Qanunvericilik › Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun yaradılması

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Layihəni Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu (bundan sonra – təşəbbüs qrupu) yaradılır.

4.2. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

4.3. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.

4.4. Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorları seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Həmin iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Bu siyahıda onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, həmçinin vətəndaşın təklif olunan layihənin lehinə və ya əleyhinə səs verməsi qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

4.5. Təşəbbüs qrupunu onun sədri təmsil edir. Sədr müvəqqəti olmadıqda onun səlahiyyətlərini sədrin müəyyən etdiyi müavinlərdən biri icra edir.

4.6. Təşəbbüs qrupunun iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Təşəbbüs qrupunun iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver