7.1. Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:
7.1.1. şəxsiyyət vəsiqəsi, habelə ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla);
7.1.2. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları;
7.1.3. sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;
7.1.4. mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;
7.1.5. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
7.1.6. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;
7.1.7. müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla);
7.1.8. Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
7.1.9. Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.
7.2. Naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
7.3. Məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
7.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
7.5. Bu Qanunun 7.4-cü maddəsinə uyğun olaraq göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:
7.5.1. məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
7.5.2. dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi;
7.5.3. daktiloskopik məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı.