Qanunvericilik › “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2013) › Tam mətn

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2013)

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kollegiya qeyd edir ki, son illər ölkədə baş verən mütərəqqi sosial-iqtisadi dəyişikliklər, əhalinin rifahının günbəgün yüksəlməsi demoqrafik inkişafa, nikah və doğumun sayının artmasına təsir göstərmişdir.

Bununla əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən ədliyyə orqanlarının da fəaliyyəti təkmilləşdirilmiş, onların kadr potensialı gücləndirilmişdir.

Göstərilənlərlə yanaşı hazırda bu təsisatların fəaliyyətini tənzimləyən vahid normativ sənədin olmaması təcrübədə işin təşkilində, onun bölgüsünün aparılmasında bəzən çətinliklər yaradır.

Həmçinin ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması da qeydiyyat orqanlarının qanunvericilik əsaslarının və işinin daha da təkmilləşdirilməsini şərtləndirmişdir.

Bununla bağlı nazirliyin iş planına müvafiq olaraq və mütərəqqi xarici təcrübə nəzərə alınmaqla qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamənin layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında baxılaraq müsbət rəylər verilmişdir.

İclasda həmin sənəd ətraflı müzakirə olunaraq bəyənildi.

Göstərilənlərə əsasən, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun olaraq kollegiya

1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qeydiyyat şöbələrinin və nikah evlərinin fəaliyyətində bu Əsasnamənin dürüst tətbiqi təmin edilsin, onun aidiyyəti işçilər tərəfindən mükəmməl öyrənilməsi üçün zəruri tədbirlər görülsün (İ.Məmmədov, Ədliyyə Akademiyası).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 noyabr tarixli 13-N nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – nazirlik) rayon (şəhər) qeydiyyat şöbələri, onların bölmələri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri (bundan sonra – qeydiyyat şöbəsi), habelə nikah evləri (bundan sonra – nikah evi) nazirliyin yerli qurumlarıdır.

2. Qeydiyyat şöbəsi və nikah evi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ailə Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası ədliyyə nazirinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

3. Qeydiyyat şöbəsi və nikah evi fəaliyyətini mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyəti orqanlarının struktur bölmələri, yerli özünüidarə orqanları və ictimai təşkilatlarla əlaqəli həyata keçirir.

4. Qeydiyyat şöbəsi və nikah evi üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Qeydiyyat şöbəsinin və nikah evinin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsindən nazirliyə ayrılmış vəsait və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6.1. Qeydiyyat şöbəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

6.1.1. nazirlik tərəfindən müəyyən edilmiş bölgüyə əsasən səlahiyyətinə aid edilmiş qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya qurumlarının dövlət reyestrini aparır;

6.1.2. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatını həyata keçirir.

6.1-1. qeydiyyat şöbəsinin bölmələri bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərirlər;

6.2. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbəsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir.

6.3. Nikah evi nikahın dövlət qeydiyyatını həyata keçirir.

6.4. Qeydiyyat şöbəsi və nikah evi qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

7.1. Qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

7.1.1. vətəndaşların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən olunmuş müddətlərdə, o cümlədən elektron poçt vasitəsi ilə cavab vermək;

7.1.2. nazirliyin müəyyən etdiyi bölgü üzrə qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamə, qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış, təsis sənədlərinin (nizamnamənin və ya əsasnamənin, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və digər sənədlərin) surətini və dövlət qeydiyyatı haqqında şəhadətnamənin dublikatını vermək;

7.1.3. qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının təsis sənədlərində edilmiş dəyişikliklərin, qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatını aparmaq, onların adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamə vermək;

7.1.4. qeyri-kommersiya qurumlarının ləğvi barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeyd aparmaq;

7.1.5. qeyri-kommersiya qurumları barədə reyestr məlumatlarının, habelə onların təsis sənədlərinə edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişiklikləri barədə məlumatların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə və müvafiq informasiya sisteminə ötürülməsini həyata keçirmək;

7.1.6. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması ilə bağlı fiziki şəxslərə hüquqi yardım göstərmək;

7.1.7. doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək;

7.1.7-1. vətəndaşlıq vəziyyəti akt qeydinin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasını yoxlamaq;

7.1.8. nikahın dövlət qeydiyyatına alınmasına qanuni maneələr olduğu haqqında ərizə daxil olduqda nikahın dövlət qeydiyyatını təxirə salmaq, ərizədə göstərilən faktların yoxlanılması üçün tədbirlər görmək, o cümlədən sorğular vermək;

7.1.9. qanunvericiliklə nəzərdə tutulmuş hallarda nikahın bağlanması müddətini artırmaq və ya azaltmaq;

7.1.10. qanunvericiliyin tələblərinə müvafiq olaraq vətəndaşların xahişi əsasında və onların vəsaiti hesabına nikahın və doğumun təntənəli şəraitdə dövlət qeydiyyatını aparmaq, təntənəli mərasimlərin keçirilməsi ilə bağlı ixtisaslaşmış qurumlarla əməkdaşlıq etmək;

7.1.11. faktiki xərclər maraqlı şəxslər tərəfindən ödənilməklə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını qeydiyyat şöbəsinin yerləşdiyi binadan (otaqdan) kənarda aparmaq;

7.1.12. soyadların sonluğuna dəyişiklik etmək;

7.1.13. vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik etmək, onları bərpa və ləğv etmək;

7.1.14. qeydiyyat şöbəsində saxlanılan akt qeydlərinə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən təkrar şəhadətnamə və ya arayış vermək;

7.1.15. qanunvericilikdə nəzərdə tutulmuş hallarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması və ya akt qeydlərində dəyişikliklər edilməsi barədə aidiyyəti dövlət orqanlarına məlumat göndərmək;

7.1.16. qanunvericiliklə nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsində iştirak etmək;

7.1.17. dövlət qeydiyyatına alınan vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatları müvafiq informasiya sisteminə ötürmək;

7.1.18. üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmaması ilə bağlı inzibati xətalara dair işlərə baxmaq;

7.1.19. informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış rejimdə daxil olan doğum və ölüm haqqında məlumatları gündəlik nəzarətdə saxlamaq, doğumun qanunvericiliklə müəyyən olunmuş müddətdə dövlət qeydiyyatına alınmasını təmin etmək məqsədi ilə bunun məcburiliyi barədə ananın yaşadığı ünvana bildiriş göndərmək;

7.1.20. nikaha daxil olmaq haqqında ərizə ilə müraciət edən şəxslərə gələcək ər-arvad və valideyn kimi hüquqlarını və vəzifələrini, onların tibbi müayinədən keçməsinin zəruriliyini və nikah müqaviləsi bağlamasının əhəmiyyətini izah etmək;

7.1.21. vətəndaşlıq vəziyyəti akt qeydlərinin birinci nüsxəsinin aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə (bundan sonra – Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti) və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilməsini təmin etmək;

7.1.22. qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin (bundan sonra – icra hakimiyyətinin nümayəndəliyi) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətini yoxlamaq, aşkar edilmiş qanun pozuntusu və nöqsan barədə müvafiq rayon (şəhər) icra hakimiyyətini, göstərilən hallar mütəmadi baş verdikdə və ya ciddi nöqsanlar mövcud olduqda nazirliyi məlumatlandırmaq;

7.1.23. qeydiyyat fəaliyyəti ilə bağlı sənədlərin, o cümlədən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ikinci nüsxələrinin müəyyən edilmiş müddətdə saxlanmasını və mühafizəsini təmin etmək;

7.1.24. saxlanma müddəti bitmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin Dövlət arxivinə təhvil verilməsini təmin etmək;

7.1.25. ailə həyatına dair məlumat hesab olunan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatların sirrinin saxlanmasını təmin etmək;

7.1.26. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu aparmaq və onların saxlanmasını təmin etmək;

7.1.27. qeydiyyat fəaliyyətinə dair statistik hesabatlar tərtib etmək və aidiyyəti üzrə göndərmək;

7.1.28. Azərbaycan Respublikası ailə qanunvericiliyinin müddəaları və qeydiyyat fəaliyyəti ilə bağlı əhali arasında hüquqi maarifləndirmə işi aparmaq, bu məqsədlə medianın imkanlarından istifadə etmək;

7.1.29. icra hakimiyyətinin nümayəndəliyini vətəndaşlıq vəziyyəti akt qeydlərinin və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ilə təmin etmək;

7.1.30. fəaliyyət istiqamətləri üzrə nazirliyin və Notariat, qeydiyyat və reyestr baş idarəsinin (bundan sonra – baş idarə) rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

7.1-1. Qeydiyyat şöbəsinin bölmələri bu Əsasnamənin 7.1-ci bəndi ilə (7.1.2-7.1.5-ci, 7.1.22-ci və 7.1.29-cu yarımbəndlər istisna olmaqla) müəyyən edilmiş vəzifələri yerinə yetirirlər.

7.2. Nikah evi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

7.2.1. bu Əsasnamənin 7.1.1, 7.1.6, 7.1.8-7.1.9, 7.1.11, 7.1.14, 7.1.16-7.1.17, 7.1.20-7.1.21, 7.1.23-7.1.28 və 7.1.30-cu yarımbəndləri ilə müəyyən olunmuş vəzifələri icra etmək;

7.2.2. nikahın bağlanmasının dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamə vermək;

7.2.3. qanunvericiliyin tələblərinə müvafiq olaraq vətəndaşların xahişi əsasında və onların vəsaiti hesabına nikahın təntənəli şəraitdə dövlət qeydiyyatını aparmaq, təntənəli mərasimlərin keçirilməsi ilə bağlı ixtisaslaşmış qurumlarla əməkdaşlıq etmək.

8.1. Qeydiyyat şöbəsi öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

8.1.1. nikahın pozulması haqqında ərizə ilə müraciət edən şəxslərlə ailənin qorunub saxlanması istiqamətində söhbət aparmaq;

8.1.2. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların əldə edilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin imkanlarından istifadə etmək;

8.1.3. icra hakimiyyətinin nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətinin yoxlanılmasının nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmək, o cümlədən aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında müvafiq vəzifəli şəxslərə köməklik göstərmək, habelə bu istiqamətdə regional ədliyyə idarələri ilə əməkdaşlıq etmək;

8.1.4. fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, müvafiq təkliflər vermək;

8.1.5. üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb etmək və ya ərizəçidən almaq;

8.1.6. qeydiyyat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

8.1.7. qeyri-kommersiya qurumlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsində iştirak etmək;

8.1.8. qeydiyyat şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.1.9. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

8.1-1. Qeydiyyat şöbəsinin bölmələri öz vəzifələrini həyata keçirmək üçün bu Əsasnamənin 8.1-ci bəndi ilə (8.1.3-cü və 8.1.7-ci (qeyri-kommersiya qurumlarına münasibətdə) yarımbəndlər istisna olmaqla) müəyyən edilmiş hüquqlara malikdir.

8.2. Nikah evi öz vəzifələrini həyata keçirmək üçün bu Əsasnamənin 8.1.2, 8.1.4, 8.1.5-8.1.6, 8.1.8-8.1.9-cu yarımbəndləri ilə müəyyən edilmiş hüquqlara malikdir.

9. Qeydiyyat şöbəsinin və nikah evinin ştat sayı Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilən ştat cədvəli ilə müəyyən olunur.

Qeydiyyat şöbələri öz fəaliyyətini birbaşa və ya strukturunda olan bölmələri vasitəsi ilə həyata keçirirlər.

10. Qeydiyyat şöbəsinə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis, nikah evinə müdir, bölməyə aparıcı məsləhətçi, həmin vəzifə olmadıqda isə şöbənin rəisi rəhbərlik edir və həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar.

11. Ştat cədvəlinə uyğun olaraq qeydiyyat şöbəsinin və nikah evinin baş məsləhətçisi, böyük məsləhətçisi, aparıcı məsləhətçisi və məsləhətçisi (bundan sonra – məsləhətçi) ola bilər. Məsləhətçi ona həvalə olunmuş vəzifələri yerinə yetirir və bunun üçün məsuliyyət daşıyır.

12. Qeydiyyat şöbəsinin və nikah evinin məsləhətçisi və digər işçiləri öz funksiyalarını iş bölgüsünə əsasən yerinə yetirirlər.

13. Qeydiyyat şöbəsi və nikah evi işini fəaliyyət istiqamətləri və özünün iş planları əsasında həyata keçirir.

14. Qeydiyyat şöbəsində, onun bölmələrində və nikah evində işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər qeydiyyat şöbəsinin rəisinin və nikah evinin müdirinin yanında keçirilən iclaslarda müzakirə edilir.

15. Qeydiyyat şöbəsinin rəisi:

15.1. şöbənin işini təşkil edir, onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;

15.2. şöbənin işçiləri arasında iş bölgüsü aparır, o cümlədən daxil olan elektron ərizələrin gündəlik izlənilməsini onlardan birinə həvalə edir;

15.3. şöbənin hər yarımil üçün tərtib olunan iş planlarını təsdiq edir, onun icrasına nəzarət edir;

15.4. sənədlərin icra olunmasının müddətlərinə və keyfiyyətinə nəzarət edir;

15.5. qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasını, təsis sənədlərinə edilən dəyişikliyin, eləcə də qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını təmin edir;

15.6. qeyri-kommersiya qurumlarının ləğvi barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeyd aparılmasını təmin edir;

15.7. qeyri-kommersiya qurumları barədə reyestr məlumatlarının qeyri-kommersiya qurumlarının dövlət reyestrinə ötürülməsinə nəzarət edir;

15.8. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatının aparılmasını və bu barədə şəhadətnamələrin verilməsini təmin edir.

15.8-1. vətəndaşlıq vəziyyəti akt qeydinin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir;

15.9. vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini, onların bərpasını və ləğv edilməsini təmin edir;

15.10. qanunvericiliklə nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsini təmin edir;

15.11. qeyri-kommersiya qurumlarının və vətəndaşlıq vəziyyəti akt qeydlərinin dövlət qeydiyyatına dair zəruri məlumatların müvafiq informasiya sistemlərinə ötürülməsinə və ötürülən məlumatların dəqiqliyinə nəzarət edir;

15.12. adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizələrə baxır, bu ərizələrlə bağlı sorğuları, adın, ata adının və soyadın dəyişdirilməsi barədə rəyi imzalayır və ya adın, ata adının və soyadın dəyişdirilməsindən imtina edilməsi barədə qərar çıxarır;

15.13. nikaha daxil olmaq haqqında ərizə ilə müraciət edən şəxslərə gələcək ər-arvad və valideyn kimi hüquqlarını və vəzifələrini, onların tibbi müayinədən keçməsinin zəruriliyini və nikah müqaviləsi bağlamasının əhəmiyyətini izah edir;

15.14. qanunvericiliklə nəzərdə tutulmuş hallarda nikahın bağlanması müddətini uzadır və ya azaldır, nikaha daxil olan şəxslərin xahişi ilə nikahın dövlət qeydiyyatı gününü və saatını dəyişdirir;

15.15. nikahın dövlət qeydiyyatına alınmasına qanuni maneələr olduğu haqqında ərizə daxil olduqda nikahın dövlət qeydiyyatını təxirə salır, ərizədə göstərilən faktların yoxlanılması üçün tədbirlər görür, o cümlədən sorğular verir;

15.16. üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmaması ilə bağlı inzibati xətalara dair işlərə baxır;

15.17. informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış rejimdə daxil olan doğum və ölüm haqqında məlumatları gündəlik nəzarətdə saxlayır, doğumun qanunvericiliklə müəyyən olunmuş müddətdə dövlət qeydiyyatına alınmasını təmin etmək məqsədi ilə bunun məcburiliyi barədə ananın yaşadığı ünvana bildiriş göndərilməsini təmin edir;

15.18. vətəndaşların arzusu nəzərə alınmaqla onların vəsaiti hesabına nikahın və doğumun təntənəli şəraitdə dövlət qeydiyyatını və ya bu barədə şəhadətnamənin təntənəli şəraitdə təqdim olunmasını təşkil edir;

15.19. vətəndaşları qəbul edir;

15.20. ərizə, şikayət və təkliflərə, o cümlədən elektron poçt vasitəsi ilə daxil olmuş müraciətlərə baxır, onlara cavab verir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması istiqamətində vətəndaşlara hüquqi yardım göstərilməsi üçün zəruri tədbirlər görür;

15.21. qeydiyyat fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsini və aidiyyəti qurumlara təqdim olunmasını təmin edir;

15.22. vətəndaşlıq vəziyyəti akt qeydlərinin birinci nüsxəsinin aidiyyəti üzrə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilməsini təmin edir;

15.23. qanunvericilikdə nəzərdə tutulmuş hallarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması və ya akt qeydlərində dəyişikliklər edilməsi barədə aidiyyəti dövlət orqanlarına məlumat göndərilməsini təmin edir;

15.24. qeydiyyat fəaliyyəti ilə bağlı sənədlərin, o cümlədən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ikinci nüsxələrinin müəyyən edilmiş müddətdə saxlanmasını və mühafizəsini təmin edir;

15.25. ailə həyatına dair məlumat hesab olunan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında məlumatların sirrinin saxlanılmasını təmin edir;

15.26. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində icra hakimiyyətinin nümayəndəliyinin müvafiq vəzifəli şəxslərinə metodiki köməklik göstərir;

15.27. icra hakimiyyətinin nümayəndəliyini vətəndaşlıq vəziyyəti akt qeydlərinin və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ilə təmin edir;

15.28. qeyri-kommersiya qurumlarının, habelə onların adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamələri, qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışları, bu qurumların nizamnaməsinin titul vərəqini, habelə təsis sənədlərinin surətini və dövlət qeydiyyatı haqqında şəhadətnamələrin dublikatını imzalayır;

15.29. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələri, təkrar şəhadətnamələri, arayışları və vətəndaşlıq vəziyyəti akt qeydlərini imzalayır;

15.30. saxlanma müddəti bitmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin Dövlət arxivinə təhvil verilməsini təşkil edir;

15.31. daimi fəaliyyət göstərən ekspert komissiyası tərəfindən qeydiyyat şöbəsinin arxivində saxlanılan sənədlərin ekspertizasının keçirilməsinin, həmin sənədlərin saxlanılmasının və ya məhv edilməsinin təşkilində iştirak edir;

15.32. qeydiyyat şöbəsinin işçilərinin həvəsləndirilməsi, onlara intizam tənbeh tədbirlərinin tətbiq edilməsi, yardımçı vəzifələrə işçilərin təyin olunması və vəzifədən azad edilməsi, bu işçilərə ixtisas dərəcələrinin verilməsi ilə bağlı baş idarənin rəhbərliyinə təkliflər verir;

15.33. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunun aparılmasını, saxlanılmasını, istifadəsini və mühafizəsini təşkil edir;

15.34. Azərbaycan Respublikası ailə qanunvericiliyinin müddəaları və qeydiyyat fəaliyyəti ilə bağlı əhali arasında hüquqi maarifləndirmə işi aparır, bu məqsədlə medianın imkanlarından istifadə edir;

15.35. səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı qeydiyyat şöbəsinin məsləhətçisinə tapşırıqlar verir;

15.36. işçilərin peşə hazırlığının yüksəldilməsi üçün zəruri tədbirlər görür, özünün peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

15.37. xidməti fəaliyyətlə bağlı nazirliyin və baş idarənin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.

15-1. Qeydiyyat şöbəsinin bölməsinə rəhbərlik edən şəxs bu Əsasnamənin 15-ci bəndi ilə (15.5-15.7-ci, 15.11-ci (qeyri-kommersiya qurumlarına münasibətdə), 15.26-15.28-ci, 15.32-ci və 15.35-ci bəndlər istisna olmaqla) müəyyən edilmiş vəzifələri həyata keçirir.

16. Nikah evinin müdiri:

16.1. bu Əsasnamənin 15.1-15.4, 15.10, 15.13-15.14, 15.18-15.19, 15.21-15.22, 15.24-15.25, 15.29-15.37-ci yarımbəndlərində nəzərdə tutulmuş işləri icra edir;

16.2. nikahın dövlət qeydiyyatının aparılmasını və bu barədə şəhadətnamələrin verilməsini təmin edir;

16.3. ərizə, şikayət və təkliflərə, o cümlədən elektron poçt vasitəsi ilə daxil olmuş müraciətlərə baxır, onlara cavab verir, nikahın dövlət qeydiyyatına alınması istiqamətində vətəndaşlara hüquqi yardım göstərilməsi üçün zəruri tədbirlər görür.

17. Səadət sarayının (Bakı nikah evi) müdir müavini:

17.1. nikahın dövlət qeydiyyatının təntənəli şəraitdə aparılması mərasimlərini təşkil edir, bununla bağlı digər qeydiyyat şöbələrinin və nikah evlərinin fəaliyyətini əlaqələndirir;

17.2. Səadət sarayının (Bakı nikah evi) səlahiyyətlərinə aid məsələlərlə bağlı vətəndaşların qəbulunu təşkil edir;

17.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında verilən arayışların tərtibatına nəzarət edir;

17.4. Səadət sarayının (Bakı nikah evi) arxivinin müəyyən olunmuş qaydada saxlanılmasına nəzarət edir;

17.5. Səadət sarayının (Bakı nikah evi) müdiri olmadıqda onun vəzifələrini icra edir;

17.6. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

17.7. xidməti fəaliyyətlə bağlı Səadət sarayının (Bakı nikah evi) müdirinin tapşırıqlarını yerinə yetirir.

18. Qeydiyyat şöbəsinin məsləhətçisi aşağıdakı vəzifələri yerinə yetirir:

18.1. qeydiyyat şöbəsinin səlahiyyətlərinə aid məsələlərlə bağlı vətəndaşları qəbul edir;

18.2. qeydiyyat şöbəsinin rəisinin tapşırığına əsasən qeydiyyat şöbəsinə daxil olan ərizə, şikayət və təkliflərə, o cümlədən elektron poçt vasitəsi ilə daxil olmuş müraciətlərə baxır, onlara cavabların və qeydiyyat şöbəsindən göndərilən məktubların layihələrini hazırlayır;

18.3. qeyri-kommersiya qurumlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair məsləhətlər verir;

18.4. qeyri-kommersiya qurumlarının, onların təsis sənədlərinə edilmiş dəyişikliklərin, qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatını aparır, bu barədə şəhadətnamələri, qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışları, təsis sənədlərinin surətini və dövlət qeydiyyatı haqqında şəhadətnamələrin dublikatını təqdim edir;

18.5. adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizələrlə bağlı sorğuların hazırlanmasını və aidiyyəti qurumlara göndərilməsini təmin edir, bu barədə rəy tərtib edir;

18.6. vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi, onların bərpası və ləğv edilməsi ilə bağlı sənədləri öyrənir və bu barədə rəy tərtib edir;

18.7. qeydiyyat fəaliyyətinə dair statistik hesabatları tərtib edir;

18.8. ailə həyatına dair məlumat hesab olunan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında məlumatların sirrini saxlayır;

18.9. qeydiyyat şöbəsinin rəisi olmadıqda onun vəzifələrini icra edir;

18.10. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

18.11. xidməti fəaliyyətlə bağlı qeydiyyat şöbəsinin rəisinin tapşırıqlarını yerinə yetirir.

19. Nikah evinin məsləhətçisi:

19.1. bu Əsasnamənin 18.2, 18.7-18.8, 18.10-cu yarımbəndlərində nəzərdə tutulmuş işləri icra edir;

19.2. nikah evinin səlahiyyətlərinə aid məsələlərlə bağlı vətəndaşları qəbul edir;

19.3. nikah evinin (Səadət sarayı (Bakı nikah evi) istisna edilməklə) müdiri olmadıqda onun vəzifələrini icra edir;

19.4. xidməti fəaliyyətlə bağlı nikah evinin müdirinin və müdir müavininin tapşırıqlarını yerinə yetirir.

20. Qeydiyyat şöbəsinin baş mütəxəssisi (böyük inspektor), böyük mütəxəssisi (inspektor) və aparıcı mütəxəssisi (kargüzar) vəzifə və iş bölgüsünə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:

20.1. daxil olan müraciətlərin və digər sənədlərin, o cümlədən qeyri-kommersiya qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi, onların bərpası və ləğv edilməsi haqqında ərizələrin qeydiyyatını aparır, rəhbərliyin dərkənarına uyğun olaraq onları aidiyyəti üzrə verir;

20.2. daxil olmuş müraciətlər əsasında sorğu edilən sənədləri hazırlayır və icra olunmuş sənədləri aidiyyəti üzrə göndərir;

20.3. dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumları barədə reyestr məlumatlarının, habelə onların təsis sənədlərinə edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişiklikləri barədə məlumatların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə ötürülməsini həyata keçirir;

20.4. qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında verilən şəhadətnamələri, qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışları, təsis sənədlərinin surətini və dövlət qeydiyyatı haqqında şəhadətnamələrin dublikatını tərtib edir;

20.5. doğumun qanunvericiliklə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasının təmin edilməsi məqsədi ilə anaya göndərilən müvafiq bildirişi hazırlayır;

20.6. vətəndaşlıq vəziyyəti akt qeydlərini və bu qeydlər əsasında verilən şəhadətnamələri tərtib edir;

20.7. qeydiyyat şöbəsində saxlanılan vətəndaşlıq vəziyyəti akt qeydlərinə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən verilən təkrar şəhadətnamələri və arayışları tərtib edir;

20.8. başqa qeydiyyat şöbələrindən daxil olmuş bildirişlər əsasında vətəndaşlıq vəziyyəti akt qeydlərinin şöbədə saxlanılan nüsxəsində dəyişikliklər aparır və akt qeydlərinin digər nüsxəsində də müvafiq dəyişikliklərin aparılması üçün həmin bildirişləri aidiyyəti üzrə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir;

20.9. qanunvericilikdə nəzərdə tutulmuş hallarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması və ya akt qeydlərində dəyişikliklər edilməsi barədə aidiyyəti dövlət orqanlarına göndərilməsi üçün məlumat hazırlayır;

20.10. qeyri-kommersiya qurumlarının və vətəndaşlıq vəziyyəti akt qeydlərinin dövlət qeydiyyatına dair zəruri məlumatları müvafiq informasiya sistemlərinə ötürür;

20.11. ailə həyatına dair məlumat hesab olunan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında məlumatların sirrini saxlayır;

20.12. qeydiyyat fəaliyyəti ilə bağlı sənədlərin, o cümlədən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ikinci nüsxələrinin müəyyən edilmiş müddətdə saxlanmasını və mühafizəsini təmin edir;

20.13. vətəndaşlıq vəziyyəti akt qeydlərinin birinci nüsxəsini aidiyyəti üzrə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilməsi üçün hazırlayır;

20.14. saxlanma müddəti bitmiş vətəndaşlıq vəziyyəti akt qeydlərini Dövlət arxivinə təhvil verilməsi üçün hazırlayır;

20.15. qeydiyyat fəaliyyətinə dair statistik hesabatların tərtib olunmasında iştirak edir;

20.16. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

20.17. vəzifələrinin vaxtında və düzgün icra edilməməsinə görə məsuliyyət daşıyır;

20.18. xidməti fəaliyyətlə bağlı qeydiyyat şöbəsinin rəisinin tapşırıqlarını yerinə yetirir.

20-1. Qeydiyyat şöbəsinin bölmələrinin böyük mütəxəssisi (inspektoru) və aparıcı mütəxəssisi (kargüzarı) bu Əsasnamənin 20-ci bəndi ilə (20.1-ci (qeyri-kommersiya qurumlarına münasibətdə), 20.3-20.4-cü, 20.10-cu (qeyri-kommersiya qurumlarına münasibətdə) bəndlər istisna olmaqla) müəyyən edilmiş vəzifələri və xidməti fəaliyyətlə bağlı bölməyə rəhbərlik edən şəxsin tapşırıqlarını yerinə yetirir.

21. Nikah evinin baş mütəxəssisi (böyük inspektor), böyük mütəxəssisi (inspektor) və aparıcı mütəxəssisi (kargüzar) vəzifə və iş bölgüsünə əsasən:

21.1. bu Əsasnamənin 20.2, 20.8, 20.11-20.17-ci yarımbəndlərində nəzərdə tutulmuş işləri icra edir;

21.2. daxil olan müraciətlərin və digər sənədlərin, o cümlədən nikahın bağlanması haqqında ərizələrin qeydiyyatını aparır, rəhbərliyin dərkənarına uyğun olaraq onları aidiyyəti üzrə verir;

21.3. nikah haqqında akt qeydlərini və bu qeydlər əsasında verilən şəhadətnamələri tərtib edir;

21.4. nikah evində saxlanılan vətəndaşlıq vəziyyəti akt qeydlərinə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən verilən təkrar şəhadətnamələri və arayışları tərtib edir;

21.5. xidməti fəaliyyətlə bağlı nikah evinin müdirinin və müdir müavininin tapşırıqlarını yerinə yetirir.

22.1. xidməti otaqların, dəhlizin, sanitar qovşağının və həyətyanı sahənin təmiz və səliqəli saxlanmasını, sanitar və gigiyena qaydalarına uyğun olmasını təmin edir.

1. 29 iyun 2016-cı il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 01 iyul 2016-cı il)

2. 28 dekabr 2016-cı il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612280020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2016-cı il)

3. 29 iyun 2017-ci il tarixli 14-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il)

4. 30 iyun 2022-ci il tarixli 7-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202206300007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2022-ci il)

5. 13 aprel 2023-cü il tarixli 1-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304130001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 aprel 2023-cü il)

6. 30 may 2023-cü il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305300006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 may 2023-cü il)

7. 13 oktyabr 2023-cü il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310130010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 oktyabr 2023-cü il)

8. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver