“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 866-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 dekabr tarixli 1719 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 6 mart 2019-cu il
1.1. Bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 19-1-ci-19-4-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir.
1.2. Bu Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. ödənişli avtomagistral – müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur;
2.1.2. operator – ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu;
2.1.3. ödəniş talonu – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kartdır;
2.1.4. ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;
2.1.4-1. buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir;
2.1.6. avtomatik elektron ödəniş cihazı – operator tərəfindən istifadə olunan nəzarət sistemi vasitəsilə hərəkətdə olan nəqliyyat vasitəsinin identifikasiyası üçün nəzərdə tutulan və nəqliyyat vasitəsində yerləşdirilən qurğudur.
3.1. Ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur.
3.2. İstifadəçi operatorla aşağıdakı üsullardan birini seçməklə müqavilə bağlayır:
3.2.1. ödəniş məntəqəsində nəqliyyat vasitəsinin gedişi üçün müəyyən etdiyi müddət və gediş sayı nəzərə alınmaqla müvafiq haqqı ödəyir;
3.2.2. gediş talonunu ödəyir;
3.2.3. avtomatik elektron ödəniş cihazını əldə edir.
3.3. Ödənişli avtomagistraldan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi (operator) həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz.
3.4. Hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.
3.5. Operator tərəfindən nəqliyyat vasitəsinin gedişinə görə tutulan ödənişlərdən başqa, istifadəçilərdən digər ödənişlərin tutulmasına yol verilmir.
3.6. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı, həmçinin ödənişli avtomagistrala xidməti təşkil edən operatorun nəqliyyat vasitələri gediş üçün ödənişdən azaddırlar. Bu zaman ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağı nəzərdə tutulur.
3.7. Nəqliyyat vasitəsinin gedişi üçün haqqın əvvəlcədən ödənilməsi halları istisna olmaqla, ödəniş əməliyyatı ödəniş məntəqələrində həyata keçirilir.
3.8. Gediş haqqını ödəmiş istifadəçiyə gediş hüququnu təsdiq edən müvafiq sənədin verilməsi ödəniş məntəqəsində həyata keçirilir.
3.9. Operatorla müqavilənin bağlanılmasını və gedişin ödənilməsini təsdiq edən sənədlər aşağıdakılardır:
3.9.1. qüvvədəolma müddəti 12 aydan çox olmamaqla, ödənişli avtomagistrallar üçün ödəniş məntəqəsindən keçmə hüququnu təsdiq edən gediş talonları;
3.9.2. ödənişli avtomagistrallar üçün ödəniş məntəqəsindən istifadəçinin müəyyən etdiyi müddət və gediş sayı nəzərə alınmaqla keçməsini təsdiq edən ödəniş sənədi;
3.9.3. istifadəçinin avtomatik elektron ödəniş cihazını əldə etməsini təsdiq edən ödəniş sənədi.
3.10. Avtomatik elektron ödəniş cihazının istifadə olunması ilə gedişə görə ödənişin həyata keçirilməsi zamanı gedişin ödənilməsi haqqında sənəd ödəniş məntəqəsində verilir.
3.11. Müqavilənin bağlanılmasına qədər operator seçim imkanını təmin edən xidmətlər haqqında daha tam və dəqiq məlumatı istifadəçiyə təqdim edir. Məlumat Azərbaycan və ingilis dillərində təqdim olunur. Məlumat ödənişli avtomagistrala giriş yollarında və (və ya) ödəniş məntəqəsinin ərazisində hamının istifadə etdiyi yerdə, eləcə də gediş talonlarının satışı yerlərində və avtomatik elektron ödəniş cihazlarının əldə olunması yerlərində məlumat tablolarının köməyi ilə istifadəçilərin diqqətinə çatdırılır. Bu məlumat aşağıdakılardan ibarət olmalıdır:
3.11.1. ödənişli avtomagistralın ilk və son məntəqəsinin, ödəniş məntəqələrinin və alternativ ödənişsiz hərəkət marşrutunun göstərilməsi ilə ödənişli avtomagistralın sxemi;
3.11.2. operatorun tam rəsmi adı, ünvanı (yerləşdiyi yer) və dövlət qeydiyyatı haqqında məlumatlar;
3.11.3. operator tərəfindən təqdim olunan xidmətlərin ödənilməsi qaydası və müqavilənin şərtləri, o cümlədən:
3.11.3.1. avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müəyyən edilmiş ödənişin məbləği;
3.11.3.2. gedişin ödənilməsi qaydası və üsulları (formaları);
3.11.3.3. ödənişsiz gediş hüququna malik olan istifadəçilərin siyahısı;
3.11.3.4. operatorun qəza xidmətinin ünvanı və telefon nömrəsi;
3.11.3.5. istifadəçilərin iradlarının qəbul olunmasını həyata keçirən operatorun bölmələrinin ödənişsiz telefon nömrəsi və ünvanı;
3.11.3.6. operatorun aidiyyəti struktur bölməsinin telefon nömrəsi və ünvanı.
3.12. Azərbaycan Respublikasının “Avtomobil yolları haqqında” və “Yol hərəkəti haqqında” qanunlarının tələbləri nəzərə alınmaqla, ödənişli avtomagistral barədə məlumat tablosu ödənişli avtomobil yolunun girişinə aparan avtomobil yollarında da quraşdırıla bilər.
3.13. Müqavilənin icra olunmasına nəzarət və yaranmış mübahisələrin operator tərəfindən tənzimlənməsi məqsədi ilə məlumatların toplanılması, qorunub saxlanılması və istifadə olunması üçün ödənişli avtomagistraldan istifadə üzrə aşağıdakı faktların qeydiyyatı həyata keçirilir:
3.13.1. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat;
3.13.2. nəqliyyat vasitəsinin fotoşəkli (video təsviri);
3.13.3. ödənişli avtomagistraldan istifadə olunması vaxtı və yeri barədə məlumatlar.
3.14. Ödənişli avtomagistraldan istifadə etmiş nəqliyyat vasitəsi haqqında bu Qaydanın 3.13-cü bəndində nəzərdə tutulan məlumatların operator tərəfindən istifadə olunması və qorunub saxlanılması zamanı digər şəxslərin bu məlumatlara çıxışı istisna edilir.
3.15. Ödənişli avtomagistraldan istifadə zamanı nəqliyyat vasitəsi texniki nasazlıq səbəbi ilə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətini dayandırarsa və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradarsa, bu zaman həmin nəqliyyat vasitəsi operator tərəfindən ödənişli qaydada yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilir. Bu zaman nəqliyyat vasitəsinin mühafizə dayanacağında 24 saatadək saxlanılmasına görə ödəniş tutulmur.
3.16. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş hallarda ödənişli avtomagistrallardan istifadə edilməsinə yol verilmir.
4.1. Nəqliyyat vasitəsinin gedişinin təşkili zamanı operatorun vəzifələri aşağıdakılardır:
4.1.1. müəyyən edilmiş sürət rejimi nəzərə alınmaqla, ödənişli avtomagistralla istifadəçilərin nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək;
4.1.2. ödənişli avtomagistralın normal qaydada istifadə edilməsinə mane olan nasazlıqları müəyyən olunmuş müddətdə aradan qaldırmaq, eləcə də texniki nasazlıq, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində ödənişli avtomagistralla hərəkətini dayandırmış və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış nəqliyyat vasitəsinin yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilməsini təmin etmək;
4.1.3. istifadəçiləri ödənişli avtomagistralda baş vermiş qəza və ya fövqəladə vəziyyət, yol-nəqliyyat hadisələrinin meydana çıxması təhlükəsini artıran əlverişsiz hava şəraiti və ödənişli avtomagistralla yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər hallar barədə məlumatlandırmaq;
4.1.4. ödənişli avtomagistralın avtomobil yollarının nəqliyyat-istismar vəziyyətini, onların etibarlılıq və təhlükəsizlik səviyyəsini əks etdirən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu təmin etmək;
4.1.5. bu Qaydanın 3.13-cü bəndində nəzərdə tutulan məlumatların qorunub saxlanılmasını təmin etmək;
4.1.6. müqaviləyə və təqdim olunan xidmətlərə aidiyyəti olan məlumatları istifadəçinin tələbi əsasında ona təqdim etmək;
4.1.7. ödənişin tutulması və göstərilən xidmətlərin keyfiyyəti barədə hər bir məntəqədə operator tərəfindən istifadəçilərin yazılı iradlarının qəbul olunmasını təmin etmək;
4.1.8. gediş haqqının dəyişilməsi haqqında məlumat tablosunda və ödəniş məntəqələrində məlumat yerləşdirmək;
4.1.9. istifadəçilərə ödənişli avtomagistralla gediş haqqının əvvəlcədən operatora ödənilməsi imkanını yaratmaq.
4.2. Operatorun hüquqları aşağıdakılardır:
4.2.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 19-3-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, müəyyən olunan məbləğdən aşağı məbləğdə gediş haqqı ödəyən, yaxud gediş haqqını tam ödəməkdən yayınan istifadəçiləri buraxılış məntəqəsindən buraxmamaq və maneəni götürməmək (şlaqbaumu açmamaq);
4.2.2. istifadəçilərin avtomatik elektron ödəniş cihazlarını əldə etmək imkanını təmin etmək;
4.2.3. gediş talonlarının istifadəçiyə satılması zamanı, avtomatik elektron ödənişli texniki vasitələr istifadəçilər tərəfindən əldə edilərkən, operatorun uçotu sistemində istifadəçilərin və onların nəqliyyat vasitələrinin qeydiyyatını həyata keçirmək.
5.1. İstifadəçinin hüquqları aşağıdakılardır:
5.1.1. ödənişli avtomagistraldan istifadə qaydası, nəqliyyat vasitəsinin gedişinin dəyəri, ödənilməsi qaydası və üsulları, bununla bağlı göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərin göstərilməsi qaydası, eləcə də alternativ ödənişsiz hərəkət üçün nəzərdə tutulmuş avtomobil yolu haqqında məlumat almaq;
5.1.2. müqaviləyə uyğun olaraq, ödənişli avtomagistralla gedişi həyata keçirmək.
5.2. İstifadəçinin vəzifələri aşağıdakılardır:
5.2.1. əgər nəqliyyat vasitəsi operatorun tələblərinə uyğun olaraq yerləşdirilmiş gediş talonuna malik deyildirsə və ya avtomatik elektron ödəniş cihazı ilə təchiz edilməmişdirsə, bu zaman ödənişi yalnız nağd ödəniş məntəqələri vasitəsilə həyata keçirmək;
5.2.2. nəqliyyat vasitəsinin gediş haqqını nağd pul vasitəsilə ödəniş terminalına köçürmək, habelə ödəniş kartından istifadə etməklə və ya əvvəlcədən ödəməklə həyata keçirmək;
5.2.3. ödəniş məntəqəsindən keçməklə, gediş zamanı gediş üçün haqqın ödənilməsi məqsədi ilə nəqliyyat vasitəsini dayandırmaq və ödənişin həyata keçirilməsindən sonra maneənin götürülməsi (şlaqbaumun açılması) anından etibarən nəqliyyat vasitəsinin hərəkətinə icazə verildikdən sonra yoluna davam etmək;
5.2.4. gediş talonunun istifadə olunması zamanı operatorun təlimatına uyğun olaraq, onu nəqliyyat vasitəsində yerləşdirmək;
5.2.5. ödənişli avtomagistraldan istifadə ilə bağlı ödəniş sənədini ödənişli avtomagistraldan istifadə hüququ başa çatanadək qoruyub saxlamaq;
5.2.6. operatorun uçotu sistemində qeydiyyata alınan nəqliyyat vasitəsində avtomatik elektron ödəniş cihazından istifadə etmək.
5.3. Aşağıdakı əməllərin istifadəçilər tərəfindən törədilməsi məsuliyyətə səbəb olur:
5.3.1. buraxılış məntəqələrinin normal işinə mane olmaq;
5.3.2. buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamaq;
5.3.3. buraxılış məntəqəsində gediş üçün maneəni özbaşına götürmək (şlaqbaumu açmaq);
5.3.4. ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq;
5.4. Bu Qaydanın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan hüquq, vəzifə və qadağalar ödənişli avtomagistrala giriş yolunda yerləşdirilməlidir. İstifadəçinin bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq operatorla müqavilə bağlaması həmin tələblərlə, o cümlədən bu Qayda ilə müəyyən olunmuş digər tələblərlə tanış olduğunu və razılığını ifadə edir.
1. 7 mart 2024-cü il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 304)
2. 12 iyul 2024-cü il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2024-cü il, “Xalq” qəzeti, 14 iyul 2024-cü il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 897)
3. 2 avqust 2025-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Xalq” qəzeti, 8 avqust 2025-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 807)