"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 oktyabr tarixli 639 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun nümunəsini bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2007-ci il
1. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (bundan sonra - fəxri diplom) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 oktyabr tarixli 639 nömrəli Fərmanı ilə təsis edilmişdir.
2. Fəxri diplom Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında mədəniyyət, incəsənət, ədəbiyyat, elm, təhsil, səhiyyə, jurnalistika, bədən tərbiyəsi və idman, dövlət qulluğu, hüquq, ictimai-siyasi, iqtisadi, beynəlxalq əlaqələr və digər sahələrdə yüksək nailiyyətlər qazanmış Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə kollektivlərə onların əməyinin qiymətləndirilməsi məqsədilə verilir.
3. Bu Əsasnamənin 2-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri diplom eyni şəxsə (kollektivə) təkrar verilmir.
4. Bu Əsasnamənin 2-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı yüksək nailiyyətlərə görə fəxri diplom almış şəxsə (kollektivə) həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri diplom verilə bilər.
5. Bu Əsasnamənin 2-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı yüksək nailiyyətlərə görə fəxri diplom almış şəxsə (kollektivə) həmin sahədə qazandığı yeni nailiyyətlərə görə yenidən fəxri diplom verilə bilər.
6. Fəxri diplomun verilməsi haqqında ilkin vəsatət, bir qayda olaraq, fəxri diploma təqdim edilən şəxsin işlədiyi və fəxri diploma təqdim edilən kollektivin tabe olduğu qurumda qaldırılır.
7. Fəxri diplom Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə, habelə Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası məhkəmələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və digər orqanların (təşkilatların) fəxri diploma təqdim edilən şəxs (kollektiv) barədə təqdimatı əsasında verilə bilər.
8. Fəxri diploma təqdim edilən şəxs (kollektiv) barədə təqdimata həmin şəxsin (kollektivin) müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə arayış əlavə olunmalıdır.
9. Fəxri diplomda şəxsin (kollektivin) fəxri diplomun verilməsinə əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.
10. Fəxri diplom Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi digər şəxslər tərəfindən təntənəli və geniş aşkarlıq şəraitində təqdim edilir.
11. Fəxri diplom Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, habelə bu Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş orqanlarda (təşkilatlarda), fəxri diplom verilən şəxslərin işlədikləri əmək kollektivlərində, müxtəlif müşavirələrdə, toplantılarda və digər yığıncaqlarda təqdim edilir.
12. Fəxri diplomun təqdim edilməsi fəxri diplom verilən şəxs və ya kollektivin üzvləri tərəfindən imzalanan və fəxri diplomu təqdimetməni həyata keçirən orqanın (təşkilatın) möhürü vurulan protokolla rəsmiləşdirilir. Protokol Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.
13. Fəxri diplom almış şəxs vəfat etdikdə, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə fəxri diplom həmin şəxsin ailəsinə və ya yaxın qohumlarına təqdim edilir.
14. Fəxri diplom almış şəxs vəfat etdikdə vərəsələrinin razılığı ilə onun fəxri diplomu saxlanmaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.
15. Fəxri diplom almış kollektiv üzvlərinin razılığı ilə fəxri diplom saxlanmaq üçün kollektivin tabe olduğu quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.
16. Fəxri diplom itirildikdə, bir qayda olaraq, onun dublikatı verilmir. Fəxri diplom fövqəladə vəziyyət hallarında və ya fəxri diplom almış şəxs (kollektiv) onun itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə onun dublikatı verilə bilər.
17. Fəxri diplom almış şəxs fəxri diplomdan yalnız aşağıdakı hallarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilə bilər:
17.1. fəxri diplom almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda - həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;
17.2. fəxri diplom almış şəxs (kollektiv) fəxri diplomla bir araya sığmayan hərəkət etdikdə - fəxri diplomun verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın (təşkilatın) təqdimatına əsasən.
18. Fəxri diplom almış kollektiv üzvü tərəfindən bu Əsasnamənin 17-ci bəndində nəzərdə tutulmuş hallara yol verilməsi həmin kollektivin fəxri diplomdan məhrum edilməsinə əsas vermir.
19. Fəxri diplomdan məhrum edilmiş şəxsdə olan həmin fəxri diplom Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına qaytarılmalıdır.
20. Dövlət orqanları, ictimai və digər təşkilatlar, əmək kollektivləri fəxri diplom almış şəxslərin (kollektivlərin) nailiyyətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları diplom almış şəxslərin nailiyyətlərinə ehtiram ruhunda tərbiyə edirlər.