14.1. Aşağıdakı şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilir:
14.1.1. ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər;
14.1.2. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
14.1.3. xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad).
14.2. Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.
14.3. Bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulan şəxslərdən və naməlum meyitlərdən bioloji material müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.
14.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
14.5. Bu Qanunun 14.4-cü maddəsinə uyğun olaraq göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunmalıdır:
14.5.1. məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
14.5.2. genom qeydiyyatının aparılmasının əsası və tarixi;
14.5.3. bioloji materialı götürmüş və məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı.
14.6. DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.