Azərbaycan Respublikası Ali Sovetinin Katibliyi Azərbaycan Respublikasının xalq deputatını Azərbaycan Respublikası Ali Sovetinin sənədləri ilə, habelə hökumət və dikər dövlət orqanları və ictimai orqanlar tərəfindən rəsmən yayılan məlumat və sorğu materialları ilə təmin edir.
Azərbaycan Respublikasının xalq deputatı müraciət etdikdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Rəyasət heyəti, yerli xalq deputatları sovetlərinin rəyasət heyətləri və icraiyyə komitələri, digər dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində ona mütəxəssislərin məsləhətlər verməsini təmin etməli, təxirə salmadan lazımi məlumat verməlidirlər.
Deputatlıq fəaliyyətinin təmin olunması üçün Azərbaycan Respublikası xalq deputatının seçki dairəsinin ərazisində yerləşən müəssisələrin və təşkilatların surətçıxarma-çoxaltma və hesablama texnikasından istifadə etməyə hüququ vardır.
Azərbaycan Respublikasının xalq deputatı özünün deputatlıq fəaliyyəti məsələləri barəsində mətbuat orqanlarında, televiziya və radio ilə çıxış etməkdə üstün hüquqa malikdir. Deputatın təqdim etdiyi materialların onun razılığı olmadan redaktə edilməsinə yol verilmir.