Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 mart 2025-ci il
Bu Sənəd Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 4.4-cü maddəsinə əsasən hazırlanmışdır və Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları müəyyən edir.
2.1. Aşağıdakı hallarda Məcəllənin tələbləri bu Sənədin 3-cü və 4-cü hissələrində nəzərdə tutulan fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir və ya məhdud tətbiq edilir:
2.1.1. Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə;
2.1.2. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə).
3.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan hallarda Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
3.1.1. hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslərin, habelə ailə kəndli təsərrüfatlarının istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
3.1.2. həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti;
3.1.3. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması (sənaye üsulu ilə istehsal istisna olmaqla);
3.1.4. bütün növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi;
3.1.5. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əşyalar.
4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan hallarda aşağıdakı fəaliyyət sahələrinə və məhsullara yalnız Məcəllənin 4-cü, 5-ci, 10-cu, 11-ci və 12-ci fəsillərinin tələbləri tətbiq edilir:
4.1.1. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi sahələri;
4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” ilə müəyyən edilmiş məhsulların idxalı və satışı;
4.1.3. dəfn və qəbiristanlığın mərasim xidmətləri;
4.1.4. “Startap” şəhadətnaməsi almış təsərrüfat subyektlərinin həmin startap üzrə fəaliyyəti;
4.1.5. dövlət büdcəsinin vəsaiti hesabına müdafiə və ya dövlətin təhlükəsizlik ehtiyacları üçün satın alınan məhsullar.
4.2. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan hallarda Məcəllənin 6-cı fəslinin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
4.2.1. aqrar sahədə mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
4.2.2. idman klublarının fəaliyyəti;
4.2.3. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti).