AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698 nömrəli Fərmanının 13.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Hüquq şöbəsinə (S.Kazımov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Nazirliyin İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu Qərarın çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
4. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Nazir Mikayıl Cabbarov
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 yanvar 2016-cı tarixli, 1/1 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları (bundan sonra - “Qaydalar”) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli 698 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələrinin Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən maliyyələşməsi mexanizmini müəyyənləşdirir.
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Təhsil müəssisəsi - Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri;
2.1.2. Ərazi maliyyə hesablaşma mərkəzi (bundan sonra - “Mərkəz”) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış regional qurum;
2.1.3. Yerli maliyyə orqanı (bundan sonra - “YMO”) - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şəhər (rayon) üzrə maliyyə idarəsi (şöbəsi);
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
3.1. Bu Qaydalarla təsbitlənən maliyyələşmə mexanizmi aşağıdakı kimi müəyyənləşdirilir:
3.1.1. Təhsil müəssisəsi tərəfindən təsdiq olunan ştat, işçilərin işə davamiyyət cədvəlləri və digər sənədlər, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanı (bundan sonra - “YTİO”) ilə razılaşdırılmış tarifləşmə cədvəlləri mərkəzə təqdim edilir.
3.1.2. Kommunal xidmətlər, eləcə də bir sıra digər xərclər (elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər) üzrə bağlanmış müqavilələr YTİO tərəfindən Mərkəzə təqdim edilir.
3.1.3. YTİO-nın tabeliyində olan təhsil müəssisəsinin saxlanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vahid büdcə təsnifatı”nın aşağıda göstərilən xərc maddələri üzrə mal, iş və xidmətlərin (pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər istisna olmaqla) satın alınması Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi (bundan sonra - “ƏTTİ”) tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir:
· 221100 “Dəftərxana və təsərrüfat xərcləri”
· 221200 “Mətbəə xərcləri”
· 221310 “İdarənin xərcləri”
· 221320 “Cari təmir”
· 224700 “Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər”
· 225200 “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması”
· 225300 “Ərzaq məhsullarının alınması”
· 225411 “İnventarın alınması”
· 225412 “Avadanlığın alınması”
· 225413 “Digər alışlar və xidmətlər”
· 226200 “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi”
· 282100 “Sair xərclər”
· 282230 “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri”
· 311220 “Digər maşın və avadanlıqlar”
· 314400 “İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər”
3.1.4. Mərkəzə təqdim edilmiş sənədlər (bu Qaydaların 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində adları göstərilən) baxıldıqdan sonra maliyyə vəsaitinin ayrılması ilə bağlı maliyyə sifarişinin verilməsi barədə Mərkəz tərəfindən YTİO-na bildiriş verilir.
3.1.5. Bildiriş alındıqdan sonra YTİO tərəfindən maliyyələşmənin aparılması barədə maliyyə sifarişi hər ayın 20-dən gec olmayaraq xidmət olunduğu YMO-na təqdim edilir.
3.1.6. YMO tərəfindən maliyyələşməyə razılıq verildikdən sonra YTİO-nın təqdim etdiyi kassa xərclərinin sifarişi, öhdəlik və mal alışı sənədi əsasında vəsaitin Mərkəzin xidmət olunduğu YMO-da aidiyyəti şəhər (rayon) üzrə açılmış tapşırıqlar üzrə xəzinə hesabına köçürülməsi təmin edilir.
3.1.7. Mərkəz tərəfindən ödəniş sənədlərinə əsasən xidmət olunduğu YMO vasitəsilə təhsil müəssisəsi üzrə əməyin ödənişi, kommunal və digər xərclərin vaxtında aparılması, həmçinin bu Qaydaların 3.1.3-cü yarımbəndində göstərilən xərclər (pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə məbləğlər istisna olmaqla) üzrə vəsaitlərin ƏTTİ-nin xəzinə hesabına köçürülməsi təmin edilir.
4.1. Təhsil müəssisəsi üzrə maliyyələşdirmənin aparılması ilə bağlı YMO-na təqdim edilən maliyyə sifarişi YTİO-nın səlahiyyətli nümayəndələri tərəfindən (orqanın rəhbəri və baş mühasibi) imzalanmalıdır.
4.2. Mərkəzdə maliyyə və ödəniş sənədlərinin imzalanmasında birinci imza səlahiyyəti mərkəzin rəisi və ya onun müavini, ikinci imza səlahiyyəti mərkəzin aparıcı məsləhətçisinə verilir.
4.3. Təhsil müəssisəsinin direktoru və YTİO-nın müdirləri bu Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş sənədlərin vaxtında hazırlanması və təqdim olunmasına görə birbaşa məsuliyyət daşıyırlar.
4.4. YMO, Mərkəz və YTİO bu Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş mexanizm üzrə maliyyələşdirmənin və ödənişlərin vaxtında və təyinatı üzrə aparılmasına görə məsuliyyət daşıyırlar.
5.1. Təhsil müəssisəsi üçün mal, iş və xidmətlərin satın alınması ƏTTİ tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
5.2. Mərkəz tərəfindən təhsil müəssisəsinin mal, iş və xidmətlərə olan illik tələbatı müəyyənləşdirilir (pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər istisna olmaqla), hər bir şəhər (rayon) üçün xərclər smetasında nəzərdə tutulan illik vəsait çərçivəsində onların satın alınması barədə təkliflər ƏTTİ-nə təqdim edilir.
5.3. ƏTTİ tərəfindən hər bir şəhər (rayon) üzrə xərclər smetasında nəzərdə tutulan vəsait çərçivəsində təhsil müəssisəsi üçün mal, iş və xidmətlərin satın alınması həyata keçirilir və onların Mərkəz vasitəsilə təhsil müəssisəsinə təhvil verilməsi təmin edilir.
5.4. Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada satın alınan mal, iş və xidmətlərin uçota və YTİO-nın balansına qəbul edilməsi təmin edilir.
5.5. Təhsil müəssisəsinin direktoru və maddi-məsul şəxs təhvil alınmış əsas vəsaitlərin və digər mal-material qiymətlilərinin saxlanılmasına, qorunmasına, təyinatı üzrə istifadəsinə görə məsuliyyət daşıyırlar.
5.6. ƏTTİ hər bir şəhər (rayon) üzrə daxil olmuş vəsaitlərlə bağlı xərclərin vahid büdcə təsnifatı üzrə aparılmasını və uçotunu təmin edir.
6.1. Mərkəzdən daxil olmuş vəsaitlərlə bağlı xərclərin hər bir YTİO üzrə icrası barədə hesabat ƏTTİ tərəfindən hesabat dövründən sonrakı ayın 7-dək həmin mərkəzə təqdim edilir.
6.2. Mərkəz tərəfindən YTİO ilə birlikdə hər bir şəhər (rayon) üzrə tərtib olunmuş mühasibat hesabatı (Mərkəzin rəisi və ya rəis müavini, mərkəzin aparıcı məsləhətçisi, YTİO-nın müdiri və baş mühasibi tərəfindən imzalanmaqla) rüblər üzrə YMO-na təqdim edilir.
6.3. YTİO-nın, Mərkəzin və ƏTTİ-nin rəhbərləri mühasibat hesabatlarının rüblər üzrə vaxtında təqdim olunmasına görə məsuliyyət daşıyırlar.
7.1. Hər bir təhsil müəssisəsinin cari il üçün saxlanması ilə bağlı xərclər smetası təhsil müəssisəsi və Mərkəz tərəfindən birgə tərtib və təsdiq edilir.
7.2. Təhsil müəssisələrinin saxlanması ilə bağlı növbəti il üçün xərclər üzrə layihələr Mərkəz tərəfindən təhsil müəssisəsi və YTİO ilə birgə tərtib edilərək Təhsil Nazirliyinə təqdim edilir.
7.3. İl ərzində təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında dəyişikliklərin aparılması ilə bağlı YTİO ilə Mərkəzin birgə təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilir.
7.4. YMO-da xəzinə hesabı və maliyyə müstəqilliyi olan təhsil müəssisələrinin fəaliyyəti bu Qaydalarda YTİO üzrə müəyyən olunmuş vəzifə, funksiya və öhdəliklərə uyğun həyata keçirilir, bu zaman maliyyə və ödəniş sənədlərinin imzalanmasında birinci imza səlahiyyəti təhsil müəssisəsinin rəhbərinə, ikinci imza səlahiyyəti isə təhsil müəssisəsinin baş mühasibinə verilir.
7.5. Mərkəzləşdirilmiş maliyyələşmə mexanizminin tətbiqi nəticəsində ortaya çıxan və bu Qaydalarda əksini tapmayan məsələlər Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla tənzimlənir.