1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda bədbəxt hadisənin araşdırılma barədə müvafiq aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsait hesabına ödənilir.
2. Əmək xəsarəti və yaxud peşə xəstəliyi ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
3. İstehsalatda əmək xəsarəti və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkənə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərclər (qüvvətli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) Tibbi-Sosial Ekspert Komissiyaları (bundan sonra TSEK) tərəfindən müəyyən edilir və onun qərarı əsasında təqsirkar müəssisə bu xərcləri ödəyir.
3.1. Zərərçəkənin, kənar şəxsin qulluğuna ehtiyacı olduğu halda, təqsirkar müəssisə tərəfindən zərərçəkənə göstərilən xidmətə görə aylıq xərcin məbləği rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial işçisinin aylıq vəzifə maaşının 50 faizindən az olmayaraq ödənilir.
3.2. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə TSEK tərəfindən sanatoriya-kurort müalicəsi təyin olunduğu halda, təqsirkar müəssisə tərəfindən ona pulsuz sanatoriya-kurort müəssisəsinə putyovka (yollayış) verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlillərin, ikinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsi iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları” və “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarı ilə tənzimlənir.
TSEK-in qərarına əsasən sanatoriya-kurort müəssisəsində zərərçəkənin müalicəsi ilə əlaqədar, onu müşayiət edən şəxsə ehtiyac olarsa, müşayiət edən şəxsin də xərcləri müəssisə tərəfindən ödənilir.
3.3. Zərərçəkənin protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslər üçün təkərli oturacaqlar və digər reabilitasiya vasitələri ilə təmin edilməsi xərcləri protez-ortopedik müəssisənin müvafiq hesab-fakturasına uyğun olaraq təqsirkar müəssisə tərəfindən ödənilir.
3.4. Zərərçəkənə əlavə qidalanmanın rasionu TSEK-in qərarına əsasən müalicə müəssisəsi tərəfindən müəyyən edilir. Bu rasiona daxil olan qida məhsullarının dəyəri rayon (şəhər) statistika şöbələri tərəfindən müəyyən edilmiş bazar qiymətlərinə uyğun olaraq təqsirkar müəssisə tərəfindən ödənilir.
3.5. Zərərçəkənə, dərman təminatı ilə bağlı xərclər siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müalicə-profilaktika müəssisələrinin həmin nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib edilmiş pulsuz reseptə əsasən müəyyən edilir.
Pulsuz reseptə yalnız bir dərman preparatı yazılır və pulsuz resept yalnız xəstənin ambulator kartında göstərilən müalicə kursuna uyğun verilir.
Dərman preparatlarının dəyəri zərərçəkənə apteklərdən verilən qaimə-faktura əsasında təqsirkar müəssisə tərəfindən ödənilir.
1. 14 sentyabr 2018-ci il tarixli 6-7 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140067, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 sentyabr 2018-ci il)
2. 3 may 2019-cu il tarixli 190500022 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2019-cu il)
3. 12 fevral 2024-cü il tarixli 3-17/3-5-5/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202402127355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2024-cü il)