“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılsın ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslərin tam uçota alınması və fərqlənmə nişanları ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 9 fevral 2006-cı il
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanına əsasən hazırlanmışdır və avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətlərini, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur.
1.3. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
2.1. Sərnişin daşımalarını həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini həmin maddədə qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə 220.6-cı maddəsində göstərilən əmsallara vurmaqla, məcburi dövlət sosial sığorta haqqı isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.10-cu və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablanaraq dövlət büdcəsinə ödənilir.
2.2. Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə və həmin göstəricini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda, yerlərin faktiki sayı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq qaydada müəyyən edilir.
2.3. Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir. Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsi ilə yük daşıma fəaliyyəti üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.7-ci və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənilir.
3.1. Forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” avtonəqliyyat vasitəsinin qabaq şüşəsinin yuxarı sağ küncünə yapışdırılır.
3.2. “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günündən gec olmayaraq verilir. “Fərqlənmə nişanı”nın verilməsindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə 2 iş günü ərzində, “Xüsusi fərqlənmə nişanı”nın verilməsindən imtina edildiyi halda isə 5 iş günü ərzində yazılı məlumat verilir.
3.3. Mülkiyyətində və ya istifadəsində avtomobil nəqliyyatı vasitələri olan şəxslər digər şəxslərə sifarişlə sərnişin daşıma xidmətlərini göstərdikdə, bu nəqliyyat vasitələri üçün növündən və fəaliyyətini həyata keçirdiyi ərazidən asılı olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.5-ci və 220.6-cı maddələrində nəzərdə tutulmuş qaydada vergi, habelə fəaliyyətini həyata keçirdiyi ərazidən asılı olaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.10-cu və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilir və “Fərqlənmə nişanı” alınır.
3.4. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergi növü üzrə vergitutma obyekti deyil. Bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır.
3.5. Vergi ödəyicisinin işçi heyətinin və özünəməxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri 5 gün ərzində Agentliyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada məlumat verirlər.
3.6. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı ay, rüb, yarım il və ya illər üçün əvvəlki mülkiyyətçi və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər və məcburi dövlət sosial sığorta haqqı nəzərə alınır və verginin və məcburi dövlət sosial sığorta haqqının ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.
3.7. Agentlik növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir.
3.8. Agentlik “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxsləri müəyyən etdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi məlumat verir.
3.9. “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.
3.10. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslərin və fərdi sahibkarların vergi və məcburi dövlət sosial sığorta haqqı borcunun olub-olmaması barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.
1. 30 yanvar 2008-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 46)
2. 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)
3. 4 mart 2016-cı il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 780)
4. 10 iyul 2018-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1625)
5. 21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158)
6. 18 mart 2019-cu il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 544)
7. 10 oktyabr 2020-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1273)
8. 13 sentyabr 2021-ci il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1063)
9. 4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 391)
10. 25 yanvar 2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 111)
11. 30 yanvar 2025-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 yanvar 2025-ci il, “Xalq” qəzeti, 31 yanvar 2025-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 90)
12. 15 iyul 2025-ci il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2025-ci il, “Xalq” qəzeti, 23 iyul 2025-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 714)