“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə verilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin nümunələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim etsin;
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq xüsusi sənədlərin blanklarının hazırlanması və istehsalı ilə bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə verilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilməsi ilə əlaqədar dövlət rüsumunun alınması hallarına və müvafiq olaraq məbləğlərinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 1-ci maddəsində və 28-ci maddəsinin birinci hissəsinin “a)” bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Əsasnamənin 13-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Əsasnamənin 7-ci, 8-ci, 10-cu maddələrində, 11-ci maddəsinin birinci və ikinci hissələrində, 12-ci maddəsində, 13-cü maddəsində (birinci halda), 14-cü maddəsinin birinci və ikinci hissələrində, 18-ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində, 19-cu maddəsinin birinci hissəsində, 20-ci, 21-ci, 24-cü maddələrində, 25-ci maddəsinin birinci hissəsində, 26-cı maddəsində, 27-ci maddəsinin birinci hissəsində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
2.4. həmin Əsasnamənin 17-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının qeydiyyatı üzrə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər;
2.4-1. həmin Əsasnamənin 28-ci maddəsinin birinci hissəsinin “a)” bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;
2.5. həmin Əsasnamənin 38-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.