Qanunvericilik › Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 4

Maddə 4. Şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula, həbsə alma və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:

4.1.1. şəxsin səlahiyyətli məhkəmə tәrәfindәn məhkum olunduqdan sonra azadlıqdan məhrum edilməsi;

4.1.2. şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi;

4.1.3. şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;

4.1.4. yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması;

4.1.5. yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması;

4.1.6. şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi yaxud barəsində məcburi çıxarılma və ya ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edilməsi.

4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs dərhal, işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir.

4.3. Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə, təxirəsalmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz tutulubsa, onun azad olunması haqqında qərar çıxarır.

4.4. Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər.

4.5. Bu Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.

4.6. Heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver