Qanunvericilik › Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. İmza vərəqələrində olan məlumatların yoxlanılması və imza toplanmasının nəticələrinin təsdiqi

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Bu Qanunun 6.10-cu maddəsində nəzərdə tutulan protokol imzalandığı gündən bir ay ərzində həmin protokolun 2 nüsxəsi və imza vərəqələri təşəbbüs qrupu tərəfindən, bu Qanunun 7-1-ci maddəsində qeyd edilən halda isə layihənin dəstəklənməsi ilə bağlı imzalar barədə məlumatlar EHİS üzərindən Mərkəzi Seçki Komissiyasına təqdim olunur. Mərkəzi Seçki Komissiyasına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.

7.2. Bu Qanunun 7-1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla, Mərkəzi Seçki Komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələrinin sayının vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini qeyd edərək, təşəbbüs qrupunun sədrinə, qəbul edilmiş imza vərəqələrinin sayını və oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir.

7.3. Mərkəzi Seçki Komissiyası iki ay müddətində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsi ilə müəyyən edilmiş qaydada imza vərəqələrində olan məlumatların düzgünlüyünü, həmçinin təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsini yoxlayır.

7.4. Aşağıdakı imzalar qeyri-düzgün (etibarsız) hesab edilir:

7.4.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsinə əsasən qeyri-düzgün (etibarsız) hesab edilən imza;

7.4.2. bu Qanunun 6-3.1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla, bu Qanunun 6.6-6.9-cu maddələrinin tələbləri pozulmaqla toplanmış imza;

7.4.3. imza vərəqəsinə imza qoymuş vətəndaşlar eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olmadıqda, yaxud imza vərəqəsi imza toplayan təşəbbüs qrupunun üzvü tərəfindən imzalanmadıqda və ya onun imzası qeyri-düzgün olduqda həmin imza vərəqəsindəki bütün imzalar.

7.5. İmza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq yaradılmış işçi qrupunun rəhbəri (Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü) tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Protokolda vətəndaşların yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına əlavə olunur.

7.6. Bu Qanunun 7.7-ci maddəsində nəzərdə tutulan hallar olmadıqda, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsi barədə qərar qəbul edilir. Həmin qərarın və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti qərarın qəbul edildiyi gündən 3 iş günü müddətində təşəbbüs qrupunun sədrinə təqdim olunur.

7.7. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının qəbul edilməsi üçün əsaslar aşağıdakılardır:

7.7.1. imzaların toplanması zamanı bu Qanunun 5.2-2-ci, 6.8-ci və 6.9-cu maddələrinin tələblərinin pozulması;

7.7.2. bu Qanunun 6-3.1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla, bu Qanunun 7.1-ci maddəsində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

7.7.3. etibarlı imzaların lazımi saydan az olması.

7.8. Bu Qanunun 7.7.2-ci maddəsində göstərilən hallar müəyyən edildikdə, təşəbbüs qrupunun sədrinə bu barədə yazılı məlumat verilir və müvafiq çatışmazlıqların Mərkəzi Seçki Komissiyasının müvafiq iclasının tarixinə ən geci 3 iş günü qalanadək aradan qaldırılması üçün vaxt verilir.

7.9. Cinayət məsuliyyətinə səbəb ola biləcək hüquqpozmanın əlamətləri aşkar edildikdə Mərkəzi Seçki Komissiyası təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

7.10. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti həmin qərarın qəbul edildiyi gündən 3 iş günü müddətində təşəbbüs qrupunun sədrinə təqdim olunur. Lazımi sayda imzaların olmadığı aşkar olunduğu hallarda təşəbbüs qrupu bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti ilə yanaşı, imzaların etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

7.11. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver