Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və 114-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2017-ci il
1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası (bundan sonra – Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün onun fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarını, habelə bu Qaydanı rəhbər tutur.
1.3. Azərbaycan Respublikasının Baş naziri (bundan sonra – Baş nazir) Nazirlər Kabinetinin işini təşkil edir.
1.4. Nazirlər Kabinetinin iclasına Baş nazir sədrlik edir. Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti iştirak etdikdə, iclasa Azərbaycan Respublikasının Prezidenti sədrlik edir.
1.5. Baş nazir rəhbəri olduğu əlaqələndirici və məşvərətçi orqanların iclaslarını, habelə öz yanında müşavirələr keçirir, operativ məsələlərə dair qərarlar qəbul edir. Baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, onun səlahiyyətlərini Baş nazirin birinci müavini icra edir. Həmin səbəblərə görə Baş nazirin səlahiyyətlərini Baş nazirin birinci müavininin icra etməsi mümkün olmadıqda və ya o, təyin edilmədikdə, Baş nazirin səlahiyyətlərini onun müəyyən etdiyi digər müavini icra edir.
1.6. Baş nazir Nazirlər Kabinetinin işi barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi məlumatlandırmalıdır.
1.7. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə, qeyri-kommersiya hüquqi şəxslərinə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə (bundan sonra – dövlətin hüquqi şəxsləri) verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.
1.8. Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanları), habelə yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti həyata keçirir. İcraya nəzarət Nazirlər Kabinetinin Aparatı tərəfindən təşkil və təmin olunur.
1.9. Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri (bundan sonra – Nazirlər Kabinetinin üzvləri) qəbul olunmuş qərarların həyata keçirilməsinə, habelə onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
1.10. Nazirlər Kabinetinin üzvləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən iclaslarda, müşavirələrdə və digər tədbirlərdə, Nazirlər Kabinetinin iclaslarında, Baş nazirin və onun müavinlərinin sədri olduqları əlaqələndirici və məşvərətçi orqanların (bundan sonra – əlaqələndirici və məşvərətçi orqanlar) iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə, habelə Nazirlər Kabineti üzvlərinin iştirakı nəzərdə tutulan digər rəsmi tədbirlərdə iştirak zərurətini nəzərə almaqla planlaşdırırlar.
1.11. Nazirlər Kabinetində ona təqdim olunmuş və ya Nazirlər Kabinetinin Aparatında hazırlanmış hüquqi aktların layihələrinə, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarına, habelə digər sənədlərə baxılır. Nazirlər Kabinetində, həmçinin barəsində müvafiq aktların qəbul olunması tələb olunmayan məsələlərə, habelə müraciətlərə (sorğulara), yuxarı inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı digər məsələlərə də baxılır.
1.12. Bu Qaydanın məqsədləri üçün aktların layihələrinə və digər sənədlərə Nazirlər Kabinetində baxılması onlara Nazirlər Kabinetinin iclaslarında, əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, habelə Baş nazir və onun müavinlərinin yanında keçirilən müşavirələrdə və ya təkbaşçı baxılması deməkdir.
1.13. Nazirlər Kabinetində aktların layihələrinə və digər sənədlərə baxılmanın nəticələri Nazirlər Kabinetinin aktları, Nazirlər Kabinetinin iclasının, əlaqələndirici və məşvərətçi orqanların iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokolları, habelə Baş nazirin və onun müavinlərinin dərkənarı və ya onların imzaladığı digər sənədlər ilə rəsmiləşdirilir.
1.14. Nazirlər Kabinetinin aktları, Nazirlər Kabinetinin iclasının, əlaqələndirici və məşvərətçi orqanların iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokolları, habelə Baş nazirin və onun müavinlərinin dərkənarı və ya onların imzaladığı digər sənədlər Nazirlər Kabinetinin Aparatı tərəfindən rəsmiləşdirilir.
1.15. Nazirlər Kabineti öz fəaliyyəti haqqında məlumatları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıqlayır.
1.16. Nazirlər Kabinetində baxılmış məsələlər haqqında məlumatlar Nazirlər Kabinetinin aktlarına, Baş nazirin və onun müavinlərinin göstərişlərinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, habelə müraciət (sorğu) etmiş şəxslərə Nazirlər Kabinetinin Aparatı tərəfindən göndərilir.
1.17. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetində baxılan məsələlərlə bağlı informasiya xidməti istifadə üçün nəzərdə tutula bilər.
2.1. Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin (o cümlədən normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı fəaliyyətinin) həyata keçirilməsini, eləcə də iclasların və digər tədbirlərin keçirilməsini planlaşdırır.
2.2. Nazirlər Kabineti növbəti il üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş məsələlərlə bağlı illik iş planlarını (bundan sonra – iş planı) təsdiq edir.
2.3. Növbəti il üçün iş planına dair təkliflər Nazirlər Kabinetinin Aparatı, mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları, habelə dövlətin hüquqi şəxsləri tərəfindən hər il noyabr ayının 1-dək Baş nazirə göndərilir. İş planına dair təkliflərə aşağıdakılar əlavə olunur:
2.3.1. məsələnin adı (normativ hüquqi aktın layihəsinin işçi adı), konsepsiyası və onun tənzimlənməsinin zəruriliyinin əsaslandırılması;
2.3.2. məsələnin həyata keçirilməsi üçün tələb olunanlar (maliyyə, insan və digər resurslar);
2.3.3. məsul icraçılar;
2.3.4. gözlənilən nəticələr;
2.3.5. Nazirlər Kabinetinin iclasında baxılmasının təxmini müddəti.
2.4. Növbəti il üçün iş planına dair Baş nazirə ünvanlanan təkliflər Nazirlər Kabinetinin Aparatında baxılaraq ümumiləşdirilir və Baş nazirə təqdim olunur. Növbəti il üçün iş planına dair Nazirlər Kabinetində normativ hüquqi aktların layihələrinin hazırlanması fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin Aparatında təkliflərə baxılarkən, qanun layihələrinin hazırlanmasına dair Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin qarşılıqlı razılaşdırılmış illik planı nəzərə alınmalıdır.
2.5. Növbəti il üçün iş planına dair təqdim olunan təkliflərə dekabr ayının 1-dək Nazirlər Kabinetinin iclasında baxılaraq Nazirlər Kabinetinin növbəti il üçün iş planı təsdiq edilir.
2.6. Baş nazir Nazirlər Kabinetinin növbəti il üçün təsdiq edilmiş iş planı və onun icrası barədə Azərbaycan Respublikasının Prezidentini məlumatlandırır.
2.7. Azərbaycan Respublikası Prezidentinin tapşırığı, habelə Nazirlər Kabinetinin iclasının qərarı ilə Nazirlər Kabinetinin təsdiq edilmiş illik iş planında dəyişikliklər edilə bilər. Dəyişikliklər barədə təkliflər bu Qaydanın 2.3-cü bəndində müəyyən edilmiş qaydada verilir.
3.1. Nazirlər Kabinetinin iclasları və iclaslarının gündəliyi təsdiq edilmiş illik iş planına uyğun olaraq planlaşdırılır.
3.2. Nazirlər Kabineti iclasının gündəliyinin layihəsi Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən hazırlanır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim olunur.
3.3. Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl iclasda iştirak edəcək Nazirlər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə Nazirlər Kabinetinin Aparatı tərəfindən göndərilir. Nazirlər Kabinetinin iclasının gündəliyi bilavasitə onun iclasında təsdiq olunur.
3.4. İclas gündəliyinin layihəsinin və müvafiq materialların göndərildiyi Nazirlər Kabinetinin üzvləri, habelə iclasda iştirak edəcək digər şəxslər, zərurət yarandıqda, iclasın başlanmasına 24 saat qalanadək müvafiq məsələlər üzrə rəy və təkliflərini Nazirlər Kabinetinə təqdim edə bilərlər.
3.5. Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər. Nazirlər Kabinetinin üzvü məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri də dəvət oluna bilərlər.
3.6. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölmələrinin rəhbərləri Nazirlər Kabinetinin iclasında iştirak edə bilərlər.
3.7. Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısı Baş nazirlə razılaşdırılmaqla Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.
3.8. Nazirlər Kabinetinin iclasında iştirak edən şəxslər Nazirlər Kabinetinin Aparatı tərəfindən qeydiyyata alınır.
3.9. Nazirlər Kabinetinin, bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla iclasda iştirak edəcək üzvlərinin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunur.
3.10. Nazirlər Kabinetinin iclasında iştirak edən Nazirlər Kabinetinin üzvləri gündəlikdəki məsələlərə dair məruzələrlə çıxış edə bilərlər. Nazirlər Kabinetinin iclasında orada iştirak edən digər şəxslər də iclasa sədrlik edənin razılığı ilə çıxış edə bilərlər.
3.11. Nazirlər Kabinetinin iclasında baxılan məsələlərə dair qərarlar səsvermə ilə qəbul edilir. Qərar iclasda iştirak edən Nazirlər Kabineti üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, iclasda sədrlik edənin səsi həlledici sayılır.
3.12. Nazirlər Kabinetinin iclasında baxılan məsələyə dair Nazirlər Kabineti üzvünün xüsusi rəyi olduqda, onun tələbi və ya iclasa sədrlik edənin göstərişi ilə xüsusi rəy iclas protokoluna daxil edilməlidir.
3.13. Nazirlər Kabinetinin iclasında məruzələr üçün vaxt 15 dəqiqəyə qədər, həmməruzələr üçün 10 dəqiqəyə qədər, müzakirələrdə çıxışlar üçün isə 5 dəqiqəyə qədər müəyyən olunur.
3.14. Nazirlər Kabinetinin iclası açıq keçirilir. Nazirlər Kabinetinin iclasına sədrlik edənin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclası qapalı da keçirilə bilər. Nazirlər Kabinetinin qapalı iclası keçirilərkən (ayrı-ayrı məsələlər qapalı müzakirə olunarkən) materialların hazırlanması, iclaslara buraxılış, stenoqraflama, protokolların və qəbul edilən aktların tərtibi məxfi sənədlərlə müəyyən olunmuş iş qaydalarına və məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.
3.15. Nazirlər Kabinetinin iclasında baxılacaq məsələlər və materiallar haqqında media subyektlərinin və jurnalistlərin məlumatlandırılması, iclas başa çatdıqda Nazirlər Kabineti üzvlərinin iclaslarda baxılmış məsələlərə dair mətbuat konfransının (brifinqin) təşkili, vətəndaşların iclasda baxılmış məsələlər və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında mediada məlumatlandırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir.
3.16. Nazirlər Kabinetinin iclasında media nümayəndələrinin iştirakı, video və fotoçəkilişlərin, habelə səsyazmanın aparılması qaydası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.
3.17. Nazirlər Kabinetinin iclasının stenoqrafik, audio və videoyazılışı Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir. Qapalı iclasın (qapalı müzakirənin) audio və videoyazılışı aparılmır.
3.18. Nazirlər Kabinetinin iclasında iştirak edən şəxslərin iclasa video və fotoaparatlar, səsyazma qurğuları, habelə rabitə vasitələri gətirməsinə icazə verilmir.
3.19. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və ya Baş Nazirin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclasında əlavə (gündəlikdənkənar) məsələlərə də baxıla bilər.
3.20. Nazirlər Kabinetinin növbədənkənar iclası Baş nazirin, Baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə Baş nazirin birinci müavininin, o, olmadıqda isə digər müavininin qərarı ilə keçirilir.
3.21. Nazirlər Kabinetinin iclasında baxılmaq üçün hazırlanmış materialların keyfiyyətinə və vaxtında təqdim olunmasına görə Nazirlər Kabinetinin üzvləri, Nazirlər Kabineti Aparatının rəhbəri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri şəxsən məsuliyyət daşıyırlar.
4.1. Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə qəbul olunan qərarlar protokolla rəsmiləşdirilir. Həmin protokollar Nazirlər Kabinetinin Aparatı tərəfindən iclas və ya müşavirə başa çatdıqdan sonra 24 saat müddətində tərtib olunur və iclasa və ya müşavirəyə sədrlik edən şəxs tərəfindən imzalanır.
4.2. Operativ məsələlərə dair Baş nazirin qəbul etdiyi qərarlar Nazirlər Kabinetinin aktları və ya Baş nazirin dərkənarı ilə rəsmiləşdirilir.
4.3. Nazirlər Kabinetinin iclasında baxılmış Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinin təkmilləşdirilməsi zərurəti yarandıqda, həmin layihələr barəsində iclasda bildirilmiş rəy və təkliflər, habelə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına (orqanlarına) verilən tapşırıqlar iclas protokoluna daxil edilir. Tapşırıqda başqa müddət müəyyən olunmadıqda, təkmilləşdirilmiş layihə 10 iş günü müddətində Baş nazirə təqdim edilməlidir.
4.4. Nazirlər Kabinetinin iclaslarının və müşavirələrin protokolları Nazirlər Kabinetinin üzvlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunmuş siyahı üzrə digər şəxslərə iclasdan və ya müşavirədən sonra 2 iş günü müddətində göndərilir.
4.5. Bu Qaydada nəzərdə tutulan digər məsələlərə dair tapşırıqların icra müddəti bu Qaydanın 5-ci hissəsi ilə müəyyən olunur.
5.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası Prezidentinin aktlarında Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli, habelə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırıqların icrasının təşkili, həmçinin Nazirlər Kabinetinin aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğunlaşdırılması məqsədilə Nazirlər Kabineti aktlar qəbul edir, həmçinin Baş nazir və onun müavinləri Nazirlər Kabinetinin digər üzvlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin rəhbərlərinə tapşırıqlar verirlər.
5.2. Bu Qaydanın 5.1-ci bəndində müəyyən edilən hallarda, habelə Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarının protokollarında, həmçinin Baş nazirin və onun müavinlərinin keçirdikləri müşavirələrin protokollarında və dərkənarlarında tapşırıqlar verildikdə, əsas icraçı müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan mərkəzi icra hakimiyyəti orqanı (orqanları), yerli icra hakimiyyəti orqanı (orqanları), dövlətin hüquqi şəxsi (şəxsləri) göstərilməlidir. Verilmiş tapşırıqda əsas icraçı kimi əsasnaməsinə və ya nizamnaməsinə uyğun olaraq müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı (orqanları), yerli icra hakimiyyəti orqanı (orqanları) və ya dövlətin hüquqi şəxsi (şəxsləri) müəyyən olunmalıdır.
5.3. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubu ilə Nazirlər Kabinetinə daxil olan sənədlərə (bu Qaydanın 5.3-1-ci bəndi nəzərə alınmaqla), məktubda başqa müddət nəzərdə tutulmadıqda, bir ay müddətində Nazirlər Kabinetində baxılmalıdır.
5.3-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi ilə bağlı göndərilən təklifə, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsinə ən geci 3 (üç) ay müddətində, əlavə araşdırma tələb olunduqda isə 6 (altı) aydan gec olmayaraq baxılmalıdır (münasibət bildirilməlidir). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubunda normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi, habelə normativ hüquqi akt layihəsinə baxılması (münasibət bildirilməsi) üçün daha qısa müddət müəyyən edilə bilər.
5.3-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə icra hakimiyyəti orqanlarının təsdiq edilmiş (qüvvəyə minmiş) normativ hüquqi aktlarının təkmilləşdirilməsi, aşkar edilmiş boşluqların, ziddiyyətlərin və digər nöqsanların aradan qaldırılması ilə bağlı göndərilən təkliflər nəzərə alınmalı və ən geci 1 (bir) ay müddətində müvafiq normativ hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı tədbirlər görülməli, nəticəsinə dair məlumat, təkliflərin nəzərə alınması mümkün olmadıqda isə bu barədə əsaslandırılmış cavab məktubu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
5.4. Tapşırıqların icraçılara çatdırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən 2 iş günü müddətində, operativ məsələlərə dair Baş nazirin qəbul etdiyi qərarlar və ya onun dərkənarları, habelə “təcili” və “qısa müddətdə” göstərişi ilə verilən tapşırıqlar isə imzalandığı gündən etibarən 12 saatdan gec olmamaq şərtilə təxirəsalınmadan təmin olunur.
5.5. Nazirlər Kabinetinin aktlarında verilən tapşırıqlar icraçılara onlara aktın nüsxəsi göndərilməklə çatdırılır.
5.6. Nazirlər Kabinetinin iclaslarının protokollarında verilən tapşırıqlar icraçılara onlara iclas protokolundan çıxarış göndərilməklə çatdırılır.
5.7. Baş nazirin və onun müavinlərinin keçirdikləri müşavirələrin protokollarında verilən tapşırıqlar icraçılara onlara müşavirə protokolu və ya ondan çıxarış göndərilməklə çatdırılır. Baş nazir və onun müavinləri tərəfindən baxılan sənədlər üzrə tapşırıqlar icraçılara tərtib edilmiş dərkənar onlara göndərilməklə çatdırılır.
5.8. Tapşırığın icra müddəti təqvim günü ilə və ya dövrlə müəyyən olunur. Tapşırığın icra müddəti dövrlə müəyyən olunduqda, onun icrasının başlanma tarixi imzalandığı gündən hesablanır.
5.9. Normativ hüquqi aktların layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, “təcili” göstərişi ilə verilən tapşırıq 3 iş günü, “qısa müddətdə” göstərişi ilə verilən tapşırıq isə 7 iş günü müddətində icra olunmalıdır. “Təcili” və ya “qısa müddətdə” göstərişi ilə verilmiş tapşırıqlarda təkliflərin razılaşdırılması nəzərdə tutula bilməz. Tapşırığın icra müddəti göstərilmədikdə o, tapşırığın (qərarın) imzalanması tarixindən etibarən bir ay müddətində (növbəti ayın müvafiq gününə qədər, növbəti ayda həmin gün olmadıqda isə ayın son gününə qədər) icra olunmalıdır. Tapşırığın icra müddətinin son günü qeyri-iş gününə təsadüf etdikdə, icra müddətinin son günü növbəti iş günü hesab olunur.
5.10. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən uzadılmanın səbəbləri və mümkün icra tarixi göstərilməklə, müddətin uzadılması haqqında Nazirlər Kabinetinə təklif verməlidir. Belə təklif tapşırığın (qərarın) icrasının başa çatma tarixindən azı 7 iş günü əvvəl təqdim olunmalıdır. “Təcili” və ya “qısa müddətdə” göstərişi ilə verilmiş tapşırıqların icra müddəti uzadılmır.
5.11. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq bir neçə mərkəzi icra hakimiyyəti orqanına, yerli icra hakimiyyəti orqanına, dövlətin hüquqi şəxsinə verildikdə, tapşırıqda birinci göstərilmiş və ya “çağırış” sözü ilə ifadə olunmuş orqanın (qurumun) rəhbəri tapşırığın əsas icraçısı hesab edilir. Birgə icraçılar təkliflərini əsas icraçıya tapşırığın icrasına ayrılmış müddətin birinci yarısında təqdim etməlidirlər.
5.12. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası ilə bağlı Baş Nazir və ya onun müavinləri tərəfindən müəyyən edilən əsas icraçı hazırladığı təklifləri həmin tapşırığın icrası məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi aktlarda, habelə Baş Nazir və ya onun müavinlərinin müəyyən etdiyi icra müddətində Baş Nazirə və ya onun müavinlərinə təqdim edir.
5.13. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq müəyyən olunmuş müddətdə icra olunmadıqda, tapşırığın icraçısı tapşırığın icrası üçün verilmiş müddət bitdikdən sonra 3 iş günü müddətində müvafiq olaraq tapşırığı vermiş Azərbaycan Respublikasının Prezidentinə, Baş nazirə və ya onun müavinlərinə tapşırığın icrasının vəziyyəti və onun müəyyən olunmuş müddətdə icra olunmamasının səbəbləri haqqında arayış təqdim edir.
5.14. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın icra müddətinin ilk üçdə bir hissəsi ərzində (bu Qaydanın 5.15-ci bəndi nəzərə alınmaqla) əsas icraçı tərəfindən müvafiq normativ hüquqi akt layihəsi hazırlanmalı və razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilməlidir. Tapşırığın icra müddətinin qalan hissəsində normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla razılaşdırılmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır.
5.15. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən bunun səbəbləri və tapşırığın icra tarixini göstərməklə, yuxarı dövlət orqanına tapşırığın icrasının başaçatma tarixindən azı 7 (yeddi) iş günü əvvəl məlumat verməlidir.
6.1. Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
6.2. Nazirlər Kabinetinin aktları Baş nazir (bu Qaydanın 1.5-ci bəndi nəzərə alınmaqla) tərəfindən imzalanır.
6.3. Nazirlər Kabinetində hüquqi aktların layihələrinin hazırlanması, təqdim edilməsi, baxılması və Nazirlər Kabinetinin aktlarının qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi zamanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın, habelə Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsinə dair Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaların tələbləri nəzərə alınır.
6.4. Mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinin razılaşdırılması həyata keçirildiyi zaman layihəyə və ya onun ayrıca struktur elementinə dair icraçılar arasında fikir ayrılıqları olduqda, digər dövlət orqanları (qurumları) tərəfindən vizalanmış layihə, ona razılıq verməyən icraçıların rəylərini əks etdirən iclas protokolu və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.2-ci maddəsində göstərilənlər əlavə olunmaqla əsas icraçı tərəfindən Baş nazirə təqdim edilir. Bu qaydaya əməl edilmədən təqdim olunan sənədlər əsas icraçıya geri qaytarılır.
6.5. Həmin layihə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə onun müavini və ya Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparılır və nəticələr protokollaşdırılır.
6.6. Bu Qaydanın 6.5-ci bəndinə uyğun aparılan müzakirə nəticəsində layihəni razılaşdırmaq mümkün olmadıqda, bu barədə Baş Nazirin müavini və ya Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən Baş nazirə məlumat verilir.
6.7. Müzakirə nəticəsində qarşılıqlı həlli tapılmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair Baş nazir aşağıdakı tədbirlərdən birini görür:
6.7.1. razılığın əldə edilməməsi normativ hüquqi akt layihəsinin və ya onun ayrıca struktur elementinin qəbul edilməsinin məqsədəuyğunluğu ilə bağlıdırsa, layihəyə və ya onun ayrıca struktur elementinə dair öz qərarını həyata keçirir;
6.7.2. razılığın əldə edilməməsi qüvvədə olan normativ hüquqi aktların tələbləri ilə əlaqədardırsa, həmin tələblərə əsaslanaraq qərar qəbul edir.
7.1. Əlaqələndirici orqan olan komissiyalar və təşkilat komitələri müəyyən tapşırıqların yerinə yetirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin işini əlaqələndirmək məqsədi ilə yaradılır.
7.2. Məşvərətçi orqan olan şuralar konkret sahənin araşdırılması və təhlili, habelə inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədi ilə yaradılır.
7.3. Əlaqələndirici və məşvərətçi orqanlar təmsilçilik əsasında yaradılır. Əlaqələndirici və məşvərətçi orqanların tərkibinə, baxılan məsələlərdən asılı olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və (və ya) dövlətin hüquqi şəxslərinin nümayəndələri daxil edilir. Əlaqələndirici və məşvərətçi orqanların fəaliyyətinə yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər qurumların nümayəndələri də cəlb edilə bilər.
7.4. Əlaqələndirici və məşvərətçi orqanların qərarları ilə onların tərkibində işçi qruplar yaradıla bilər.
7.5. Əlaqələndirici və məşvərətçi orqanların qərarları iclas protokolları ilə rəsmiləşdirilir.
7.6. Əlaqələndirici və məşvərətçi orqanların fəaliyyəti əsasnamələri ilə tənzimlənir.
8.1. Nazirlər Kabineti hər il martın 31-dək Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasında öz fəaliyyəti haqqında hesabat verir.
8.2. Hesabatın layihəsinin hazırlanması üçün Baş nazir aidiyyəti üzrə Nazirlər Kabinetinin üzvlərinə tapşırıqlar verir.
8.3. Nazirlər Kabinetinin üzvləri aidiyyəti üzrə hesabatın layihəsini hazırlayaraq Baş nazirə təqdim etməlidirlər.
8.4. Nazirlər Kabinetinin üzvlərindən daxil olmuş layihələr baxılmaq və ümumiləşdirilmək üçün Baş nazirin müavinlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə və Aparatın müvafiq struktur bölmələrinə göndərilir.
8.5. Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabatını Baş nazir və ya onun birinci müavini, Azərbaycan Respublikası Prezidentinin tapşırığı olduqda isə Nazirlər Kabinetinin müvafiq üzvü verir.
9.1. Azərbaycan Respublikasının Milli Məclisi Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi Baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
9.2. Azərbaycan Respublikası Milli Məclisinin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanır. Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün Baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edirlər.
11.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1–8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həllinə dair Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
11.2. Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
11.3. Bu Qaydanın 11.1-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş sorğular Baş nazirin və ya onun müavinlərinin tapşırığı ilə Nazirlər Kabinetinin Aparatı və ya sorğu təşəbbüsü ilə çıxış edən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
11.4. Bu Qaydanın 11.1-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş sorğular Baş nazir tərəfindən verilə bilər.
12.1. Nazirlər Kabineti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vətəndaşların müraciətlərinə baxılmasını, onlara dair qərarların qəbul edilməsini və cavablandırılmasını, həmçinin vətəndaşların qəbulunu təmin edir.
12.2. Nazirlər Kabinetinin üzvləri tərəfindən vətəndaşların qəbulu Baş nazir tərəfindən hər ay təsdiq olunan qrafik üzrə aparılır.
12.3. Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olan müraciətlər ilə iş Nazirlər Kabinetinin Aparatı tərəfindən aparılır.
1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) Aparatı ali kateqoriya dövlət orqanıdır.
1.2. Nazirlər Kabinetinin Aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir.
1.4. Nazirlər Kabineti Aparatının müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Nazirlər Kabineti Aparatının saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Nazirlər Kabineti Aparatının fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə həvalə olunmuş səlahiyyətlərin (bundan sonra – Nazirlər Kabinetinin səlahiyyətləri) Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının vəzifələri aşağıdakılardır:
3.0.1. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarını (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti orqanlarını, həmçinin Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxsləri və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsləri (bundan sonra – dövlətin hüquqi şəxsləri) cəlb etməklə tədbirlər görmək;
3.0.2. Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Baş nazirinin (bundan sonra – Baş nazir) və onun müavinlərinin fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki təminatını həyata keçirmək;
3.0.3. Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təmin etmək;
3.0.4. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, habelə Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıq və göstərişlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının layihələrini, həmçinin barəsində müvafiq aktların qəbul edilməsi tələb olunmayan məsələlərlə bağlı təklifləri hazırlamaq və Baş nazirə təqdim etmək;
3.0.4-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğunlaşdırılmasını təmin etmək;
3.0.5. Nazirlər Kabineti Aparatının rəhbərinin tapşırığı ilə onun əmr və sərəncamlarının layihələrini hazırlamaq;
3.0.6. Baş nazirin və onun müavinlərinin tapşırıqlarını hazırlamaq;
3.0.7. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin, habelə Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil etmək;
3.0.8. Nazirlər Kabinetinin aktlarını, Nazirlər Kabinetinin iclasının, Baş nazirin və onun müavinlərinin sədrlik etdikləri əlaqələndirici və məşvərətçi orqanların (bundan sonra – əlaqələndirici və məşvərətçi orqanlar) iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokollarını, habelə Baş nazirin və onun müavinlərinin dərkənarlarını və ya onların imzaladığı digər sənədləri rəsmiləşdirmək;
3.0.9. Nazirlər Kabinetində baxılmış məsələlər haqqında məlumatları Nazirlər Kabinetinin aktlarına, Baş nazirin və ya onun müavinlərinin göstərişlərinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, habelə müraciət (sorğu) etmiş şəxslərə göndərmək;
3.0.10. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Baş nazirə təqdim olunan təkliflərə baxaraq, onları ümumiləşdirmək və Baş nazirə təqdim etmək;
3.0.11. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Nazirlər Kabinetində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflərə baxılarkən Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını nəzərə almaq;
3.0.12. Nazirlər Kabineti iclasının Baş nazir tərəfindən bəyənilmiş gündəliyinin layihəsini və müvafiq materialları iclasın keçiriləcəyi tarixdən azı 5 iş günü əvvəldən iclasda iştirak edəcək Nazirlər Kabinetinin üzvlərinə, habelə Nazirlər Kabinetinin iclasında iştirak edəcək digər şəxslərə göndərmək;
3.0.13. Nazirlər Kabinetinin iclaslarında iştirak edən şəxslərin qeydiyyatının aparılmasını təmin etmək;
3.0.14. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavabların layihələrini hazırlamaq;
3.0.15. Baş nazirin və ya onun müavinlərinin tapşırığı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğular hazırlamaq;
3.0.16. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatı rəhbərinin tapşırıqlarının mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti təşkil və təmin etmək;
3.0.17. Nazirlər Kabineti qərarlarının layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş məcburi ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin etmək;
3.0.18. qanunvericilik təşəbbüsü hüququna malik subyektlərdən daxil olan qanun layihələrinə baxmaq və onlara dair rəy (maliyyə, hüquqi, iqtisadi, ekoloji və s.) hazırlanmasını təmin etmək;
3.0.19. Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, Baş nazir və onun müavinlərinin rəhbərliyi ilə keçirilən tədbirlərin, habelə Nazirlər Kabinetinin Aparatında təşkil edilən digər görüş və müşavirələrin hazırlanmasını və maddi-texniki təchizatını təmin etmək, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlamaq;
3.0.20. Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin çıxışlarını və məruzələrini hazırlamaq;
3.0.21. Baş nazirin və onun müavinlərinin səfərlərini, habelə onların iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını təşkil etmək;
3.0.22. bu Əsasnamənin 3.0.22-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Baş nazirin və onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə və məsləhətləşmələr keçirmək;
3.0.22-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə onun müavini və ya Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparmaq və nəticələrini protokollaşdırmaq;
3.0.23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarına, digər hərəkətlərinə (hərəkətsizliyinə) münasibətdə yuxarı inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;
3.0.24. “Normativ hüquqi aktlar” informasiya sisteminin və Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin iştirakçısı kimi müvafiq tədbirlər həyata keçirmək;
3.0.25. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması və təsdiq olunması üçün tədbirlər görmək;
3.0.26. Nazirlər Kabinetinin normativ hüquqi aktlarını rəsmi şərh etmək;
3.0.27. əlaqələndirici və məşvərətçi orqanların işini təşkil etmək;
3.0.28. mərkəzi icra hakimiyyəti orqanlarından, yerli icra hakimiyyəti orqanlarından, dövlətin hüquqi şəxslərindən, habelə yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri təhlil edib ümumiləşdirərək, Baş nazirə və onun müavinlərinə təqdim etmək;
3.0.29. Nazirlər Kabinetinin qərarlarının rəsmi dərcini təmin etmək;
3.0.30. Nazirlər Kabinetinin aktlarının nüsxələrinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə, habelə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün tədbirlər görmək;
3.0.31. Azərbaycan Respublikası qanunlarının icrasının təmin edilməsi ilə bağlı qəbul edilən Nazirlər Kabineti qərarlarının nüsxələrinin Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərilməsi üçün tədbirlər görmək;
3.0.32. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının (mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları istisna olmaqla), Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının və Nazirlər Kabinetinin sərəncamlarının nəzarət nüsxələri ilə iş aparmaq;
3.0.33. Nazirlər Kabinetinin iclaslarında baxılmış (baxılacaq) məsələlər və materiallar haqqında və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında, habelə Baş nazirin, onun müavinlərinin və Nazirlər Kabineti Aparatının fəaliyyəti haqqında məlumatlandırmanı, internet saytının və sosial şəbəkələrdəki səhifələrinin yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda və sosial şəbəkələrdəki səhifələrdə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.34. Nazirlər Kabinetinin iclaslarında baxılmış məsələlərə dair Nazirlər Kabineti üzvlərinin mətbuat konfranslarını (brifinqlərini) təşkil etmək;
3.0.35. Nazirlər Kabineti iclaslarının stenoqrafik, audio və videoyazılışını təmin etmək;
3.0.36. Nazirlər Kabineti Aparatının əməkdaşlarını kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.37. Nazirlər Kabinetinin Aparatında kargüzarlığı təşkil etmək, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq;
3.0.38. vətəndaşlardan, habelə vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən və hüquqi şəxslərdən daxil olmuş müraciətləri (sorğuları) təhlil etmək və onlara baxılmanı təmin etmək, fiziki şəxslərin qəbulunu həyata keçirmək;
3.0.40. bu Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.0. Nazirlər Kabineti Aparatının öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər vermək;
4.0.2. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair təklifləri hər il noyabr ayının 1-dək Baş nazirə təqdim etmək;
4.0.3. müvafiq hüquqi aktların layihələrini, habelə barəsində müvafiq aktların qəbul edilməsi tələb olunmayan məsələlərə dair təkliflər hazırlamaq və aidiyyəti subyektlərlə razılaşdırmaq, habelə onların hazırlanmasında iştirak etmək;
4.0.4. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları Baş nazirə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə təqdim etmək;
4.0.5. Baş Nazirin razılığı və ya tapşırığı ilə qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət orqanları ilə əməkdaşlıq etmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;
4.0.6. beynəlxalq, ölkə və ya region miqyaslı tədbirlərdə iştirak etmək;
4.0.7. hər hansı məsələnin araşdırılması və ya həlli üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri cəlb etməklə işçi qruplar yaratmaq;
4.0.8. mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, yerli özünüidarəetmə orqanlarına, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.9. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
4.0.10. mərkəzi icra hakimiyyəti orqanlarının kollegiya iclaslarında iştirak etmək;
4.0.11. Nazirlər Kabineti Aparatının əməkdaşlarının maddi təminatının, əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların təltif edilməsi barədə Baş nazirə təkliflər vermək;
4.0.12. bu Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5.1. Nazirlər Kabinetinin Aparatı bilavasitə Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə tabedir.
5.2. Nazirlər Kabineti Aparatının strukturunu və işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
5.3. Nazirlər Kabinetinin Aparatına ümumi rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri həyata keçirir.
5.4. Nazirlər Kabineti Aparatının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Nazirlər Kabineti Aparatının inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Baş nazir tərəfindən həyata keçirilir.
5.6. Nazirlər Kabineti Aparatının rəhbəri Baş nazirə və onun müavinlərinə tabedir.
5.7. Nazirlər Kabineti Aparatının rəhbəri bu Əsasnamə ilə Nazirlər Kabinetinin Aparatına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.8. Nazirlər Kabineti Aparatının rəhbərinin iki müavini vardır. Nazirlər Kabineti Aparatının rəhbərinin müavinləri Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən onlara həvalə olunmuş vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.
5.9. Nazirlər Kabineti Aparatının rəhbəri:
5.9.1. Nazirlər Kabineti Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin müavinlərinin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;
5.9.2. Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, habelə Baş nazirin və onun müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkilini təmin edir;
5.9.3. Nazirlər Kabineti Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün Baş nazirə təqdim edir;
5.9.4. Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının ünvanına daxil olmuş sənədləri və müraciətləri baxılmaq üçün Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinə (bölmələrinə) göndərir;
5.9.5. hüquqi aktların layihələrini razılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə göndərmək üçün Baş nazirə müraciət edir, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihələrini baxılması (münasibət bildirilməsi) üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərir;
5.9.6. Nazirlər Kabineti Aparatının strukturu və işçilərinin say həddi barədə Baş nazirə təkliflər verir;
5.9.7. Nazirlər Kabineti Aparatının müəyyən edilmiş strukturu və işçilərinin say həddi daxilində Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini təsdiq olunmaq üçün Baş nazirə təqdim edir, təsdiq edilmiş ştat cədvəli və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
5.9.8. Nazirlər Kabinetinin Aparatını təmsil edir;
5.9.9. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin, habelə, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;
5.9.10. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının icrasını təmin edir;
5.9.11. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır;
5.9.12. Nazirlər Kabineti Aparatının struktur bölmələri tərəfindən Baş Nazirə və onun müavinlərinə təqdim edilən hüquqi aktların layihələrinə və digər sənədlərə viza verir;
5.9.13. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının rəsmi şərhini təşkil edir;
5.9.14. əlaqələndirici və məşvərətçi orqanların işinin təşkilini təmin edir;
5.9.15. bu Əsasnamənin 5.9.15-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Baş Nazirin tapşırığı, habelə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin müraciətləri əsasında mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, dövlətin hüquqi şəxslərinin, habelə digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin) və ya nümayəndələrinin iştirakı ilə müzakirə aparır;
5.9.15-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparır;
5.9.16. Baş nazir tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin həvəsləndirilməsi və intizam tənbehi barədə Baş nazirə təkliflər verir;
5.9.17. Nazirlər Kabineti Aparatının fəaliyyətinə dair əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.9.18. Nazirlər Kabineti Aparatının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, habelə işçilərin məzuniyyətləri, ezamiyyətləri və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri həll edir, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;
5.9.19. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında məxfiləşdirilməli məlumatların siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
5.9.20. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;
5.9.21. Nazirlər Kabineti iclasının gündəliyinin layihəsini formalaşdırır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim edir;
5.9.22. Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısını Baş nazirlə razılaşdırmaqla müəyyən edir;
5.9.23. Nazirlər Kabinetinin iclaslarında media nümayəndələrinin iştirakı, video və fotoçəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir;
5.9.24. Nazirlər Kabineti iclaslarının və müşavirələrinin protokollarının Nazirlər Kabinetinin üzvlərinə, habelə digər şəxslərə iclasdan və ya müşavirədən sonra 2 iş günü müddətində göndərilməsini təmin edir;
5.9.25. bu Əsasnamə ilə, Baş nazirin və onun müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.
5.10. Nazirlər Kabineti Aparatının rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, Nazirlər Kabineti Aparatının rəhbərinin səlahiyyətlərini onun müəyyən etdiyi müavini icra edir.
1. 30 aprel 2020-ci il tarixli 1004 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 421)
2. 28 avqust 2020-ci il tarixli 1147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 03 sentyabr 2020-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1050)
3. 20 may 2024-cü il tarixli 64 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 may 2024-cü il, “Xalq” qəzeti, 21 may 2024-cü il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 516)
4. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
5. 17 iyun 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Xalq” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 550)
6. 18 dekabr 2025-ci il tarixli 555 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 dekabr 2025-ci il, “Xalq” qəzeti, 19 dekabr 2025-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, I kitab, maddə 1146)