Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması ilə əlaqədar fəaliyyəti təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
3.1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. fərdi identifikasiya nömrəsinin verilməsi qaydasını müəyyən etsin;
3.4. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması üçün texniki tapşırığın işlənilməsi, o cümlədən proqram təminatının hazırlanması, rayon (şəhər) qeydiyyat şöbələrinin kompüter ilə və digər texniki avadanlıqla təchiz olunması və məlumat mübadiləsinin təmin edilməsi üçün maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin;
3.5. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri xidmətinin ştat vahidlərinin sayını müəyyənləşdirsin, onu müvafiq inzibati bina ilə və zəruri avadanlıqla təmin etsin;
3.6. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması üçün zəruri olan bütün məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə iki ay müddətində təqdim olunmasını təmin etsin.
5. “Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Reyestrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 73) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
5.1. Fərmanın adında, 1-ci, 2.1-ci, 2.2-ci, 3.1-ci və 3.2-ci bəndlərində “Azərbaycan Respublikası vətəndaşlarının” sözləri “Azərbaycan Respublikası əhalisinin” sözləri ilə əvəz edilsin;
5.2. preambulanın üçüncü abzasında “ölkə vətəndaşları” sözləri “ölkə əhalisi” sözləri ilə əvəz edilsin;
5.3. 2.2-ci bənddə “vətəndaşları” sözündən sonra “habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər” sözləri əlavə edilsin.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2004-cü il
1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması haqqında" 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra - "Dövlət Reyestri") tərtib edilməsi, aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.
2. Dövlət Reyestri Azərbaycan Respublikasının bütün vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır.
3. Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
4. Dövlət Reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
5. Dövlət Reyestrinin aparılmasında əsas məqsəd əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək, müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək, əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaqdır.
6. Dövlət Reyestri dövlət büdcəsi hesabına maliyyələşdirilir.
7. Dövlət Reyestrindəki məlumatlara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə sənədləşdirilmiş informasiya əsasında tərtib olunur və daim təzələnir.
8. Dövlət reyestrinin tamlığını təmin etmək üçün Dövlət Reyestrinin səlahiyyət dairəsinə daxil olan bütün məlumatlar xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir:
8.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Əsasnamənin 9-cu bəndində nəzərdə tutulmuş müvafiq məlumatlar - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə;
8.1-1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən — Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrinin verilməsi, habelə onların yaşayış yeri üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Əsasnamənin 9-cu bəndində nəzərdə tutulmuş müvafiq məlumatlar — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə;
8.2. Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə.
9. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:
9.1. fərdi identifikasiya nömrəsi;
9.2. soyadı (əvvəlki soyadları);
9.5. doğulduğu tarix;
9.10. hərbi mükəlləfiyyətə münasibəti;
9.11. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;
9.12. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti (o cümlədən 15 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti);
9.13. 15 yaşına çatmış şəxsin fotoşəkli;
9.14. 15 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu);
9.15. ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
9.16. valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
9.17. uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
10. Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.
11. Dövlət Reyestrinin tərtib edilməsi, aparılması və istifadə edilməsi informasiya texnologiyaları əsasında xüsusi məlumat ötürmə sistemi və ya elektron məlumat daşıyıcıları vasitəsilə həyata keçirilir.
12. Dövlət Reyestrinin məlumat bankının idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada daxil edilməsini, redaktəsini, saxlanılmasını, mühafizəsini, həmçinin sorğu əsasında əldə edilməsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə təmin olunur.
13. Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən bütün məlumatlar hər iş günü xüsusi məlumatötürmə sistemi vasitəsilə Dövlət Reyestrinin məlumat bankına göndərilir və məlumatların aktuallığı təmin edilir.
14. Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır.
15. Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
16. Dövlət Reyestrinə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal fərdi identifikasiya nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu haqda çıxarış təqdim oluna bilər.
17. Dövlət Reyestrinə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bankına daxil edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən identifikasiya nömrəsi göstərilməklə Ədliyyə Nazirliyinə hər iş günü məlumat ötürülməlidir.
18. Ədliyyə Nazirliyinə dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılır.
19. Dövlət Reyestrinə Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə müvafiq səlahiyyətli orqanlardan daxil olan məlumatların sənədlərlə uyğunluğu Dövlət Reyestrinə məlumat ötürən orqanlar tərəfindən yoxlanmalıdır.
20. Dövlət Reyestrində saxlanılan məlumatlar əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılan informasiya kateqoriyasına aid edilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada mühafizə edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumat hesab edilən informasiya yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu informasiyanı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.
21. Dövlət Reyestrinin istifadəçiləri məlumat bankına daxil edilmiş informasiyanın qorunması və onlara bəlli olan məlumatların yayılmaması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. Dövlət Reyestrinin istifadəçiləri - öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
23. Dövlət Reyestrində olan məlumatlar Ədliyyə Nazirliyi tərəfindən verilir.
24. Dövlət Reyestrinin istifadəçiləri olan dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrinin sənədləşdirilmiş məlumatlarından öz səlahiyyətləri daxilində istifadə edirlər. Bu Əsasnamənin 22-ci bəndində göstərilən Dövlət Reyestrinin istifadəçiləri Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün Ədliyyə Nazirliyinə yazılı surətdə müraciət edirlər. Məlumat almaq üçün fiziki şəxslər onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədlər) təqdim etməlidirlər.
24-1. Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
25. Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Reyestrində yalnız özləri və qanunvericiliklə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla sərbəst tanış olmaq, çatışmazlıqlar aşkar olunduğu halda müvafiq düzəlişlərin edilməsi üçün ərizə ilə müraciət etmək, habelə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə, “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq bu məlumatlardan kimlərin və hansı məqsədlə istifadə etdiyini bilmək hüququ vardır.
26. Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 10 gün ərzində verilməlidir. Zərurət yarandıqda, bu müddət Ədliyyə Nazirliyi tərəfindən əsaslandırılmaqla 1 aydan çox olmayan müddətə uzadıla bilər.
27. Şəxsin müraciəti əsasında ona Dövlət Reyestrindən çıxarış təqdim oluna bilər. Dövlət Reyestrinin informasiya sistemindən alınmış çıxarış Ədliyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət Reyestrinin məlumatı elektron imza vasitəsilə də təsdiq edilə bilər.
28. Dövlət Reyestri tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə aşağıdakı məlumatlar təqdim edilir:
28.1. fərdi identifikasiya nömrələri (FİN);
28.2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar.
29. Dövlət Reyestri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə aşağıdakı məlumatlar təqdim edilir:
29.1. fərdi identifikasiya nömrələri (FİN);
29.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar;
29.3. Azərbaycan Respublikası vətəndaşları ilə nikaha daxil olmuş və yaxud nikahı ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;
29.4. qüvvədən düşmüş sənədlər haqqında;
29.5. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar.
1. 27 sentyabr 2006-cı il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741)
2. 6 fevral 2007-ci il tarixli 525 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91)
3. 21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722)
4. 07 sentyabr 2010-cu il tarixli 322 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 2010-cu il, 08 sentyabr №197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 770)
5. 21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 2010-cu il, 22 oktyabr №232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858)
6. 13 dekabr 2010-cu il tarixli 361 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 2010-cu il, 14 dekabr №274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1061)
7. 16 may 2013-cü il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 520)
8. 11 sentyabr 2014-cü il tarixli 271 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 sentyabr 2014-cü il, № 199; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1051)
9. 13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029)
10. 24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 84)
11. 31 may 2023-cü il tarixli 2153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 may 2023-cü il, “Azərbaycan” qəzeti, 1 iyun 2023-cü il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 657)
12. 4 iyun 2024-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 iyun 2024-cü il, “Xalq” qəzeti, 5 iyun 2024-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 649)