Qanunvericilik › “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 31.10.2019) › Tam mətn

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 31.10.2019)

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 31.10.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmrin 1-ci hissəsi ləğv edilsin.

4. Əsasnamənin Penitensiar xidmətin əməkdaşları tərəfindən dərindən öyrənilməsi, onun tələblərinə dönmədən və dürüst əməl edilməsi təmin olunsun (C.Həsənov, E.Xələfov).

5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur.

1.2. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (Nelson Mandela Qaydaları), BMT-nin Məhbuslarla rəftarın əsas prinsiplərini, Avropa Penitensiar Qaydalarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrini, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqların təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmətkeçmə qaydaları «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında», «Hərbi vəzifə və hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında Əsasnamə», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi» və digər normativ hüquqi aktlarla tənzimlənir.

1.4. Penitensiar xidmət fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlar, dövlət və yerli özünüidarəetmə orqanları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq təsisatlarla əlaqəli həyata keçirir.

1.5. Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir.

1.6. Penitensiar xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, ştamplara və blanklara malikdir.

1.7. Penitensiar xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2.1. Penitensiar xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzalarının icrasını həyata keçirir;

2.1.2. müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumların (bundan sonra - məhkumlar) islahı işini həyata keçirir;

2.1.3. həbs edilmiş şəxslərin və məhkumların mühafizəsini, onların müşayiətini həyata keçirir;

2.1.4. barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılmasını təmin edir;

2.1.5. əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;

2.1.6. penitensiar müəssisələrdə cəza çəkən şəxslərin reabilitasiyasına və sosial adaptasiyasına köməklik göstərir;

2.1.7. Penitensiar xidmətdə səlahiyyətləri daxilində mülki müdafiə, yanğın təhlükəsizliyi və səfərbərlik işini təşkil edir;

2.1.8. hüquqi maarifləndirmə işində iştirak edir;

2.1.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3.1. Penitensiar xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının (bundan sonra - penitensiar müəssisələr), həbs edilmiş şəxslərin və məhkumların mühafizəsini və müşayiətini həyata keçirən hərbi qurumların və Penitensiar xidmətin strukturuna daxil olan digər qurumların fəaliyyətini təşkil etmək;

3.1.2. barələrində məhkəmələrin hökm və qərarları olan şəxslərin penitensiar müəssisələrdə saxlanılmasını təmin etmək;

3.1.3. məhkumların qanunvericiliklə müəyyən edilmiş üsul və vasitələrlə islahı işini təşkil etmək;

3.1.4. məhkumların və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaq;

3.1.5. penitensiar müəssisələrdə saxlanılan şəxslər tərəfindən hazırlanan və törədilə biləcək cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq üçün tədbirlər görmək;

3.1.6. həbs edilmiş şəxslərin və məhkumların mühafizəsini və müşayiətini həyata keçirmək;

3.1.7. Penitensiar xidmətin struktur qurumlarında hüquq qaydasını və qanunçuluğu, penitensiar müəssisələrdə işçilərin, burada saxlanılan şəxslərin və müəssisələrin ərazisində olan digər şəxslərin təhlükəsizliyini təmin etmək;

3.1.8. penitensiar müəssisələrdə saxlanma, cəzaların icrası və çəkilməsi qayda və şərtlərini təmin etmək;

3.1.9. bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl, xəstəliyə görə, habelə zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.10. bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək;

3.1.11. Penitensiar xidmətin strukturuna daxil olan müəssisələrin, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən müəyyən edilən və Nazirlik sisteminə daxil olan digər obyektlərin mühafizəsini təmin etmək;

3.1.12. penitensiar müəssisələrdə saxlanılan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin mənsub olduqları dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqə hüququnun həyata keçirilməsini təmin etmək;

3.1.13. həbs edilmiş şəxslərin və məhkumların maddi-məişət təminatını təşkil etmək;

3.1.14. həbs edilmiş şəxslərin və məhkumların ümumi və şəxsi sanitariya-gigiyena tələblərinə əməl etmələri ilə bağlı tədbirlər görmək;

3.1.15. həbs edilmiş şəxslərin və məhkumların sağlamlıqlarının qorunması, tibbi-sanitariya təminatının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq;

3.1.16. penitensiar müəssisələrdə aparılması mümkün olmayan müayinə və müalicələrin qanunvericiliyə müvafiq dövlət və özəl tibb müəssisələrində həyata keçirilməsi üçün zəruri şərait yaratmaq;

3.1.17. məhkumların islahına yönəlmiş tərbiyə işini həyata keçirmək;

3.1.18. penitensiar müəssisələrdə cəza çəkən şəxslərin reabilitasiyasına və sosial adaptasiyasına köməklik göstərmək;

3.1.19. həbs edilmiş şəxslərə və məhkumlara psixoloji yardım göstərilməsi işini təşkil etmək;

3.1.20. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumların təhsil hüquqlarının həyata keçirilməsi üçün tədbirlər görmək;

3.1.21. penitensiar müəssisələrdə həbs edilmiş şəxslərin və məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə zəruri dini ayinlərin yerinə yetirilməsi üçün müvafiq şərait yaratmaq;

3.1.22. məhkumların özfəaliyyət təşkilatlarının işini təşkil etmək;

3.1.23. həbs edilmiş şəxslərin və məhkumların qeydiyyatını və uçotunu aparmaq;

3.1.24. qanunvericiliyə uyğun olaraq həbs edilmiş şəxslərin və məhkumların əmək fəaliyyətinə cəlb edilməsi, onlara sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və ödənilməsi üzrə tədbirlər görmək;

3.1.25. cəzaçəkmə müəssisələrində məhkumların peşə təhsilini və peşə hazırlığını təşkil etmək;

3.1.26. Penitensiar xidmətin strukturuna daxil olan müəssisələrin və qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.27. məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin etmək və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq etmək;

3.1.28. penitensiar müəssisələrdə baş verə biləcək fövqəladə halların və hadisələrin qarşısını almaq, onların nəticələrinin aradan qaldırılması məqsədilə aidiyyəti hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqələr qurmaq və birgə fəaliyyət göstərmək;

3.1.29. səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək və bu işə nəzarət etmək;

3.1.30. Penitensiar xidmətə daxil olan müəssisə və qurumların işçi heyətinin qanuni mənafelərinin və hüquqlarının qorunmasını təmin etmək;

3.1.31. Penitensiar xidmətin hərbi qurumlarında müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin qanunvericiliyə uyğun hərbi xidmət keçməsini və onların təminatlarının həyata keçirilməsini təşkil etmək;

3.1.32. Penitensiar xidmətin struktur qurumlarının müvafiq normalara uyğun maddi-texniki vasitələrlə, silah-sursatla və xüsusi vasitələrlə təmin edilməsi üçün tədbirlər görmək və onların müasirləşdirilməsi üzrə təkliflər vermək;

3.1.33. ayrılmış vəsait və limit daxilində Penitensiar xidmətin strukturuna daxil olan müəssisə və qurumların fəaliyyətini maliyyələşdirmək;

3.1.34. cəzaçəkmə müəssisələrinin istehsalat, maliyyə-təsərrüfat fəaliyyətini təşkil etmək, bu sahəyə nəzarəti həyata keçirmək;

3.1.35. Penitensiar xidmətin əmlakının təyinatı üzrə istismarını, onlara texniki xidməti, mühafizəsini və səmərəli istifadəsini təmin etmək;

3.1.36. Penitensiar xidmətin baş idarəsi və Penitensiar xidmətə daxil olan müəssisə və qurumların səlahiyyətlərində olan pul vəsaitinin və digər maddi qiymətlilərin təyinatı üzrə düzgün xərclənməsini və istifadəsini təmin etmək;

3.1.37. Penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, ixtisaslı kadrların hazırlanması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi, ixtisaslarının artırılması, təlimlərin keçirilməsi üçün tədbirlər görmək;

3.1.38. işçi heyətinin və onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsinin, şəxsi təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;

3.1.39. işçi heyəti və onların ailə üzvləri barədə məlumatların məxfiliyinin qorunması üçün tədbirlər görmək;

3.1.40. tabe qurumlarda kargüzarlıq işinin aparılmasını, dövlət sirrinin qorunması və məxfilik rejiminə riayət olunmasını təmin etmək;

3.1.41. vətəndaşların və penitensiar müəssisələrdə saxlanılan şəxslərin qəbulunu həyata keçirmək, Penitensiar xidmətin səlahiyyətlərinə aid məsələlər üzrə onların müraciətlərinə baxmaq;

3.1.42. Penitensiar xidmətdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması üçün tədbirlər görmək, o cümlədən müvafiq informasiya sistemlərinin fəaliyyətinin təmin olunmasında iştirak etmək;

3.1.43. əfv məsələlərinə baxılması üçün müvafiq sənədlər hazırlamaq;

3.1.44. amnistiya və əfv aktlarını icra etmək;

3.1.45. Penitensiar xidmətdə hüquqi təminat işini həyata keçirmək;

3.1.46. Penitensiar xidmətdə arxiv işini təşkil etmək;

3.1.47. aidiyyəti orqanlarla birgə penitensiar müəssisələrdə mülki müdafiə və yanğından mühafizə işini təşkil etmək;

3.1.48. səfərbərlik hazırlığı və səfərbərlik, nəqliyyat səfərbərliyi haqqında qanunvericilikdən irəli gələn vəzifələri yerinə yetirmək;

3.1.49. Penitensiar xidmətin strukturuna daxil olan qurumlarda işçilər tərəfindən əmək funksiyalarının icra olunmasına nəzarət etmək;

3.1.50. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

3.1.51. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, onun tətbiqi ilə bağlı müvafiq təkliflər vermək, habelə bu təcrübə nəzərə alınmaqla, elmi-texniki nailiyyətlərin tətbiq olunmasını təmin etmək;

3.1.52. hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;

3.1.53. Penitensiar xidmətin strukturuna daxil olan qurumlardan statistik hesabatları toplamaq, ümumiləşdirmək və təhlil etmək;

3.1.54. fəaliyyət sahələri üzrə dövri hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.55. fəaliyyət sahələri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

3.1.56. fəaliyyət istiqamətləri üzrə həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, habelə cəzaların icrası, cinayət-prosessual qanunvericiliyi və digər normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;

3.1.57. fəaliyyət istiqamətlərindən irəli gələn digər vəzifələrini yerinə yetirmək.

4.1. Penitensiar xidmət öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. penitensiar müəssisələrin və Penitensiar xidmətin strukturuna daxil olan digər qurumların yaradılması, yenidən təşkili və ləğvi ilə əlaqədar təkliflər vermək;

4.1.2. Penitensiar xidmətin işinin təşkili ilə bağlı Penitensiar xidmətin strukturuna daxil olan müəssisə və qurumlar üçün icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər vermək;

4.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki qüvvə, xidməti itlər, xüsusi vasitələr və silah tətbiq etmək;

4.1.4. fəaliyyəti ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar, metodiki tövsiyələr, xülasələr, icmallar hazırlamaq, penitensiar sahədə tədqiqatlar aparmaq və təkliflər vermək;

4.1.5. Penitensiar xidmətin strukturuna daxil olan müəssisə və qurumların fəaliyyətinin yoxlanılmasını həyata keçirmək;

4.1.6. səlahiyyətlərinə aid olan məsələlərə dair xidməti yoxlamalar və araşdırmalar həyata keçirmək;

4.1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və beynəlxalq təcrübəni öyrənmək;

4.1.8. səlahiyyətləri daxilində penitensiar müəssisələrdə istehsalat, təsərrüfat və yardımçı təsərrüfat sahələri yaratmaq, istehsal edilən məhsulun satışını təşkil etmək;

4.1.9. Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində penitensiar xidmət üçün ixtisaslı kadrların hazırlanması məqsədilə müqavilələr bağlamaq;

4.1.10. fəaliyyəti ilə əlaqədar Nazirliyin sisteminə daxil olan qurumlara, dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.11. həbs edilmiş şəxslərin və məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişlərinə icazə vermək;

4.1.12. penitensiar müəssisələrin və digər struktur qurumların mühafizəsinin, məhkum və həbs edilmiş şəxslərin davranışlarına nəzarətin təmin edilməsi, cinayətlərin törədilməsinin, cəzanın icrası qaydalarının pozulmasının qarşısını alınması məqsədi ilə mühafizə sistemlərini, video-müşahidə, mühəndis-texniki qurğu və vasitələri tətbiq etmək;

4.1.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərəncamında olan dövlət əmlakının təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

4.1.14. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarını həyata keçirmək;

4.1.15. Penitensiar xidmətin ehtiyacları üçün tikinti işləri aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı tədbirlər görmək;

4.1.16. səfərbərlik hazırlığı və səfərbərlik, nəqliyyat səfərbərliyi haqqında qanunvericilikdən irəli gələn hüquqları həyata keçirmək;

4.1.17. fəaliyyətindən irəli gələn məsələlərlə bağlı məhkəmələrdə iddialar qaldırmaq;

4.1.18. fəaliyyət istiqamətlərinə aid olan qanunvericilik aktlarının layihələrinə rəy verilməsində iştirak etmək, müvafiq normativ hüquqi aktların layihələrini hazırlamaq;

4.1.19. Penitensiar xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların yeni qəbul olunmuş qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflərin hazırlanmasında iştirak etmək;

4.1.20. cinayət prosessual və cəzaların icrası qanunvericiliyinə uyğun olaraq həbs edilmiş şəxslərin və məhkumların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı tədbirlər görmək;

4.1.21. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.22. Penitensiar xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və ictimaiyyətə bu barədə məlumat verilməsi məqsədilə media subyektləri ilə əməkdaşlıq etmək;

4.1.23. qanunvericiliklə müəyyən edilmiş qaydada penitensiar sahənin fəaliyyətini işıqlandırmaq məqsədilə mətbu orqanı təsis etmək;

4.1.24. müəyyən edilmiş qaydada işçiləri ezamiyyətə göndərmək;

4.1.25. verilmiş səlahiyyət daxilində kadr işini həyata keçirmək;

4.1.26. penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və penitensiar sahədə həyata keçirilən işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.27. həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, cəzaların icrası və cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

4.1.28. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

5.1. Penitensiar xidmətin strukturu və ştat bölgüsü Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq olunur.

5.2. Penitensiar xidmət baş idarədən və tabe qurumlardan ibarətdir. Baş idarə Penitensiar xidmətin aparatıdır.

5.3. Penitensiar xidmətə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi (bundan sonra - Penitensiar xidmətin rəisi) rəhbərlik edir. Penitensiar xidmətin rəisi Penitensiar xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Penitensiar xidmətin rəisinin Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Penitensiar xidmətin rəisinin müavinləri onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Penitensiar xidmətin rəis müavinləri öz funksiyalarını vəzifə və iş bölgüsünə əsasən həyata keçirirlər.

5.6. Penitensiar xidmət işini fəaliyyət istiqamətləri, habelə Nazirliyin və özünün iş planları əsasında həyata keçirir.

5.7. Penitensiar xidmətdə Azərbaycan Respublikası ədliyyə naziri tərəfindən təsdiq edilmiş tərkibdə məşvərətçi orqan- Əməliyyat Şurası fəaliyyət göstərir.

5.8. Əməliyyat Şurasında Penitensiar xidmətin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, fəaliyyəti tənzimləyən normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar qəbul edilir. Əməliyyat Şurasının iclasları mütəmadi olaraq çağırılır.

5.9. Əməliyyat Şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur, protokollarla rəsmiləşdirilir və Penitensiar xidmətin rəisi tərəfindən imzalanaraq, icrası üçün aidiyyəti qurumlara göndərilir. Şura üzvü qəbul edilmiş qərarla razılaşmadığı halda, xüsusi rəyini Azərbaycan Respublikasının ədliyyə nazirinə çatdıra bilər.

5.10. Penitensiar xidmətin rəisi:

5.10.1. Penitensiar xidmətin işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

5.10.2. müavinləri arasında vəzifə və iş bölgüsü aparır, onların, xidmətin digər vəzifəli şəxslərinin həvalə edilmiş sahələr üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.10.3. Penitensiar xidmətin baş idarəsinin struktur qurumlarının vəzifə təlimatlarını təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;

5.10.4. müəyyən edilmiş struktur, işçilərin say həddi və ayrılmış büdcə təxsisatı daxilində Penitensiar xidmətin baş idarəsinin və tabe qurumların xərclər smetasına dair təkliflər verir;

5.10.5. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarının həyata keçirilməsi üçün tədbirlər görür, dövlət büdcəsindən ayrılmış vəsaitin, habelə istehsalat fəaliyyətindən əldə olunmuş gəlirlərin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edir;

5.10.6. qanunvericiliklə müəyyən edilmiş qaydada işçi heyətinin vəzifə maaşına əlavələrin verilməsini təmin edir;

5.10.7. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi, habelə yeni ştat vahidlərinin ayrılması barədə Azərbaycan Respublikasının ədliyyə nazirinə təkliflər verir;

5.10.8. əməyi istehsalatdan əldə olunmuş vəsait hesabına ödənilən ştat vahidləri təsis edir və onları ləğv edir;

5.10.9. qanunvericiliklə müəyyən edilmiş qaydada və səlahiyyətlərinə uyğun olaraq kadr işini həyata keçirir;

5.10.10. Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən müəyyən edilmiş səlahiyyətlərə uyğun olaraq Penitensiar xidmətin aparatının, tabe qurumlarının işçilərini vəzifəyə təyin, vəzifədən azad edir, qulluq müddətini uzadır və vəzifədən müvəqqəti kənarlaşdırır, aparatın işçilərinə, habelə tabe qurumlarının rəhbərliyinə və müəyyən olunmuş qaydada digər işçilərə məzuniyyətlər verir, həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

5.10.11. səlahiyyətlərinə uyğun olaraq Penitensiar xidmətin işçilərinə xüsusi rütbələr, məharət və ixtisas dərəcələri verir, müəyyən edilmiş bölgüyə əsasən rəhbər işçilərin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi, habelə onlara xüsusi rütbələr və ixtisas dərəcələrinin verilməsinə dair Azərbaycan Respublikasının ədliyyə nazirinə təqdimat verir;

5.10.12. Penitensiar xidmətin strukturuna daxil olan müəssisə və qurumların fəaliyyətinə nəzarəti təşkil edir, təftişlər, xidməti yoxlamalar və araşdırmalar təyin edir;

5.10.13. qanunvericiliyə uyğun olaraq fövqəladə hallarda penitensiar müəssisələrində xüsusi saxlanma şəraitini təmin edir;

5.10.14. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görür, əməliyyat-axtarış fəaliyyətinin nəticələri ilə tanışlığa, bu sahənin işi ilə əlaqədar müvafiq məlumatların verilməsinə icazə verir və bu sahədə yoxlamalar təyin edir;

5.10.15. Penitensiar xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;

5.10.16. Penitensiar xidmətdə korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər görür;

5.10.17. Penitensiar xidmətin fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

5.10.18. Penitensiar xidmətin işçiləri tərəfindən vəzifələrinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

5.10.19. vətəndaşları qəbul edir, Penitensiar xidmətdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.10.20. Penitensiar xidməti təmsil edir;

5.10.21. Əməliyyat Şurasına rəhbərlik edir, onun tərkibi barədə Azərbaycan Respublikasının ədliyyə nazirinə təkliflər verir və Şuranın iş qaydasını müəyyən edir;

5.10.22. bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində əmr, sərəncam və yazılı göstərişlər verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.10.23. Nazirliyin iş planında və kollegiya qərarlarında, Nazirlik üzrə əmr və sərəncamlarda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.10.24. səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə tapşırır;

5.10.25. bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində digər məsələləri həll edir.

5.11. Penitensiar xidmətin rəis müavinləri:

5.11.1. vəzifə bölgüsü ilə onlara həvalə edilmiş xidmət sahələrinin fəaliyyətinə görə məsuliyyət daşıyırlar;

5.11.2. onlara həvalə edilmiş xidmət sahələri üzrə kadr məsələlərinin həllində iştirak edirlər;

5.11.3. tabe xidmət sahələrinin fəaliyyətinə nəzarət edirlər;

5.11.4. vətəndaşları qəbul edirlər;

5.11.5. həvalə edilmiş xidmət sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Penitensiar xidmətin rəisinə təkliflər verirlər;

5.11.6. Penitensiar xidmətin rəisi vəzifəsini icra edə bilmədikdə Azərbaycan Respublikasının ədliyyə nazirinin tapşırığına əsasən onun vəzifələrini yerinə yetirirlər;

5.11.7. xidməti fəaliyyətlə bağlı Azərbaycan Respublikasının ədliyyə nazirinin və Penitensiar xidmət rəisinin digər tapşırıqlarını yerinə yetirirlər.

5.12. Penitensiar xidmətin baş idarəsinin struktur qurumlarının funksiyaları, onların rəhbərlərinin və işçilərinin hüquq və vəzifələri Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilən vəzifə təlimatları ilə müəyyən edilir.

1. 5 oktyabr 2020-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)

2. 13 oktyabr 2023-cü il tarixli 11-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310130011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver