Azərbaycan Respublikasında əmək haqqının minimum məbləğinin artırılması haqqında
Əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması, inflyasiya şəraitində sosial müdafiəsinin gücləndirilməsi məqsədilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alıram:
1. 1992-ci il dekabrın 1-dən etibarən əmək haqqının minimum məbləği ayda 250 manat (2500 rubl) müəyyən edilsin.
2. Minimum əmək haqqı büdcə təşkilatlarında büdcə vəsaiti hesabına, qalan təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir.
Müəyyən edilsin ki, əmək haqqına əlavələr, mükafatlar və digər həvəsləndirici ödənişlər əmək haqqının minimum məbləğinə daxil edilmir.
3. Büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri, habelə təqaüdlərin minimum miqdarı əmək haqqının minimum məbləğinə uyğunlaşdırılsın.
4. “Azərbaycan Respublikasında əmək haqqının minimum məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 28 oktyabr tarixli Fərmanı öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 1992-ci il.