Qanunvericilik › “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq Azərbaycan Respublikasının Qanunu › Tam mətn

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” 2010-cu il sentyabrın 15-də İstanbul şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Baş naziri iki ölkə arasında mövcud olan ortaq tarixi və mənəvi dəyərlərə söykənən, möhkəm dostluq və qardaşlıq əlaqələri və ənənəvi həmrəylik ruhundan irəli gələrək, iki ölkə arasında ən yüksək səviyyədə davam edən mövcud əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirərək, əhatəli İnteqrasiyanın əldə olunması və iki ölkənin maraqlarına uyğun regional və beynəlxalq məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (bundan sonra Şura) yaradılmasını qərara aldılar.

Şura Azərbaycan və Türkiyə arasında mövcud olan siyasi, hərbi, iqtisadi, ticarət, energetika, nəqliyyat, mədəniyyət, elm və humanitar sahələrdə həyata keçirilən əlaqələrin strategiyasını müəyyən edəcək, bu strategiyanın əsasında əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi və həmin layihələrin icra olunmasını təşviq edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Baş naziri Şuranın həmsədrləri vəzifəsini öz üzərinə götürürlər.

Şuranın iclaslarında, gündəlikdə olan mövzulara uyğun olaraq Azərbaycan Respublikası Hökumətinin və Türkiyə Respublikası Hökumətinin üzvləri iştirak edəcəklər. Şuranın iclasları Tərəflərin razılığı ilə mütəmadi olaraq keçiriləcəkdir. Hökumət üzvləri Şuranın qərarlarının həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar.

Şuranın bazasında, siyasi mövzularda iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsi, ikitərəfli, regional və qlobal mövzularda siyasi fikir mübadiləsinin aparılması və əməkdaşlığın prioritet sahələrinin və layihələrinin müəyyən edilməsi məqsədilə Birgə Strateji Planlaşdırma Qrupu təsis ediləcəkdir. Qrupun iclasları il ərzində ən azı bir dəfə, xarici işlər nazirlərinin həmsədrliyi ilə keçiriləcəkdir. Birgə Strateji Planlaşdırma Qrupu lazım olduğu təqdirdə Müşavir/Müşavirin müavini və Nazir müavini səviyyəsində və aidiyyəti digər qurum nümayəndələrinin iştirakı ilə əlavə iclaslar təşkil edə bilər. Qrup iclaslarının nəticəsi haqqında Şuraya məlumat verəcəkdir.

Hərbi və təhlükəsizlik məsələlərində əlaqədar təşkilatlar arasındakı əməkdaşlıq və qarşılıqlı fəaliyyət gücləndirilərək davam etdiriləcəkdir. Şuraya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumat və təkliflər müvafiq nazirlər tərəfindən təqdim olunacaqdır.

Daxili işlər, gömrük və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti əsasında terrorçuluq, mütəşəkkil cinayətkarlığın forma və təzahürləri, habelə qaçaqmalçılıqla mübarizə məsələləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi davam etdiriləcəkdir. Bu məqsədlə mövcud və ya təsis ediləcək Komissiyaların fəaliyyəti haqqında aidiyyəti nazirlər tərəfindən Şuraya məlumat veriləcəkdir.

İqtisadi və ticarət məsələlərində iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əsas mexanizm rolunu oynamağa davam edəcəkdir. Komissiya iclasların nəticələri haqqında Şuraya məlumat verəcəkdir.

Nəqliyyat, əmək və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq gücləndiriləcəkdir. Bu sahələrdə mövcud olan Komissiyaların fəaliyyətinə nəzarət müvafiq nazirlər tərəfindən davam etdiriləcək, lazım olduğu təqdirdə əlavə Komissiyalar təsis ediləcək və Komissiya iclaslarının nəticələri haqqında Şuraya məlumat veriləcəkdir.

Enerji təminatı, nəqli və təhlükəsizliyi sahəsində birgə layihələrin işlənilib -hazırlanması və tətbiq olunması məqsədilə iki ölkənin əlaqədar orqan və təşkilat nümayəndələrinin iştirakı ilə təsis ediləcək Birgə Energetika Komissiyası energetika sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsində əsas mexanizm rolunu oynayacaqdır. Komissiya il ərzində ən azı bir dəfə yığılacaq və fəaliyyətinin nəticələrini Şuraya təqdim edəcəkdir.

Təhsil sahəsində iki ölkə arasında davam edən əməkdaşlığın birgə strategiya və layihələr əsasında inkişaf etdirilməsi məqsədilə iki ölkənin əlaqədar qurumlarının nümayəndələrindən ibarət bir Komissiya təsis ediləcəkdir. Komissiya il ərzində ən azı bir dəfə yığılacaq və Şuraya fəaliyyətinin nəticələri haqqında məlumat verəcəkdir.

Mədəniyyət, elm və humanitar sahələrdə hazırlanacaq strategiyalar və layihələrə nəzarət aidiyyəti Nazirlər tərəfindən həyata keçiriləcək və nəticələr haqqında Şuraya məlumat veriləcəkdir.

İki ölkənin xalqları arasında mövcud olan çoxyönlü və hərtərəfli əlaqələr çərçivəsində dialoq kanallarının səmərəliliyini daha da artırmaq, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığını gücləndirmək və şaxələndirmək məqsədi ilə Vətəndaş Cəmiyyəti Forumu təsis ediləcəkdir. Foruma biznes dairələri, təlimçilər, diaspora təşkilatlarının da daxil olduğu müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, sənətçilər, elm xadimləri, mətbuat orqanlarının nümayəndələri də daxil olmaqla cəmiyyətin bütün təbəqələri öz töhfəsini verə biləcək. Forum iclasları Şura iclaslarından əvvəl və ya eyni vaxtda, Şura iclasının təşkil olunacağı şəhərdə keçiriləcəkdir.

İstanbul şəhərində, 15 sentyabr 2010-cu il tarixində, iki əsl nüsxədə Azərbaycan və Türk dillərində imzalanmışdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver