Qanunvericilik › “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2024) › Tam mətn

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2024)

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 811 (Cild I) ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 dekabr 2024-cü il

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 39.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərin edilməsinə, sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən müəyyən ərazidə, yaxud dövrdə digər bazar subyektinin müvəqqəti fəaliyyət göstərməsinə razılıq alınması üçün müraciətin edilməsi, bununla əlaqədar tələb olunan sənəd və məlumatın təqdim edilməsi, müraciətə baxılması, razılıq verilməsi və ya imtina edilməsi ardıcıllığını müəyyən edir.

1.2. Bu Qaydanın tətbiq edilməsində məqsəd müştərilərin mənafeyinə xələl gətirə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin (hərəkətsizliyin) qarşısının alınması və ya aradan qaldırılması, təbii inhisar subyektləri ilə müştərilərin mənafelərinin tarazlaşdırılmasını təmin etməkdir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2.1. Təbii inhisar subyektləri Məcəllənin 36.4-cü və 39.2-ci maddələrində qeyd edilən hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına yazılı və ya elektron qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq ərizə ilə müraciət etməlidirlər.

2.2. Məcəllənin 36.4-cü maddəsi üzrə ərizəyə aşağıdakı sənəd və məlumatlar əlavə edilməlidir:

2.2.1. təbii inhisar subyektinin sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən müəyyən ərazidə, yaxud dövrdə fəaliyyət göstərməsinə mane olan halların və bu fəaliyyətin digər bazar subyekti tərəfindən həyata keçirilməsi zərurətinin əsaslandırılması, habelə maliyyə-iqtisadi əsaslandırılması;

2.2.2. sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən müəyyən ərazidə, yaxud müəyyən dövrdə fəaliyyətin həyata keçirilməsi təklif olunan ərazi (coğrafi sərhədləri göstərilməklə) və (və ya) dövr (başlama və bitmə tarixləri göstərilməklə) barədə məlumat;

2.2.3. sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən müəyyən ərazidə, yaxud müəyyən dövrdə fəaliyyətin müvəqqəti həyata keçirilməsi təklif olunan digər bazar subyekti barədə məlumatlar (hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti, habelə təbii inhisar subyektinin zəruri hesab etdiyi digər məlumatlar);

2.2.4. sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən müəyyən ərazidə, yaxud müəyyən dövrdə fəaliyyətin digər bazar subyekti tərəfindən müvəqqəti həyata keçirilməsinə dair təbii inhisar subyektinin bazar subyekti ilə bağlanılmasını təklif etdiyi müqavilənin layihəsi;

2.2.5. bu hərəkətin həyata keçirilməsinin mövcud qiymətlərə, müştərilərin qanuni mənafelərinə, digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə, yaxud azad sahibkarlıq mühitinə mümkün təsirləri barədə məlumat.

2.3. Məcəllənin 39.2.1-ci maddəsi üzrə ərizəyə aşağıdakı sənəd və məlumatlar əlavə edilməlidir:

2.3.1. rəqabət qanunvericiliyinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müştərilərə münasibətdə tətbiq edilən hüquqi aktlar (qərar, qayda, tələbnamə, reqlament, əmr, göstərişlərin və s.) və müqavilənin layihəsi;

2.3.2. müvafiq hərəkətin həyata keçirilməsi zərurətinin əsaslandırılması, habelə maliyyə-iqtisadi əsaslandırma;

2.3.3. müvafiq hərəkətin həyata keçirilməsinin mövcud qiymətlərə, müştərilərin qanuni mənafelərinə, digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə, yaxud azad sahibkarlıq mühitinə mümkün təsirləri barədə məlumat.

2.4. Məcəllənin 39.2.2-39.2.4-cü maddələri üzrə ərizəyə aşağıdakı sənəd və məlumatlar əlavə edilməlidir:

2.4.1. əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi ilə əlaqədar təsərrüfat müqaviləsinin layihəsi;

2.4.2. əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər nəticəsində təbii inhisar subyektlərinin mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi ilə əlaqədar müqavilənin layihəsi;

2.4.3. əsas vəsaitlərin müştərilərə satışı, habelə lizinq və ya uzunmüddətli öhdəliklər əsasında verilməsi ilə bağlı müqavilənin layihəsi;

2.4.4. nəzərdə tutulan əsas vəsaitlərin adlı siyahısı, habelə onların dəyəri barədə təsdiqedici sənəd (kənar auditor tərəfindən təsdiq edilən maliyyə hesabatının və ya müstəqil auditor rəyinin, yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının surəti);

2.4.5. təbii inhisar subyektinin cari ilin əvvəlindəki balansına uyğun olaraq aktivlərinin balans dəyəri barədə təsdiqedici sənəd (kənar auditor tərəfindən təsdiq edilən maliyyə hesabatının və ya müstəqil auditor rəyinin, yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının surəti);

2.4.6. müvafiq hərəkətin həyata keçirilməsi zərurətinin əsaslandırılması, habelə maliyyə-iqtisadi əsaslandırma.

2.5. Məcəllənin 39.2.5-ci maddəsi üzrə ərizəyə aşağıdakı sənəd və məlumatları əlavə edilməlidir:

2.5.1. təbii inhisar fəaliyyəti sahələri aid edilməyən fəaliyyət sahələri üzrə investisiya layihələri və ya yeni başlanılan fəaliyyət sahələri üzrə sənəd və (və ya) məlumatlar;

2.5.2. müvafiq hərəkətin həyata keçirilməsi zərurətinin əsaslandırılması, habelə maliyyə-iqtisadi əsaslandırma;

2.5.3.müvafiq hərəkətin həyata keçirilməsinin mövcud qiymətlərə, müştərilərin qanuni mənafelərinə, digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə, yaxud azad sahibkarlıq mühitinə mümkün təsirləri barədə məlumat.

2.6. Məcəllənin 39.2.6-cı maddəsi üzrə ərizəyə aşağıdakı sənəd və məlumatlar əlavə edilməlidir:

2.6.1. təbii inhisar subyektlərinin yenidən təşkili, ləğvi və ya təbii inhisar fəaliyyəti üzrə səlahiyyətlərinin (səlahiyyətlərinin bir hissəsinin) təsisçisi olduğu hüquqi şəxsə ötürməsinə dair sənəd və (və ya) məlumatlar;

2.6.2. müvafiq hərəkətin həyata keçirilməsi zərurətinin əsaslandırılması, habelə maliyyə-iqtisadi əsaslandırma.

2.7. Təbii inhisar subyektlərinin müraciətinə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təbii inhisar subyektlərindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təbii inhisar subyektlərinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təbii inhisar subyektləri tərəfindən təmin edilir.

3.1. Təbii inhisar subyektləri tərəfindən razılıq alınması üçün rəqabət orqanına yazılı və ya elektron qaydada daxil olan müraciətlər həmin gün qeydiyyata alınır.

3.2. Razılıq alınması ilə bağlı daxil olmuş müraciətlə təqdim edilən sənəd və məlumatların araşdırılması zamanı aşağıdakı məsələlərə baxılır və araşdırılır:

3.2.1. bu hərəkətin həyata keçirilməsinin təbii inhisar subyektinin ümumi fəaliyyətinə və maliyyə vəziyyətinə mümkün təsirləri;

3.2.2. son 3 (üç) il ərzində təbii inhisar subyektinə məxsus əsas vəsaitlərin və balansına uyğun olaraq aktivlərinin hərəkəti;

3.2.3. təbii inhisar fəaliyyət sahələrinə aid edilməyən fəaliyyət sahələri üzrə investisiya layihələrinin və ya yeni fəaliyyət sahələrinə başlanılmasının əsaslandırılması;

3.2.4. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinin istehsal olunan məhsulun qiymətinə təsiri;

3.2.5. razılığın verilməsi üçün müraciət olunan hərəkətlərin müştərilərlə bağlanılmış müqavilələrə təsiri;

3.2.6. razılığın verilməsi üçün müraciət olunan hərəkətlərin müvafiq bazarda rəqabət mühitinə, habelə digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə, yaxud azad sahibkarlıq mühitinə təsiri;

3.2.7. qiymətləri tənzimlənən məhsulun satılması üçün istifadə olunan texnoloji sistemə və ya qiymətləri tənzimlənən məhsulun keyfiyyətinə təsiri;

3.2.8. təbii inhisar subyektinin imkan və resurslarının müştərilərin məhsul üzrə ehtiyacının tam həcmdə ödənilməsinə təsiri.

3.3. Müvafiq hərəkətlərin edilməsinə razılıq verilməsi məqsədilə aparılan araşdırma zamanı rəqabət orqanı aidiyyəti orqanların, habelə müvafiq sahədə tənzimləyici subyektlərin rəyini ala bilər.

3.4. Araşdırma zamanı təqdim edilmiş sənəd və məlumatlarda çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə, yaxud əlavə sənəd və məlumatların təqdim edilməsi zərurəti yarandıqda bu barədə müraciətin daxil olduğu gündən 10 (on) iş günündən (bu Qaydanın 2.2-ci bəndinə münasibətdə 5 (beş) iş günündən) gec olmayaraq təbii inhisar subyektinə əsaslandırılmış bildiriş göndərilir.

3.5. Bildirişdə sənəd və məlumatlarda olan çatışmazlıqlar və uyğunsuzluqlar, yaxud tələb olunan əlavə sənəd və məlumatlar dəqiq göstərilir, çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılması, yaxud əlavə sənədlərin təqdim edilməsi üçün 5 (beş) iş günündən gec olmayan müddət təyin edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah edilir.

3.6. Rəqabət orqanı müraciət daxil olduğu gündən 30 (otuz) iş günü (bu Qaydanın 2.2-ci bəndinə münasibətdə 10 (on) iş günü) müddətində razılıq verilməsi və ya razılıq verilməsindən imtina edilməsi barədə qərar qəbul edir və bununla bağlı təbii inhisar subyektinə məlumat verir.

3.7. Rəqabət orqanı bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan halda müraciətə baxılma müddətini, müraciət edənə məlumat verməklə 30 (otuz) iş günü (bu Qaydanın 2.2-ci bəndinə münasibətdə 10 (on) iş günü) uzatmaq hüququna malikdir.

3.8. Rəqabət orqanı Məcəllənin 39.4-cü maddəsində göstərilən hallarda təbii inhisar subyekti tərəfindən təqdim edilmiş müraciətdə göstərilən hərəkətin (hərəkətlərin) edilməsinə razılıq verilməsindən imtina edir.

4.1. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan Məcəllənin 36.4-cü və 39.2-ci maddələrində göstərilən hərəkətləri həyata keçirməsi yolverilməzdir.

4.2. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan Məcəllənin 36.4-cü və 39.2-ci maddələrində göstərilən hərəkətləri həyata keçirməsi sübut olunduqda, rəqabət orqanı həmin hərəkətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

4.3. Rəqabət orqanı tərəfindən Məcəllənin 36.4-cü və 39.2-ci maddələrində göstərilən hərəkətlərə dair qəbul edilmiş qərarı aidiyyəti orqanlara, habelə müvafiq sahədə tənzimləyici subyektlərə təqdim edilə bilər.

4.4. Müraciətdə göstərilən hərəkətlərə razılıq verilməsindən imtina edildikdə və ya ona baxılma müddəti ərzində cavab verilmədikdə müraciət edən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver