Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2025-ci il
1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra – Agentlik) Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Agentliyin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını yerinə yetirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq borcunu xatırlatmaq üçündür.
2. Agentliyin Döyüş Bayrağı Agentliyin inzibati binasında (Agentlik rəisinin xidməti otağında) Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq daimi yerləşdirilir, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.
3. Agentliyin adının dəyişdirilməsindən asılı olmayaraq, Döyüş Bayrağı Agentlikdə həmişəlik qalır. Agentliyin adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.
4. Döyüş Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə rəsmi tədbirlərdə, “Zəfər Günü”ndə, matəm günləri və matəm mərasimlərində “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qaldırılır (asılır) və endirilir.
5. Agentliyin bütün şəxsi heyəti Döyüş Bayrağını qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.
6. Döyüş Bayrağının qorunmasına Agentliyin rəisi və digər məsul şəxsləri cavabdehdirlər.
1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir (Şəkillər 1, 2).
2. Döyüş Bayrağının qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir, qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanır.
3. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla “AZƏRBAYCAN UĞRUNDA!” şüarı tikilir. Hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir (Şəkil 1).
4. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ipəkdən tikilmiş emblemi (diametri 48 sm) yerləşdirilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri tikilir. Hərflərin eni 125 sm, hündürlüyü 16 sm-dir (Şəkil 2).
5. Döyüş Bayrağının dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Dəstək tünd qızılı boya ilə rənglənir və laklanır. Aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır. Döyüş Bayrağının qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotazları vardır. Qaytanın uzunluğu 270−285 sm-dir.
Şəkil 1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının ön tərəfi
Şəkil 2. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının arxa tərəfi