1. “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2005-ci il
1. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının (bundan sonra – Milli Qvardiya) Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Milli Qvardiyanın hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanmı və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə hərbi hissəyə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.
2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişdirilməsindən asılı olmayaraq, Milli Qvardiyada həmişəlik qalır. Milli Qvardiyanın adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata yazılır.
3. Döyüş Bayrağı hər vaxt Milli Qvardiyada, döyüş meydanında isə Milli Qvardiyanın döyüş əməliyyatları bölgəsində olmalıdır.
4. Milli Qvardiyanın bütün şəxsi heyəti tərəfindən fədakarlıq və mərdliklə qorunmalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verilməməlidir. Döyüş Bayrağı itirildikdə, Milli Qvardiyanın komandanı və bu rüsvayçılığa müqəssir olan hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, Milli Qvardiya isə ləğv edilməlidir.
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir (Şəkil 1, 2).
Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır.
Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla “AZƏRBAYCAN UĞRUNDA!” şüarı tikilib. Yazıdakı hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir (Şəkil 1).
Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin emblemi (diametri 48 sm) yerləşib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti” sözləri tikilib. Yazıdakı hərflərin eni 95 sm, hündürlüyü 16 sm-dir (Şəkil 2).
Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı rəngli ipək sapla “Milli Qvardiya” sözləri tikilib. Yazıdakı hərflərin eni 92,5 sm, hündürlüyü 8 sm-dir.
Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır.
Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın uzunluğu 270-285 sm-dir.
22 oktyabr 2024-cü il tarixli 213 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 oktyabr 2024-cü il, “Xalq” qəzeti, 23 oktyabr 2024-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1130)
23 fevral 2026-cı il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 123)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI