Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə mübarizə sahəsində qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi:
fövqəladə vəziyyət rejimi, hərbi vəziyyət rejimi, müdafiə, səfərbərlik, hərbi vəzifə, hərbi xidmətkeçmə, hərbi qulluqçuların statusu və digər məsələlər, dövlət təhlükəsizliyinin əsasları, onun təmin edilməsi üsulları və vasitələri, dövlət sərhəd rejimi, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqinə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsinə, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsinə dair qərar layihələrinə rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə mübarizə baxımından rəy verir.