Qanunvericilik › Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına lisenziya verilməsi qaydaları haqqında Təlimat (İqtisadiyyat Nazirliyi, 26.05.1999) › Tam mətn

Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına lisenziya verilməsi qaydaları haqqında Təlimat (İqtisadiyyat Nazirliyi, 26.05.1999)

Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına lisenziya verilməsi qaydaları haqqında Təlimat (İqtisadiyyat Nazirliyi, 26.05.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

_________ S.C. Həsənova

Azərbaycan Respublikasının

____________ F. Əliyev

Bu təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 1999-cu il tarixli, 33 saylı Qərarına və bu Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına lisenziya verilməsi” Qaydalarına (sonradan lisenziya verilməsi qaydaları) əsasən hazırlanmış və onun icra mexanizmini müəyyən edir.

1. Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin (pivə istisna olmaqla) və tütün məmulatlarının satışına lisenziya verilməsi müəyyən edilmiş qaydada bu təlimata uyğun həyata keçirilir.

Bu təlimata əsasən şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra “ərizəçilər”) aşağıdakı fəaliyyət növlərini, həyata keçirməyə icazə verən rəsmi sənəddir:

- etil (yeyinti) spirtinin satışı;

- alkoqollu içkilərin satışı;

- tütün məmulatının satışı;

Yuxarıda göstərilən hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir və lisenziyada satışın topdan və ya pərakəndə olması göstərilir.

2. Lisenziya blanklarının uçotu Maliyyə Nazirliyi tərəfindən aparılır.

3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra, həmin lisenziya göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu bənddə göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziya verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

6. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı üçün lisenziya veriləcək obyektlər - ərazi üzrə həmin mallara olan tələbatı nəzərə almaqla müvafiq normativ-hüquqi akta uyğun olaraq şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

7. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı üçün lisenziya, satış obyektinin yerləşdiyi ərazi üzrə müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən verilir.

8. Şəhər və rayon icra hakimiyyəti orqanları lisenziya veriləcək obyektlərin dislokasiyasını tərtib etməklə Azərbaycan Respublikası Ticarət Nazirliyinə və ərazi üzrə Dövlət Vergi xidmət orqanına təqdim edirlər.

9. Lisenziya almaq üçün ərizəçi satış obyektinin yerləşdiyi ərazi üzrə lisenziya verən orqana aşağıdakı sənədləri təqdim etməlidir:

- lisenziya almaq üçün xüsusi formada ərizə (əlavə olunur)

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxsin adı, təşkilatı-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü (satışın topdan və ya pərakəndə olması);

- atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü (satışın tondan və ya pərakəndə olması);

- müəssisənin təsis sənədlərinin surəti;

- müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

- lisenziya almaq üçün dövlət rüsumunun dövlət büdcəsinə ödənildiyini təsdiq edən sənəd;

- ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiqedən sənədin surəti;

- Ticarət Nazirliyi tərəfindən verilmiş, xidmət və ya dərəcə sertifikatının surəti;

- kassa aparatının müvafiq ərazi üzrə vergi orqanlarında qeydiyyatı barədə sənədin surəti;

- obyektin “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış Qaydaları” ilə müəyyən edilmiş tələblərə cavab verməsi barədə ərizəçinin məlumatı.

10. Ərizəçidən bu Təlimatda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

11. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu təlimatda nəzərdə tutulan sənədlər lisenziya verən orqan tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmamazlıqlar aşkar edildikdə, barədə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Təlimatda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

12. Lisenziya verilməsindən aşağıdakı. hallarda imtina edilir:

- lisenziya verilməsi qaydaları ilə nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

- ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

- fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin lisenziya verilməsi qaydalarında nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

- ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 1 il vaxt keçməmişdirsə;

- ərizəçi əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırdığı dövrdə müraciət etdikdə;

- qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

13. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Təlimata uyğun olaraq lisenziya verən orqana müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

14. Müəssisə, təşkilat, idarə ləğv edildikdə yaxud sahibkarlıq kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən dövlət qeydiyyatı şəhadətnaməsi qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə lisenziya verən orqanın verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Lisenziya verən orqanın rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

15. Lisenziyada aşağıdakılar göstərilir:

- lisenziya verən orqanın adı;

- hüquqi şəxslər üçün - lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

- fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

- həyata keçirilməsinə lisenziya verilən fəaliyyətin və satışın (topdan və pərakəndə) növü;

- lisenziyanın qüvvədə olma müddəti;

- müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

- lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

- lisenziya, onu verən orqanın rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq olunur.

16. Lisenziya 2 il müddətinə verilir.

17. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçük müəyyən olunmuş qaydada həyata keçirilir.

18. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

19. Lisenziyalaşdırılan fəaliyyət növü lisenziya verən orqanın inzibati ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

20. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətini almaq üçün həmin obyektin yerləşdiyi ərazi üzrə lisenziya verən orqana aşağıdakı sənədlər təqdim etməlidir.

- verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin və satışın (topdan və pərakəndə) növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

- obyektlər barədə bu təlimatın 10-cu bəndinin 6; 7; 8; 9;-cu yarım bəndlərində tələb olunan sənədlər.

21. Lisenziya verən orqan lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu təlimatın 12 və 13-cü bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

22. Lisenziyanın surəti - lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncündə “Surəti” sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, lisenziya verən orqanın rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və həmin orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

23. Lisenziyaların surəti lisenziya verən orqan tərəfindən qeydə alınır.

24. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün lisenziya verən orqana müraciət edir.

25. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

26. Lisenziyalaşma qaydalarına və bu təlimata əsasən lisenziya sahibləri fəaliyyət həyata keçirərkən lisenziyanın qüvvədə olma qaydalarına nəzarətin aparılmasına şərait yaradılmasına və lisenziyada göstərilən fəaliyyət növünü tənzimləyən digər normativ-hüquqi aktlara əməl etməlidirlər.

27. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti lisenziya verən və ticarət qaydalarına nəzarət edən digər orqan həyata keçirirlər.

28. Lisenziya verən orqanın nəzarət üzrə səlahiyyətlərinə aşağıdakılar daxildir:

- lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlar və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

- yoxlama zamanı aşkar olunun pozuntular barədə lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

- yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

- müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

- lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

29. Lisenziya sahibi aparılan yoxlama zamanı yoxlama aparan orqanın nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

30. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt yoxlama aparan orqanının nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

31. Lisenziya verən orqan lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

- ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

- ərizəçi tərəfindən “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış Qaydaları”na əməl edilmədiyinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ticarət Nazirliyinin lisenziya fəaliyyətinin dayandırılması barədə təqdimatı olduqda;

- hüquqi və ya fiziki şəxsin müflisləşmə və yaxud iflası faktı Azərbaycan respublikasının qanunvericiliyinə müvafiq olaraq təsdiq edildikdə;

- fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziya verilməsi qaydaları və bu təlimatla tələb olunan zəruri şərait və şərtlər, eləcədə lisenziyanın qüvvədə olma qaydalarının pozulduğu aşkar edildikdə.

32. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda lisenziya verən orqan lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə, Ticarət Nazirliyinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən orqan tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə. Ticarət Nazirliyinə və ərazi üzrə Dövlət Vergi xidmət orqanına məlumat verilir.

33. Lisenziya verən orqan lisenziyanı aşağıdakı hallarda ləğv edir:

- ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

- lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

- lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

- məhkəmənin müvafiq qərarı olduqda;

- ərizəçi tərəfindən “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış Qaydaları”na əməl edilmədiyinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ticarət Nazirliyinin təqdimatı olduqda;

- hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə qüvvəsini itirdikdə;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

34. Lisenziya verən orqan lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə, Ticarət Nazirliyinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

5 gün müddətində ərizəçi lisenziyanı geri qaytarmadıqda lisenziya verən orqan iddiası əsasında mübahisə məhkəmə qaydasında həll olunur.

35. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

36. Lisenziya verən orqan verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

37. Lisenziya verən orqanın rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

38. Lisenziya verən orqanın qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikaətoluna bilərlər.

39. Bu təlimatda göstərilən fəaliyyət növləri ilə lisensiyasız məşğul olanlar qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

_____________________________________________________________________________________

(hüquqa şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının № si,

_____________________________________________________________________________________

lisenziya verilən obyektin adı və ünvanı, fəaliyyət növü (satışın topdan və ya pərakəndə olması)

Sizdən xahiş edirik ki, _____________________________________________________________

(etil yeyinti spirrtinin, alkoqollu içkilərin və ya tütün

__________________________________satışına lisenziya verəsiniz.

məmulatının topdan və ya pərakəndə)

Ərizəyə əlavə olunur:

1. Hüquqi şəxsin təsis sənədlərinin surəti;

2. Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

3. Lisenziya almaq üçün ödənilmiş rüsum məbləğini təsdiq edən sənəd;

4. Ərizədə göstərilən obyektlərdən hər biri üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin surəti;

5. Ticarət Nazirliyi tərəfindən ticarət, məişət və digər növ xidmət obyektləri üçün verilmiş xidmət, iaşə obyektləri üçün dərəcə sertifikatının surəti;

6. Kassa aparatının müvafiq ərizə üzrə vergi orqanlarında qeydiyyatı barədə sənədin surəti;

7. Obyektin etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatı satışı üçün müəyyən olunmuş tələblərə uyğunluğu barədə arayış.

Təsərrüfat subyektinin rəhbəri ________________

Baş mühasib _________________

Tarix “___” ___________ 1999-cu il

_____________________________________________________________________________________

(fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar,

_____________________________________________________________________________________

obyektin adı və ünvanı, fəaliyyət növü (satışın tondan və ya pərakəndə olması)

Sizdən xahiş edirik ki, _____________________________________________________________

(etil yeyinti spirrtinin, alkoqollu içkilərin və ya tütün

_________________________________ satışına lisenziya verəsiniz.

məmulatının topdan və ya pərakəndə)

Ərizəyə əlavə olunur:

1. Fiziki şəxsin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2. Lisenziya almaq üçün ödənilmiş rüsum məbləğini təsdiq edən sənəd;

3. Ərizədə göstərilən obyektlərdən hər biri üzrə mülkiyyət hüququnu təsdiq edən sənədim surəti;

4. Ticarət Nazirliyi tərəfindən ticarət, məişət və digər növ xidmət obyektləri üçün verilmiş xidmət, iaşə obyektləri üçün dərəcə sertifikatının surəti;

5. Kassa aparatının müvafiq ərizə üzrə vergi orqanlarında qeydiyyatı barədə sənədin surəti;

6. Obyektin etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatı satışı üçün müəyyən olunmuş tələblərə uyğunluğu barədə arayış.

Fiziki şəxs ___________________

Tarix “___“ _________ 1999-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver