Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Maraqlar toqquşmasının qarşısının alınması

Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

11.2. Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməkdən və ya səsvermədə iştirak etməkdən çəkinməlidir. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.3. Bu Qanunun 11.2-ci maddəsində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.4. Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Qeyd: Bu maddədə “maraqlar toqquşması” dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və ya yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver