Qanunvericilik › Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.08.2008) › Tam mətn

Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.08.2008)

Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.08.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.7-ci, 1.8-ci, 1.9-cu və 1.10-cu bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında yetişdirilən heyvanların cins tərkibinin, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayının müəyyən edilməsi və uçotunun aparılması Qaydaları”, “Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması və patentləşdirilməsi, həmin heyvanların sınağının aparılması Qaydaları, seleksiya nailiyyətinə olan tələblər və şərtlər”, “Damazlıq ehtiyatlarının sınağı və ekspertizası Qaydaları” və “Ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan damazlıq heyvanların və digər damazlıq ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 19 avqust 2008-ci il

Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında yetişdirilən heyvanların cins tərkibinin, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayının müəyyən edilməsi və uçotunun aparılması qaydalarını müəyyən edir.

2.1. Damazlıq işinin səmərəli təşkili və damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə hər 10 ildə bir dəfə Azərbaycan Respublikasında yetişdirilən heyvanların cins tərkibini müəyyən etmək, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayını və damazlıq keyfiyyəti haqqında məlumatları dəqiqləşdirmək üçün bütün cins heyvanların uçotu aparılır.

2.2. Cins heyvanların uçotu haqqında məlumatlar cins heyvanlardan kənd təsərrüfatı müəssisələrində, sahibkarlar, ailə, kəndli və ev təsərrüfatlarında, rayonlarda damazlıq işinin qurulmasında və təkmilləşdirilməsində, seleksiya – damazlıq proqramlarının hazırlanmasında istifadə olunur.

2.3. Heyvanların cins tərkibinin uçotunu aparmaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Statistika Komitəsi ilə birgə əmrinə əsasən komissiya yaradılır.

Cins mal-qaranın və quşların uçotunu aparmaq məqsədi ilə Dövlət Statistika Komitəsinin təklifinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən vəsait ayırır.

2.4. Hər bir rayonda, qəsəbə və kənddə zoobaytar mütəxəssislərindən, statistika işçilərindən və bələdiyyə üzvlərindən ibarət yerli komissiyalar yaradılır. Rayon üzrə yaradılmış komissiyaya rayonun baş zootexniki və ya rayonun baş baytar həkimi sədrlik edir. Yaradılmış komissiya cins heyvanların uçotunun vaxtında və keyfiyyətli aparılmasına tam məsuliyyət daşıyır.

2.5. Komissiya ayrı-ayrı heyvan növlərinin cins tərkibini müəyyənləşdirdikdən sonra uçot formalarını doldurur və 3 nüsxədən ibarət yekun cədvəli tərtib edir. Yekun cədvəlinin bir nüsxəsi qəsəbə və kənd bələdiyyəsində qalır, iki nüsxəsi isə rayon komissiyasına verilir. Həmin sənədlər zoobaytar mütəxəssisləri və rayon statistika idarəsinin işçiləri tərəfindən yoxlanılıb yekunlaşdırıldıqdan sonra mərkəzi komissiyaya təqdim edilir.

2.6. Damazlıq pasportu (şəhadətnaməsi) olan mal-qara və quşların cins tərkibini müəyyən etmək üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi birgə statistik hesabat formaları hazırlayır.

Komissiya tərəfindən qəbul olunmuş sənədlər yoxlandıqdan sonra yekunlaşdırılaraq, bülleten şəklində buraxılması təmin edilir.

2.7. Mal-qaranın cinsi və sinfi mövcud olan məlumatlara və sənədlərə əsasən müəyyən edilir.

2.8. Kökəlməyə qoyulmuş və çıxdaş edilmiş, damazlığa yaramayan heyvanlar uçota alınmırlar.

2.9. Damazlıq heyvanlar barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.

3.1. Azərbaycan Respublikasında olan cins heyvanların uçotu bütün təsərrüfat kateqoriyalarında: damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisələri məhdud məsuliyyətli cəmiyyətlərində və özəl damazlıq təsərrüfatlarında, quşçuluq fabriklərində, aqrofirmalarda, tədris təcrübə təsərrüfatlarında fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında aparılır.

3.2. Damazlıq heyvandarlıq sahəsində dövlət nəzarətinin səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, pasportu (şəhadətnaməsi) olan bütün damazlıq heyvanlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən uçota alınır.

3.3. Damazlıq heyvanların dövlət reyestri damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemidir.

3.4. Heyvanların cins tərkibinə baxış keçirilərkən, damazlıq pasportu (şəhadətnaməsi) şəxsən təqdim edilir və komissiya tərəfindən nəzərdən keçirilir.

3.5. Damazlıq pasportu (şəhadətnaməsi) olan heyvanların ayrıca uçotu aparılır və onların verilməsi tarixi, nömrəsi və kim tərəfindən verildiyi qeyd olunur.

3.6. Damazlıq pasportu (şəhadətnaməsi) olan heyvanların sayı müəyyənləşdirildikdən sonra onlardan rayonlarda, qəsəbə və kəndlərdə damazlıq işində istifadə edilir.

4.1. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların uçotu Dövlət Statistika Komitəsi tərəfindən ildə bir dəfə aparılır.

4.2. Dövlət Statistika Komitəsinə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanlar barədə məlumatları şəhər və rayon icra hakimiyyətlərinin kənd təsərrüfatı şöbələri və baytarlıq idarələri verirlər.

4.3. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların uçotuna onun baş sayı, sinfi və məhsuldarlıq göstəriciləri daxil edilir.

4.4. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanın hərəkəti yerli icra orqanları tərəfindən izlənilir və onun uçotunda qeyd olunur.

1.1. Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması qaydalarını və patentləşdirilməsini, həmin heyvanların sınağının aparılmasını, seleksiya nailiyyətinə olan tələblərin və şərtlərin müəyyən edilməsini tənzimləyir.

1.2. Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinsləri və digər zooloji qruplar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada seleksiya nailiyyəti kimi qanunvericiliyə uyğun olaraq qeydə alınır və patentləşdirilir.

2.1. Cinsin müəllifi yeni seleksiya nailiyyətinin yaradılması üzrə növbəti iş mərhələsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – Nazirlik) yanında Aqrar Xidmətlər Agentliyinə (bundan sonra – Agentlik) ərizə ilə müraciət edir.

2.2. Müəllif öz ərizəsində seleksiya nailiyyətinin aparılması metodları, əldə olunan nəticələr barədə ətraflı məlumat verir.

2.3. Müəllif tərəfindən yeni yaradılan seleksiya nailiyyətində seleksiya işinin məqsəd və nəticələri, heyvanların təsərrüfat faydalılığı, bioloji, zootexniki, eksteryer xüsusiyyətləri və yemləmə şəraiti, məhsulun emal sənayesi şəraitinə uyğunluğu, yaradılma metodları, geneoloji strukturu və iqtisadi səmərəliliyi xarakterizə edilməlidir.

2.4. Hər seleksiya nailiyyəti üçün ərizə verilir.

2.5. Seleksiya nailiyyətləri haqqında müəlliflərin materiallarına Agentlikdə baxıldıqdan sonra yeni yaradılmış və yaxşılaşdırılmış seleksiya nailiyyəti barədə Nazirliyə məlumat verilir.

2.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, yeni seleksiya nailiyyətinin tanınması barədə Nazirliyin müvafiq əmrinə əsasən müəlliflərə şəhadətnamə, seleksiya nailiyyətinə marka və qanunvericiliyə uyğun patent verilir.

3.1. Yeni heyvan cinsinin (seleksiya nailiyyətinin) yaradılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edildikdən sonra 1 ay müddətində yeni seleksiya nailiyyəti yaratmış müəllif və ya təşkilat Agentliyə forma üzrə anket verməlidir.

3.2. Dövlət qeydiyyatından keçdikdən sonra Agentlik tərəfindən müəlliflərə şəhadətnamə və patent verilir.

4.1. Yeni heyvan cinsi yaradan şəxslər həmin seleksiya nailiyyətinin müəllifləri sayılırlar.

4.2. Patent üçün ərizəni yeni heyvan cinsi yaratmış seleksiya nailiyyətinin müəllifləri və ya onların hüquqi varisləri verə bilərlər.

4.3. Dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətinin müəlliflərinə 1 ay müddətində Agentlik tərəfindən patent verilir.

4.4. Patent verilməsi haqqında ərizədə bir neçə müəllif göstərildikdə, onların adına bir patent verilir.

4.5. Patent almaq üçün aşağıdakı sənədlərin təqdim olunması zəruridir:

4.5.1. seleksiya nailiyyətinə patent verilməsi üçün ərizə;

4.5.2. seleksiya nailiyyətinin təsvirini və əlamətlərini əks etdirən anket;

4.5.3. tələb olunan rüsumların ödəniş qəbzi.

4.6. Patent üçün verilən ərizədə seleksiya nailiyyətinə müəllifin təklif etdiyi və səlahiyyətli orqanın qəbul etdiyi ad verilir.

4.7. Yeni heyvan cinsinin yaranması ilə bağlı seleksiya nailiyyətinin adı, zooloji növə aid mövcud adlardan fərqlənməli və qısa olmalıdır.

4.8. Seleksiya nailiyyətinin adı ərizəçinin xahişi ilə patent verilənə qədər dəyişdirilə bilər.

4.9. Patent sahibinə seleksiya nailiyyətindən müstəsna hallarda istifadə etmək hüququ verilir və onun hüququ dövlət tərəfindən qorunur. Patent sahibinin icazəsi olmadan seleksiya nailiyyətindən istifadə edilə bilməz.

4.10. Patent sahibi patent hüququnu tamamilə və ya qismən başqa hüquqi və fiziki şəxslərə sata, bağışlaya və istifadəyə verə bilər.

4.11. Agentlik aşağıdakı xidmətlərə görə rüsumlar alır:

4.11.1. patent almaq üçün seleksiya nailiyyətinin ekspertizasına və sınağına sifariş verdikdə;

4.11.2. patent verilməsinə;

4.11.3. seleksiya nailiyyətinin mühafizə olunmasına;

4.12. Patent verilmiş seleksiya nailiyyətlərindən istifadə olunmasına dair lisenziya müəlliflərlə istifadəçilər arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

4.13. Lisenziya müqaviləsi yazılı formada bağlanır və müvafiq qaydada Agentlikdə qeydə alındıqdan sonra qüvvəyə minir.

4.14. Seleksiya nailiyyətinin dövlət reyestrində qeydiyyatdan keçdiyi tarixdən yeni yaradılmış heyvan cinsləri üçün patentin fəaliyyət müddəti 25 il nəzərdə tutulur.

4.15. Seleksiya nailiyyətlərindən istifadə üçün bağlanılmış lisenziya müqavilələri barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.

5.1. Yeni yaradılan heyvan cinslərinin sınağı Agentlik tərəfindən aparılır.

5.2. Seleksiya nailiyyətlərinin sınağı damazlıq təsərrüfatlarında, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda, təcrübə heyvandarlıq stansiyalarında, ippodromlarda, ixtisaslaşmış laboratoriyalarda, süni mayalama mərkəzlərində həyata keçirilir.

5.3. Agentlik ilə müqaviləsi olan digər təşkilatlar tərəfindən də yeni heyvan cinslərinin sınağı keçirilir.

5.4. Yeni heyvan cinslərinin sınağını həyata keçirən təşkilatların fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.

5.5. Fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqlar hər bir heyvan cinsi üzrə hazırlanmış metodika əsasında aparılır və sınaqdan keçirilir.

5.6. Yeni heyvan cinslərinin sınaq müddəti 3 il nəzərdə tutulur.

5.7. Yeni heyvan cinslərinin sınağı təsərrüfat əhəmiyyətinə görə Azərbaycan Respublikasının bütün bölgələrində aparılır.

5.8. Yeni yaradılan qaramal cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.8.1. yeni yaradılan qaramal cinsinin kompleks əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 6 aylıq 50 baş erkək və 50 baş dişi dana, 50 baş (5-6 aylıq boğaz) düyə və 24 aylıq 20 baş törədici seçilir;

5.8.2. sınaq müddətində yeni yaradılan qaramal cinsi eksteryer əlamətlərinə, diri çəkisinə, süd məhsuldarlığına, süddə yağın və zülalın miqdarına, çəki artımı na, südvermə sürətinə, fizioloji və təsərrüfat yetişkənliyinə, yelininin quruluşuna görə uyğun nəticələri qeydiyyata alınır və Agentliyin təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.8.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 5 faizdən çox olmamalıdır;

5.8.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni cins digər əlamətlərinə görə də qiymətləndirilir.

5.9. Yeni yaradılan qoyun cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.9.1. yeni yaradılan qoyun cinsinin əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 100 baş ana qoyun, 30 baş törədici qoç, 100 baş şişək və 100 baş erkək toğlu seçilir;

5.9.2. sınaq müddətində yeni yaradılan qoyun cinsi eksteryer əlamətlərinə, yunun növünə, miqdarına, keyfiyyətinə, yun məhsuldarlığına, bala vermə qabiliyyətinə, tezyetişkənliyinə, diri çəkisinə və digər göstəricilərinə görə uyğun nəticələri qeydiyyata alınır və Agentliyin təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.9.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 5 faizdən çox olmamalıdır;

5.9.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni qoyun cinsi digər əlamətlərinə görə də qiymətləndirilir.

5.10. Yeni yaradılan at cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.10.1. yeni yaradılan at cinsinin əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 2,5 yaşında olan 10 baş dişi dayça və 10 baş erkək dayça, 5 yaşında olan 20 baş madyan və 5 baş ayğır seçilir;

5.10.2. sınaq müddətində yeni yaradılan at cinsi eksteryer əlamətlərinə, diri çəkisinə, ət və süd məhsuldarlığına, güc, qaçış və s. göstəricilərinə görə uyğun nəticələri qeydiyyata alınır və Agentliyin təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.10.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 5 faizdən çox olmamalıdır;

5.10.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni at cinsi digər əlamətlərinə görə də qiymətləndirilir.

5.11. Yeni yaradılan toyuq cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.11.1. yeni yaradılan toyuq cinsinin əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 100 ədəd yumurta, cinsiyyəti müəyyən edilmiş 100 baş sutkalıq cücə, ətlik istiqamətli 35 günlük 50 baş xoruz və 50 baş fərə, 150 günlük 15 baş xoruz və 100 baş fərə seçilir;

5.11.2. sınaq müddətində yeni yaradılan toyuq cinsi eksteryer əlamətlərinə, diri çəkisinə, yumurta məhsuldarlığına, məhsuldarlıq istiqamətinə, yumurtanın kütləsinə, cücə çıxımı faizinə və digər göstəricilərinə görə uyğun nəticələri qeydiyyata alınır və Agentliyin təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.11.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 10 faizdən çox olmamalıdır;

5.11.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni toyuq cinsi digər əlamətlərinə görə qiymətləndirilir.

6.1. Seleksiya nailiyyəti hesab olunan yeni yaradılmış heyvan cinslərinə aşağıdakı tələblər və şərtlər qoyulur:

6.1.1. əlamətləri nəslə davamlı olaraq keçirən, əcdadı bəlli olan və eksteryer, məhsuldarlıq və digər göstəricilərin xarakteri və xüsusiyyətinə görə oxşar olan kifayət sayda heyvanların mövcudluğu;

6.1.2. dövlət və özəl damazlıq müəssisələrində aprobasiya edilən cinslərin, cins qruplarının, tiplərinin, xətlərinin, kənd təsərrüfatı heyvanlarının yetişdirildiyi lazımi sayda damazlıq təsərrüfatlarının və fermaların (reproduktorların) mövcud olması;

6.1.3. aprobasiya zamanı aprobasiyaya təqdim edilmiş seleksiya nailiyyətlərində minimal struktur vahidlərinin olması;

Seleksiya nailiyyətinin

Cinsdaxili (bölgə) tip

Uzlaşan zavod xətlərinin yeni kompleksi

Quşçuluqda yeni cinsdə ən azı 6 zavod xətti və 10 ailə, yeni cins qrupunda ən azı 3 zavod xətti və 60 ailə, yeni zavod xəttində ən azı 20 ailə, uyğun gələn zavod xətlərinin yeni kompleksində ən azı 2 zavod xətti və 40 ailə olmalıdır.

Balıqçılıqda yeni cinsdaxili tipdə ən azı 2 zavod xətti, yeni cins qrupunda ən azı 2 zavod xətti olmalıdır.

Arıçılıqda yeni cinsdaxili tipdə, yaxud yeni cins qrupunda ən azı 2 zavod xətti, yeni cinsdə ən azı 4 zavod xətti olmalıdır.

6.1.4. yeni yaradılan heyvan cinsində əldə olunan faydalı, bioloji, eksteryer, təsərrüfat və digər göstəricilərin həmin bölgədə mövcud heyvanların müvafiq göstəricilərindən üstün olması;

6.1.5. istər təmizlikdə yetişdirmədə, istərsə də cinslərarası çarpazlaşdırmada və uyğun gələn zavod xətlərinin cinslərarası krosslarında məhsuldarlıq, eksteryer və digər xüsusiyyətlərin nəslə davamlı keçirilməsi;

6.1.6. heyvanların məhsuldarlıq səviyyəsini və damazlıq keyfiyyətlərini təsdiq edən zootexniki sənədləşmənin, yeni yaradılan, yaxud yaxşılaşdırılan mövcud cinsin, yeni cins qrupunun, cinsdaxili və zavod tiplərinin, zavod xətlərinin, uyğun gələn zavod xətləri komplekslərinin yaradılması üsullarının, həmçinin müəyyən olunmuş qaydada təsdiq edilmiş damazlıq işi planının və cinslə, cins qrupu ilə, tiplə, xətlə və uyğun gələn zavod xətti kompleksi ilə işin metodikasının mövcudluğu;

6.1.7. yeni yaradılan yaxud yaxşılaşdırılmış mövcud cinslərin, cins qruplarının, tiplərin, xətlərin, uzlaşan zavod xətləri kompleksi ilə işin metodikasının mövcudluğu.

6.2. Cins heyvanların keyfiyyətinə, onların məhsuldarlığının səviyyəsinə və xarakterinə tələblər bütün seleksiya nailiyyətləri üçün eynidir.

6.3. Yeni yaradılan heyvan cinsində əldə olunan seleksiya nailiyyəti hər bir cins üçün xarakterik olan standart göstəricilərdən üstün olmalıdır.

1.1. Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və damazlıq ehtiyatlarının sınaqdan keçirilməsi və ekspertizası qaydalarını müəyyən edir.

1.2. Damazlıq ehtiyatına (məhsuluna, materialına) damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri və embrionları daxildir.

2.1. Damazlıq ehtiyatlarının sınağı damazlıq təsərrüfatlarında, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda, təcrübə heyvandarlıq stansiyalarında, ippodromlarda, ixtisaslaşmış laboratoriyalarda, süni mayalama mərkəzlərində həyata keçirilir.

2.2. Damazlıq ehtiyatlarının sınağını həyata keçirən subyektlərin fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.

2.3. Fiziki və hüquqi şəxs tərəfindən sınaqdan keçiriləcək damazlıq ehtiyatının mənşəyini, məhsuldarlığını, diri çəkisini və eksteryer göstəricilərini əks etdirən ilkin sənədlər və tələb olunan göstəricilər sınağı keçirən təşkilatlara təqdim edilir.

2.4. Damazlıq törədici heyvanlar dölvermə, damazlıq keyfiyyətlərini və məhsuldarlığını xarakterizə edən irsi əlamətləri nəslə keçirmə, xarici mühitə davamlılıq qabiliyyətlərini müəyyən etmək üçün sınaqdan keçirilir.

2.5. Seleksiya nailiyyəti kimi qeydə alınmış damazlıq ehtiyatının sınaqlarının nəticələri dövlət damazlıq kitabına və dövlət damazlıq reyestrinə yazılır. Damazlıq ehtiyatları sınaqlarının nəticələri seleksiya-damazlıq işində istifadə olunur.

2.6. Damazlıq ehtiyatları sınağının nəticələrinə əsasən onların istifadə təyinatı müəyyən olunur.

2.7. Damazlıq ehtiyatların sınaqdan keçirilməsi barədə sifarişçilərlə hüquqi şəxs statusuna malik olan sınaq keçirən təşkilatlar arasında müqavilə bağlanılır.

2.8. Sınaqdan keçirmək üçün sifarişçi vaxtında tələb olunan miqdarda damazlıq ehtiyatlarını təqdim edir.

2.9. Damazlıq ehtiyatı genotip və fenotip cəhətdən oxşarlığa, təkrar istehsalda əsas əlamətlərinin sabit və dəyişməzliyinə görə 1 il müddətində qiymətləndirilir.

3.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə damazlıq ehtiyatlarının sınağı və ekspertizası keçirilir.

3.2. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas növlərinə damazlıq zavodları, reproduktorları, fermaları və sınaq müəssisələri, süni mayalandırma və embrionların transplantasiyası mərkəzləri, genobanklar, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyaları daxildir.

3.3. Damazlıq ehtiyatı sınağının nəticələri Azərbaycan Respublikası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ilkin ekspertizadan keçirilir. Təqdim olunan sənədlər (ərizə, anket, fotoşəkil, seleksiya nailiyyətinin təsviri) 1 ay müddətində təhlil olunur.

3.4. Damazlıq ehtiyatların sınaq nəticələrinin ilkin ekspertizasında tələb edilən sənədlər (ərizə, anket, fotoşəkil, seleksiya nailiyyətinin təsviri) təqdim olunmadıqda, müraciətə baxılmır və bu barədə hüquqi və fiziki şəxslərə məlumat verilir.

3.5. Damazlıq ehtiyatlarının ekspertizasını Azərbaycan Respublikası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aparır.

3.6. Damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu siyahı «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2.1. Nadir genotipə malik, məhv olmaq təhlükəsi olan heyvan nümunələrinin ölkədən çıxarılmasına məhdudiyyət qoyulur.

2.2. Ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan ən yüksək məhsuldar damazlıq heyvanların, arıların, ipək qurdlarının və digər damazlıq ehtiyatlarının siyahısı:

2.2.1. Azərbaycan Qonur Qafqaz və Qırmızı Qazax malları;

2.2.2. Mürrah camış cinsi;

2.2.3. Azərbaycan zebusu;

2.2.4. Qaradolax, Qala, Azərbaycan dağ merinosu, Balbas və Bozax qoyun cinsləri;

2.2.5. Gödək, ləzgi, Herik və Caro qoyunları;

2.2.6. Yerli keçilər;

2.2.7. Damazlıq Qarabağ və Dilbaz at cinsindən olan ayğırlar;

2.2.8. Qabaqtəpə arı cinsi və Lənkəran boz arı populyasiyası;

2.2.9. Azad Azərbaycan, Şəki-1 və Şəki-2 tut ipəkqurdu cinsləri.

2.3. Damazlıq məqsədi ilə yetişdirilib ehtiyac olarsa, xaricə satılmaq üçün ayrılan heyvanlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə qanunvericiliyə uyğun olaraq ölkədən ixrac edilə bilər.

1. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)

2. 22 sentyabr 2017-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9, maddə 1737)

3. 23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972)

4. 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)

5. 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver