətbiq edilməsi üçün Xidmət rəhbərliyinə təkliflər vermək;

4.1.5. Regional idarənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

4.1.6. Regional idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.7. müvafiq sahədə işçilərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.8. vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.1. Regional idarə öz səlahiyyətlərini onun yurisdiksiyasına aid edilmiş inzibati-ərazi vahidləri üzrə həyata keçirir.

5.2. Regional idarənin ərazi yurisdiksiyası, strukturu və ştat vahidlərinin sayı Xidmət rəisi tərəfindən müəyyən edilir.

5.3. Regional idarəyə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Regional idarə rəisi rəhbərlik edir. Regional idarənin rəisi regional idarənin işinin düzgün təşkili, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Regional idarənin digər işçiləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Regional idarənin rəisi olmadıqda onun səlahiyyətlərini Regional idarənin rəisinin müavini həyata keçirir.

5.6. Regional idarənin işçiləri öz səlahiyyətlərini vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.

5.7. Regional idarə işini fəaliyyət istiqamətləri, habelə Xidmətin və Regional idarənin iş planları əsasında həyata keçirir.

5.8. Regional idarənin işinin təşkili məsələlərinin həlli, onların fəaliyyətinin əlaqələndirilməsi və təhlili, habelə onların fəaliyyətinə nəzarət Xidmətin aparatının aidiyyəti struktur bölməsi tərəfindən həyata keçirilir.

5.9 Regional idarələrin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət Xidmətin aparatının aidiyyəti struktur bölməsi tərəfindən həyata keçirilir.

5.10. Regional idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Regional idarə rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.

5.11. Regional idarə rəisi:

5.11.1. Regional idarənin işini təşkil edir, onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.11.2. Regional idarənin işçiləri arasında vəzifə bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir;

5.11.3. Regional idarənin işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

5.11.4. Regional idarənin vəzifələrinin icrası məqsədilə xidmətin fasiləsiz təşkil edilməsi üçün zəruri olan istiqamətləri müəyyən edir və bu məqsədlə hazırlanmış növbə cədvəlini təsdiq edir;

5.11.5. Regional idarənin fəaliyyətini Xidmətin aparatının struktur bölmələri və Xidmətin strukturuna daxil olan qurumlarla əlaqələndirir;

5.11.6. Regional idarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflərini Xidmət rəhbərliyinə təqdim edir;

5.11.7. iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasına nəzarəti həyata keçirir;

5.11.8. icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.11.9. Regional idarənin müvafiq hesabatlarını təsdiq edir;

5.11.10. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.11.11. Regional idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Xidmət rəhbərliyinə təkliflər verir;

5.11.12. Regional idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Xidmət rəhbərliyinə təkliflər verir;

5.11.13. Regional idarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

5.11.14. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.11.15. Regional idarənin statistik və digər hesabatlarını Xidmət rəhbərliyinə təqdim edir;

5.11.16. Regional idarədə kargüzarlıq işini təşkil edir;

5.11.17. Regional idarəni təmsil edir;

5.11.18. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

5.11.19. Regional idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər məsələləri həll edir.

5.12. İdarə rəisinin müavini:

5.12.1. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir;

5.12.2. Regional idarənin işçiləri arasında iş bölgüsü aparır, əmək və icra intizamına, etik davranış qaydalarına riayət etmələrini təmin edir;

5.12.3. Regional idarənin fəaliyyəti ilə bağlı məsələləri kollegiyanın müzakirəsinə hazırlayır;

5.12.4. Regional idarəyə daxil olmuş sənədlərin, o cümlədən Xidmət rəhbərliyinin göstərişlərinin vaxtında, tam və düzgün icrasının təmin edilməsi, icraya mane olan amillərin müəyyən edilib aradan qaldırılması üçün zəruri tədbirlər görür;

5.12.5. Regional idarənin işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və fəaliyyətinin təkmilləşdirilməsi üzrə İdarə rəisinə təkliflər verir;

5.12.6. ona tapşırılmış sahədə işin düzgün təşkili və icra olunmasını təmin edir;

5.12.7. Regional idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı İdarə rəisinə təkliflər verir;

5.12.8. fiziki və hüquqi şəxslərin müraciətlərinə baxır;

5.12.9. Regional idarədə kargüzarlıq işinin təşkilini təmin edir;

5.12.10. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.12.11. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.12.12. Regional idarənin statistik və digər hesabatlarını ümumiləşdirməklə, habelə hazırlanmış növbə cədvəlinin doğruluğunu yoxlamaqla Regional idarə rəisinə təqdim edir;

5.12.13. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin və Regional idarə rəisinin tapşırıqlarını yerinə yetirir.

5.13. Şöbə (Bölmə) rəisi:

5.13.1. Şöbənin (Bölmənin) işini təşkil edir, onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.13.2. Xidmətin kollegiya qərarlarında, Xidmət rəisinin qərar, əmr və sərəncamlarında, habelə iş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.13.3. Şöbədə (Bölmədə) işçilərin icraatında olan sənədlərin vaxtında və düzgün icra olunmasını təmin edir, onların fəaliyyətini istiqamətləndirir;

5.13.4. Şöbənin (Bölmənin) fəaliyyəti ilə bağlı məsələlərin Xidmətin kollegiyasının müzakirəsinə çıxarılması barədə İdarə rəisinin müavininə təkliflər verir;

5.13.5. Şöbəyə (Bölməyə) yeni təyin edilmiş işçiləri təcrübəli işçilərə təhkim edir və onların işinə bilavasitə nəzarət edir;

5.13.6. Şöbədə (Bölmədə) işçilərin həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbələrin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı İdarə rəisinin müavininə təkliflər verir;

5.13.7. Şöbənin (Bölmənin) fəaliyyətinin təkmilləşdirilməsi barədə İdarə rəisinin müavininə təkliflər verir;

5.13.8. fiziki və hüquqi şəxslərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxır və onları həll edir;

5.13.9. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.13.10. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.13.11. Şöbənin (Bölmənin) müvafiq hesabatını, habelə xidmətin fasiləsiz təşkil edilməsi zəruri olan istiqamət üzrə işçilərin iş rejimini tənzimləyən növbə cədvəlini hazırlayaraq Regional idarənin rəisinə və İdarə rəisinin müavininə təqdim edir;

5.13.12. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Regional idarə rəisi və İdarə rəisinin müavininin tapşırıqlarını yerinə yetirir.

5.14. Baş inspektor və inspektor:

5.14.1. Şöbənin (Bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir;

5.14.2. Şöbənin (Bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır;

5.14.3. Şöbənin (Bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.14.4. müəyyən edilmiş müddətdə vəzifələrinin icrasına dair hesabat hazırlayır və Şöbə (Bölmə) rəisinə təqdim edir;

5.14.5. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.14.6. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Regional idarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir.

5.15. İnspektor maliyyə üzrə:

5.15.1. Regional idarənin büdcə və xüsusi vəsaitlər üzrə xərc smetalarını tərtib edir və təsdiq edilməsi üçün Regional idarənin rəisi ilə razılaşdırmaqla Xidmətin aparatının aidiyyəti struktur bölməsinə təqdim edir;

5.15.2. Regional idarənin maddi və maliyyə vəsaitlərinin uçotunun aparılmasını təşkil edir və onların istifadəsinə nəzarət edir;

5.15.3. Regional idarənin işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir;

5.15.4. Regional idarənin işçilərinin, habelə onların ailə üzvlərinin sosial müdafiəsi üzrə keçirilən tədbirlərin maliyyə təminatının həyata keçirilməsini təşkil edir;

5.15.5. Regional idarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, o cümlədən qulluq illərinə, xüsusi rütbələrə və ixtisas dərəcələrinə görə əlavələrin, müavinət və mükafatların verilməsini təşkil edir;

5.15.6. Regional idarənin işçilərinin ezamiyyə xərclərinin ödənilməsini təşkil edir;

5.15.7. Regional idarənin işçilərinin sığorta olunmasını təşkil edir;

5.15.8. müəyyən edilmiş müddətdə vəzifələrinin icrasına dair, habelə Regional idarənin fəaliyyəti ilə bağlı müvafiq maliyyə, statistik və digər hesabatları hazırlayır və tabe olduğu yuxarı vəzifəli şəxsə təqdim edir;

5.15.9. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.15.10. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Regional idarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir.

5.16. İnspektor təminat üzrə:

5.16.1. Regional idarənin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, onların maliyyə, inventar, dəftərxana ləvazimatları, təşkilati texnika, rabitə, nəqliyyat, kommunal, xüsusi geyim forması və digər maddi-texniki təminatı ilə bağlı tədbirlərin həyata keçirilməsini təşkil edir;

5.16.2. Regional idarənin ehtiyacları üçün əsaslı tikinti və təmir işlərinin aparılması məqsədilə layihə və smeta sənədlərinin hazırlanmasını təşkil edir;

5.16.3. müvafiq işçilərin xüsusi vasitələrlə təmin edilməsi ilə bağlı işlər aparır;

5.16.4. Regional idarə tərəfindən təşkil edilən görüşlərin, seminarların, konfransların, kursların, treninqlərin və digər tədbirlərin maddi-texniki təminatını həyata keçirir;

5.16.5. müəyyən edilmiş müddətdə vəzifələrinin icrasına və Regional idarənin təminatına dair statistik və digər hesabatları hazırlayır və tabe olduğu yuxarı vəzifəli şəxsə təqdim edir;

5.16.6. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.16.7. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Regional idarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir.

5.17. Kiçik inspektor-mühafizəçi;

5.17.1. mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə və idarədaxili rejimə riayət olunmasını tələb edir və bu istiqamətdə Regional idarənin nəzarət fəaliyyətini həyata keçirir;

5.17.2. mühafizə olunan obyektdə baş vermiş hadisə barədə tabeliyində olduğu vəzifəli şəxsə məlumat verir və qabaqlayıcı tədbirlər görür;

5.17.3. mühafizə olunan obyektə məxsus əmlakın qorunması və şəxslər tərəfindən əmlakın mühafizə olunan obyektin ərazisinə və ya oradan kənara daşınmasına nəzarət edir;

5.17.4. mühafizə işinin təşkilinin təkmilləşdirilməsi üzrə təkliflər verir;

5.17.5. Regional idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.17.6. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.17.7. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Regional idarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir.

5.18. Kiçik inspektor-kargüzar (baş mütəxəssis):

5.18.1. daxil olan müraciətlər və sənədlər, habelə xidməti fəaliyyətlə bağlı digər informasiyalar üzrə məlumat bazaları yaradır və bu bazaları aktual saxlayır;

5.18.2. məlumat bazalarının fəaliyyətini və mühafizəsini təmin edir, mütəmadi olaraq məlumat bazalarının sığorta nüsxələrini yaradır;

5.18.3. daxil olan sənədləri və müraciətləri, o cümlədən icraatda olan sənədlərlə əlaqədar digər sənədləri qəbul edir və onların qeydiyyatını aparır;

5.18.4. daxil olan sənədləri Regional idarənin rəisinə, İdarə rəisinin müavininə və ya Şöbə (bölmə) rəisinə təqdim edir, onların dərkənarına əsasən icraçılara çatdırır;

5.18.5. sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı Regional idarənin rəisinə məlumat təqdim edir;

5.18.6. sənədlərin icraçılar tərəfindən icra edilməsinin qeydiyyatını aparır və aidiyyəti üzrə göndərilməsini təmin edir;

5.18.7. icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və Xidmətin Katibliyinə saxlanılması üçün təhvil verilməsini təmin edir;

5.18.8. hüquqi və fiziki şəxslərin müraciətlərini ümumiləşdirir, Regional idarənin hər bir işçisinin icraatına daxil olan sənədlərin hesabatlarını toplayıb Regional idarənin rəisinə təqdim edir;

5.18.9. Regional idarənin rəisinin göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq qurumlara çatdırılmasını təmin edir;

5.18.10. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

5.18.11. xidməti fəaliyyətlə bağlı Regional idarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin tapşırıqlarını yerinə yetirir.

5.19. Kiçik inspektor–sürücü:

5.19.1. Regional idarə rəisinin və onun tapşırığına əsasən digər işçilərin xidməti daşınmalarını həyata keçirir;

5.19.2. xidməti avtomobillərin hərəkət təhlükəsizliyinə riayət etməklə texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına məsuliyyət daşıyır;

5.19.3. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

5.19.4. xidməti fəaliyyətlə bağlı Regional idarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin tapşırıqlarını yerinə yetirir.

6.1. Miqrasiya rejiminə nəzarət şöbəsinin (bölməsinin) vəzifələri aşağıdakılardır:

6.1.1. Bu Əsasnamənin 3.1.4-3.1.8, 3.1.11-3.1.14 və 3.1.17-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.1.2. Şöbənin (Bölmənin) səlahiyyətlərinə dair vahid miqrasiya məlumat sistemində əksini tapmalı olan məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.1.3. Regional idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə (bölməyə) həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.2. Sərhəd buraxılış məntəqələrində miqrasiya şöbəsinin (bölməsinin) vəzifələri aşağıdakılardır:

6.2.1. Bu Əsasnamənin 3.1.4, 3.1.5, 3.1.8 və 3.1.13-cü yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;”;

6.2.2. Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərinə dair məlumatlandırma işini region üzrə dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirmək;

6.2.3. Şöbənin (Bölmənin) səlahiyyətlərinə dair vahid miqrasiya məlumat sistemində əksini tapmalı olan məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.2.4. Regional idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə (bölməyə) həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.3. Vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin (bölməsinin) vəzifələri aşağıdakılardır:

6.3.1. Bu Əsasnamənin 3.1.2, 3.1.3, 3.1.5, 3.1.6, 3.1.9, 3.1.10, 3.1.11, 3.1.15 və 3.1.16-cı yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.3.2. Şöbənin (Bölmənin) səlahiyyətlərinə dair vahid miqrasiya məlumat sistemində əksini tapmalı olan məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.3.3. Regional idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə (bölməyə) həvalə olunan digər vəzifələri yerinə yetirmək.

1. 14 iyun 2021-cu il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202106140004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyun 2021-ci il)

2. 5 dekabr 2022-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212050006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 dekabr 2022-ci il)

3. 11 aprel 2023-cü il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304110001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 aprel 2023-cü il)

4. 2 oktyabr 2023-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310020008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il)

5. 21 dekabr 2023-cü il tarixli 09 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312210009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver