Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul 2015-ci il
1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. aqrar inkişaf layihələrinin kreditləşdirilməsini və idarə edilməsini həyata keçirmək;
2.0.2. aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində iştirak;
2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları (bundan sonra – müvəkkil təşkilatlar) vasitəsilə kreditlər və həmin kreditlərə təminat vermək;
2.0.4. aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etmək.
2.0.5. kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirir.
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil təşkilatlar vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək;
3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil təşkilatlar vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;
3.0.2. kənd təsərrüfatı istehsal vasitələrinə (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar) dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin müvəkkil təşkilatlar vasitəsilə verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək;
3.0.3. kreditlərin və güzəştlərin verilməsi ilə bağlı xidmətlərin elektron qaydada həyata keçirilməsini və qeydiyyatını təmin edən elektron reyestri formalaşdırmaq;
3.0.4. aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənmək və regionların aqrar inkişaf imkanlarını qiymətləndirmək;
3.0.5. aqrar sahədə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, kənd təsərrüfatı sahələrinin dəstəklənməsi və inkişafı ilə bağlı müvafiq tədbirlər görmək;
3.0.6. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqələr keçirmək, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparmaq və onları qiymətləndirmək, habelə layihələrin icrasına nəzarət etmək;
3.0.6-1. subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək;
3.0.7. kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
3.0.8. Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin etmək;
3.0.9. aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin, seminarların və elmi-praktik konfransların keçirilməsini təşkil etmək və ya bu tədbirlərin həyata keçirilməsində iştirak etmək;
3.0.10. kreditlərin və güzəştlərin alınması ilə bağlı müvəkkil təşkilatların müraciətlərinə baxmaq, təklif edilən layihələrin ekspertizasını (qiymətləndirilməsini) keçirmək, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul etmək;
3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;
3.0.12. Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.13. Agentliyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.14. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.0.15. aqrar sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;
3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
4.0.1. aqrar sahədə kreditlərin və güzəştlərin verilməsi, onlardan təyinatı üzrə istifadənin monitorinqinin aparılması, mexanizmin təkmilləşdirilməsi və güzəşt tətbiqinin prioritet hesab edildiyi sahələr barədə Nazirliyə təkliflər vermək;
4.0.2. Agentliyin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;
4.0.3. regionların aqrar inkişafı üzrə konsepsiyaların, normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;
4.0.4. aqrar sahədə tətbiqi nəzərdə tutulan investisiya layihələrinin, kənd təsərrüfatı istehsal vasitələrinə tətbiq edilən güzəştlərə dair müraciətlərin qiymətləndirilməsi meyarları barədə Nazirliyə təkliflər vermək;
4.0.5. aqrar sahədə layihələrin həyata keçirilməsi, dəstək tədbirlərinin tətbiqi ilə bağlı beynəlxalq müqavilələr bağlanması barədə Nazirliyə təkliflər vermək;
4.0.6. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.7. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.8. aqrar sahəyə aid maarifləndirici bülletenlər və digər nəşrlər buraxmaq, elektron xidmətlər təşkil etmək;
4.0.9. Agentliyin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və xidmətlər göstərilməsi üçün işçi qruplar, komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;
4.0.10. Agentliyin fəaliyyəti barədə məlumatları mediada dərc etdirmək;
4.0.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5.1. Agentliyə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir.
5.2. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Agentlik sədrinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.
5.4. Agentlik sədrinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Agentliyin sədri:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Agentliyi təmsil edir;
5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.5. Agentlik sədrinin müavinləri və Agentliyin struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini Nazirliklə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
5.5.6. Agentliyin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;
5.5.7. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.8. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.5.9. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
5.5.10. Agentliyə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.5.11. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.
1. 22 sentyabr 2017-ci il tarixli 1604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9, maddə 1651)
2. 16 yanvar 2018-ci il tarixli 1786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 42)
3. 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 aprel 2018-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 656)
4. 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2569)
5. 21 may 2019-cu il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 may 2019-cu il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 854)
6. 8 aprel 2020-ci il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 401)
7. 1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 534)
8. 25 fevral 2022-ci il tarixli 1606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 26 fevral 2022-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 117)
9. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
10. 5 mart 2026-cı il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 mart 2026-cı il, “Xalq” qəzeti, 6 mart 2026-cı il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 216)
11. 8 iyun 2026-cı il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 iyun 2026-cı il, “Xalq” qəzeti, 9 iyun 2026-cı il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 500)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI