"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin 4-cü bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin, şəhadətnamə blanklarının spesifikasiyasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin 4-cü bəndinin ikinci və üçüncü cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Əsasnamənin 5-ci bəndində və 10-cu bəndində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
2.3. həmin Əsasnamənin 10-cu bəndində (ikinci halda) və 11-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
2.4. həmin Əsasnamənin 13-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
2.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətə başlayanadək bu Fərmanın 2.4-cü bəndində onun səlahiyyətinə aid edilmiş vəzifələri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2007-ci il