Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2017-ci il
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
Tərəflər arasında ticarətdə texniki maneələri azaltmaq arzusu ilə,
Tərəflərin iqtisadi maraqlarına uyğun olaraq, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək arzusu ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Bu Sazişi həyata keçirərkən Tərəflər milli qanunvericiliklərini rəhbər tutacaqlar.
1. Bu Sazişin məqsədləri üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə Komissarı vasitəsilə İsrail Dövlətinin İqtisadiyyat Nazirliyi səlahiyyətli orqanlardır (bundan sonra “Səlahiyyətli Orqanlar” adlandırılacaq).
2. Səlahiyyətli Orqanlar gələcək əməkdaşlığın həyata keçirilməsi də daxil olmaqla, bu Saziş üzrə məsələlərin müzakirə edilməsi, ticarətdə texniki maneələrlə bağlı Tərəflərin narahatçılıqlarının öyrənilməsi və bu barədə fikir mübadiləsinin aparılması məqsədilə Səlahiyyətli Orqanlardan birinin tələbi əsasında görüş keçirəcək Standartlaşdırma üzrə İşçi Qrupu yaradacaqlar.
3. Hər bir Səlahiyyətli Orqan digərini ozunün əlaqələndirici şəxsinin təyinatı barədə məlumatlandıracaqdır.Əlaqələndirici şəxs müvafiq sənədləri, Tərəflər arasında asan məlumat mübadiləsini təmin edəcək, bütün müvafiq sorğulara cavab verəcək və ikitərəfli ticarətdə texniki maneələrlə bağlı istehsalçı və ya ixracatçıların qarşılaşdığı problemləri dərhal həll etməyə cəhd göstərəcəkdir.
4. Səlahiyyətli Orqanların və ya əlaqələndirici şəxslərin adlarında və ya vəzifələrində hər hansı bir dəyişiklik baş verərsə, müvafiq Tərəf digər Tərəfi dərhal bu barədə yazılı olaraq məlumatlandıracaqdır.
Tərəflər Standartlaşdırma üzrə İşçi Qrupu vasitəsilə standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya ilə bağlı qarşılıqlı maraq doğuran aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərlər:
a) ticarətdə standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi prosedurları ilə bağlı lazımsız maneələrin aradan qaldırılması;
b) ticarətdə texniki maneələrin azaldılması və standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahəsində elmi əməkdaşlığı təşviq etmək üçün beynəlxalq standartların milli standartlar kimi qəbul edilməsi;
c) uyğunluğun qiymətləndirilməsi prosedurları sahəsində qarşılıqlı tanınmanın mümkünlüyününün Tərəflərin beynəlxalq hüquqları və öhdəlikləri əsasında nəzərdən keçirilməsi;
d) hər iki Tərəfin standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə ixtisaslaşmış orqanları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi.
Tərəflər aşağıdakılar barədə mübadilə aparacaqlar:
a) standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə milli orqanlar tərəfindən dərc edilmiş qanunvericilik aktları, reqlamentlər, qaydalar, digər məlumat və dövri nəşrlər;
b) milli standartların kataloqları və sorğu əsasında milli standartların təfərrüatları;
c) uyğunluğun qiymətləndirilməsi üzrə ümumi məlumat və nəşrlər, məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısı, bildiriş orqanları da daxil olmaqla sertifikatlaşdırma orqanları, sınaq laboratoriyalarının təyini və akkreditasiyası;
d) metodlar və miqyas da daxil olmaqla bazara nəzarət, habelə təhlükəli və (və ya) etibarsız olduğu aşkar edilən məhsullar barədə məlumat;
e) standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahəsində mütəxəssislərin ixtisasının artırılması kurslarına və təlim proqramlarına aid olan məlumat və materiallar.
Tərəflər bir-birlərinin təcrübələrini öyrənmək üçün mütəxəssis və təlimçilərdən ibarət nümayəndə heyətlərini mübadilə etmək, məsləhət xidmətlərini təmin etmək və standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahəsi üzrə ekspertlərin təlimini keçirmək, standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət və metrologiya sahəsində birgə seminarlar təşkil etmək və qarşılıqlı maraq kəsb edən layihələrdə tədqiqat aparmaq sahəsində əməkdaşlıq etməyə razılaşırlar.
1. Tərəflər bazara nəzarət sahəsində əməkdaşlıq etməyə razılaşırlar.
2. Tərəflərdən birinin Səlahiyyətli Orqanının digər Tərəfdən idxal edilmiş məhsulun sertifikatına dair əsaslı narahatçılığı olduğu təqdirdə, həmin Tərəf aşağıdakılardan birini və ya bir neçəsini həyata keçirə bilər:
a) öz daxili bazarında öz araşdırma və sorğularının aparılması;
b) müvafiq məhsulun istehsalçısına və (və ya) ixracatçısına və (və ya) uyğunluğun qiymətləndirilməsi üzrə orqana sözügedən məhsulun sınaqlarına və (və ya) sertifikatlarına dair suallarla müraciət edilməsi;
c) Əlaqələndirici Şəxslər vasitəsilə digər Tərəfin Səlahiyyətli Orqanının əməkdaşlığı üçün sorğunun göndərilməsi. Qəbul edən Əlaqələndirici Şəxs sorğu göndərən Tərəfin Əlaqələndirici Şəxsinə ağlabatan vaxt ərzində cavab verəcəkdir.
3. İkitərəfli ticarətdə məhsulların təhlükəsizliyini təmin etmək üçün Tərəflər Əlaqələndirici Şəxslər vasitəsilə bütün lazımi məlumatların mübadiləsi və mümkün dərəcədə zəruri tədbirlərin həyata keçirilməsi barədə razılaşırlar.
Tərəflər bu Saziş çərçivəsində əldə edilmiş sənədlərin və məlumatların konfidensiallığını təmin edəcəklər. Konfidensial sənədlər və məlumatlar üçüncü tərəfə yalnız bu konfidensial sənəd və məlumatları onların ötürülməsindən əvvəl təqdim etmiş Tərəfin yazılı razılığı alındıqdan sonra verilə bilər.
Bu Sazişin təfsiri və ya həyata keçirilməsi ilə bağlı yaranan istənilən mübahisələr Tərəflər arasında dostcasına məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Tərəflər arasında başqa cür razılaşdırılmadığı təqdirdə, hər bir Tərəf bu Sazişin həyata keçirilməsi zamanı yaranan xərclərini özü ödəyəcəkdir.
Bu Sazişin həyata keçirilməsi zamanı ikitərəfli ticarətdə məhsulların sertifikatlaşdırılması və onların üzərində aparılan sınaqlarla bağlı Tərəflərin fiziki və hüquqi şəxsləri də daxil olmaqla, üçüncü tərəfin iddiasına görə Tərəflər hər hansı məsuliyyət daşımayacaqlar.
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında yazılı şəkildə diplomatik kanallar vasitəsilə dəyişikliklər edilə bilər. Hər hansı bu cür dəyişiklik bu Sazişin 12-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
1. Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə bir-birinə bildirdikləri sonuncu diplomatik notanın alındığı tarixdə qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il müddətində qüvvədə qalacaqdır və Tərəflərdən biri ən azı 6 (altı) ay əvvəlcədən Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş təqdim etmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq müvafiq növbəti 5 (beş) illik müddətlərə uzadılacaqdır.
Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyət verilmiş aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Bakı şəhərində 13 dekabr 2016-cı il tarixində, müvafiq olaraq İvrit təqvimi ilə 13 kislev 5777-ci il tarixində, hər biri Azərbaycan, ivrit və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
1. 4 avqust 2022-ci il tarixli 1805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 865)
2. 6 noyabr 2025-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 noyabr 2025-ci il, “Xalq” qəzeti, 7 noyabr 2025-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1018)