“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 650-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1945 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar (bundan sonra – Qaydalar) qüvvəyə mindiyi tarixədək fəaliyyət göstərən, tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən subyektlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminə qoşulmaq barədə Dövlət Vergi Xidmətinin göndərdiyi bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində aşağıdakı qaydada fəaliyyət göstərirlər:
3.1. tütün məmulatlarına Qaydalar qüvvəyə minənədək tətbiq edilən aksiz markası ilə yanaşı, Qaydaların tələblərinə uyğun olaraq məcburi nişanlama da tətbiq edilir;
3.2. Dövlət Vergi Xidməti tərəfindən bu Qərarın 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qərarın 3-cü hissəsinin birinci abzasında nəzərdə tutulmuş müddətin başa çatması barədə Sistem vasitəsilə bildiriş göndərildikdən sonra tütün məmulatlarına markalar yalnız Qaydaların 7.4-cü, 7.5-сi və 7.8-ci bəndlərinə uyğun olaraq tətbiq edilir və qeyd olunan müddət ərzində sifarişçilər tütün məmulatlarına tətbiq edilmək üçün alınmış məcburi nişanlamaya görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20-4.2-ci maddəsinə uyğun olaraq dövlət rüsumundan azad olunurlar.
4. Bu Qərarın 3-cü hissəsində nəzərdə tutulmuş müddət ərzində yarana biləcək qüsurların aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidməti həmin müddəti hər dəfə 1 (bir) aydan çox olmamaq şərtilə 5 (beş) dəfə uzada bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 fevral 2023-cü il
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların (bundan sonra – markalanmalı mallar) Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. marka – aksiz markası və məcburi nişanlama;
1.2.2. aksiz markası – aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası;
1.2.3. məcburi nişanlama – bu Qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər;
1.2.4. DataMatrix kodu – informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkodu;
1.2.5. əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) – Qlobal standart (GS1) tərəfindən yaradılan, üzərində ştrix kodları və rəqəmləri əks etdirən, hər bir məhsul vahidini identifikasiya edən və məhsulun növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi;
1.2.6. Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi (bundan sonra – Sistem) – istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına (o cümlədən ictimai iaşə obyektlərində) nəzarəti həyata keçirən və bununla bağlı məlumatları (o cümlədən malların növünə və çeşidinə dair məlumat) qeydə alan informasiya ehtiyatı;
1.2.7. operator – markaları hazırlayan, Sistemi formalaşdıraraq onun fəaliyyətini təşkil və təmin edən qurum;
1.2.8. sifarişçi – markalanmalı malların istehsalçısı, idxalçısı və ya malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı (qurumu);
1.2.9. aktivləşdirmə – markaların bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar vasitəsilə mallar ilə Sistemdə əlaqələndirilməsi;
1.2.10. toplu bağlama – markalanmış malların saxlanılması və daşınmasının asanlaşdırılması məqsədilə kiçikhəcmli qablaşdırmaların cəmlənərək komplektləşdiyi qrup.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş aşağıdakı mallar (qablaşdırılmamış halda olan mallar istisna olmaqla) forması bu Qaydalara Əlavə ilə müəyyən olunmuş müvafiq marka ilə markalanır:
2.1.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);
2.1.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;
2.1.3. şərab və şərab materialları;
2.1.4. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan);
2.1.5. tütün məmulatları;
2.1.7. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
2.1.8. alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;
2.1.9. qəlyan və onların əvəzediciləri.
3.1. Bu Qaydaların 2.1-ci bəndində qeyd edilən markalanmalı malların növündən asılı olaraq aşağıdakı markalar tətbiq olunur:
3.1.1. bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən, habelə müsadirə olunmuş markalanmalı mallara - aksiz markası və məcburi nişanlama;
3.1.2. bu Qaydaların 2.1.5-ci, 2.1.7–2.1.9-cu yarımbəndlərində qeyd edilən markalanmalı mallara (müsadirə olunmuş mallar istisna olmaqla) - yalnız məcburi nişanlama.
3.2. Aksiz markaları tətbiq edilən mallar mənşəyi və təyinatından asılı olaraq aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:
3.2.1. “Daxili istehsal” - Azərbaycan Respublikasının ərasizində istehsal olunan bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən mallara (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası;
3.2.2. “İdxal” - Azərbaycan Respublikasının hüdudlarından kənarda istehsal olunan və satış üçün Azərbaycan Respublikasının ərazisinə gətirilən bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən mallara (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası;
3.2.3. “Müsadirə” - məhkəmə qərarı ilə müsadirə edilmiş markalanmalı mallara tətbiq edilən aksiz markası.
3.3. İdxal və ya yerli istehsal olmasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində rüsumsuz ticarət mağazalarında və ya azad (xüsusi) iqtisadi zonalarda satılan aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı mallara bu Qaydalarda nəzərdə tutulan markalar tətbiq edilmir.
3.4. Markalara dair ümumi tələblər bu Qaydalara Əlavə ilə müəyyən edilir.
4.1. Markaların sifarişi, çatdırılması barədə bildirişlərin verilməsi, aktivləşdirilməsi, izlənilməsi, eləcə də dövriyyəsi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və verilməsi Sistem vasitəsilə həyata keçirilir.
4.2. Sistemdən istifadə hüququna aşağıdakı subyektlər malikdirlər:
4.2.1. səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Xidmət), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə);
4.2.3. markalanmalı malların satıcıları;
4.2.4. markalanmalı malların istehlakçıları.
4.3. Operator Sistemdən istifadə hüququna malik şəxslərin real vaxt rejimində Sistemə çıxışına imkan yaradır.
4.4. Operator markalanmalı malların istehlakçılarına müvafiq texniki vasitələrdən (mobil cihaz, planşet və digər) istifadə etməklə Sistemə inteqrasiya edilmiş mobil tətbiq vasitəsilə məcburi nişanlamanı skan edərək, markaları yoxlamaq və uyğunsuzluqlar barədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək imkanını yaradır.
4.5. Sifarişçi Sistem istifadəçisi olan işçiləri və təsərrüfat subyektləri haqqında məlumatları (işçilərin soyadı, adı, atasının adı, təsərrüfat subyektlərinin ünvanı, fəaliyyət növü və s.) özündə ehtiva edən şəxsi kabinetini Sistemdə formalaşdırır və qeydiyyatdan keçirir. Sifarişçilər şəxsi kabinetə daxil olmaqla Sistemdən istifadə edirlər.
5.1. Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) növbəti təqvim ili üçün markalara olan tələbatına (aksiz markalarına münasibətdə aylar və mallar üzrə bölgü göstərilməklə) dair proqnoz məlumatları hər il iyul ayının 1-dək Sistemdəki elektron kabinet vasitəsilə Xidmətə təqdim etməlidir.
5.2. Xidmət tərəfindən proqnoz məlumatları əsasında vergi ödəyicilərinin markalarla vaxtında təmin edilməsi və bununla bağlı xərclərin planlaşdırılması üçün tədbirlər görülür.
5.3. Sifarişçinin aksiz markası üzrə təqdim etdiyi proqnoz məlumatlarında 30 faizdən çox dəyişiklik olduqda, Sifarişçi həmin markaları sifariş verməzdən 2 (iki) ay əvvəl dəyişikliyin səbəbini qeyd etməklə proqnozun dəqiqləşdirilməsi barədə Sistem vasitəsilə Xidmətə məlumat verməlidir.
6.1. Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) markaları markalanmalı malların istehsalına başlamazdan, yaxud Azərbaycan Respublikasının ərazisinə idxal etməzdən əvvəl almalıdır.
6.2. Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) markaları əldə etmək üçün elektron kabinet vasitəsilə aşağıdakı məlumatları əlavə etməklə Xidmətə müraciət edir:
6.2.1. markalanmalı malların istehsalçıları tərəfindən istehsal ediləcək malların növü, sayı, qablaşdırma həcmi barədə məlumat;
6.2.2. markalanmalı malları idxal edən şəxslərlə satıcı (vasitəçi) arasında bağlanılmış müqavilə və həmin müqavilənin əlavəsinin Azərbaycan dilində notarial qaydada təsdiq edilmiş surəti (müqavilə və onun əlavəsi Azərbaycan dilində tərtib edilmədikdə, həmçinin onların Azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti);
6.2.4. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Qida Təhlükəsizliyi Reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın surəti (Xidmət həmin sənədi bu Qaydaların 6.4-cü bəndində qeyd edilən qaydada əldə edə bilmədikdə).
6.3. Bu Qaydaların 6.2.2-ci yarımbəndində qeyd edilən müqavilənin əlavəsində idxal ediləcək malların adı, həcmi, miqdarı (sayı) və eyni zamanda əlavənin aid olduğu müqavilə göstərilməlidir.
6.4. Bu Qaydaların 6.2.4-cü yarımbəndində qeyd edilən sənədin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənəd Sifarişçidən tələb edilmir. Həmin sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi Sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya Sifarişçi tərəfindən təmin edilir.
6.5. Malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı (qurumu) (Xidmət istisna olmaqla) icra sənədini aldıqdan sonra markaları əldə etmək üçün elektron kabinet vasitəsilə aşağıdakı məlumatları əlavə etməklə Xidmətə müraciət edir:
6.5.1. markalanmalı malların növü, sayı, qablaşdırma həcmi barədə məlumat;
6.5.2. malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarının və müvafiq icra sənədinin surəti;
6.6. Sifarişçilərə sifarişin qeydə alınması barədə bildiriş real vaxt rejimində Sistem vasitəsilə göndərilir.
6.7. Xidmət sifarişçinin təqdim etdiyi müraciətə 3 (üç) iş günü müddətində baxır, bu Qaydaların 6.2-ci və 6.5-ci bəndlərinin tələbləri pozulduqda həmin müddət ərzində sifarişdən imtina edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində Sistem vasitəsilə sifarişçiyə məlumat verir.
6.7-1. Sifarişçi tərəfindən bu Qaydaların 6.2-ci və 6.5-ci bəndlərinin tələbləri təmin olunduqda, Xidmət sifarişçi tərəfindən müvafiq olaraq markaların sayına və ya müsadirə olunmuş mallara tətbiq edilən aksiz markalarının sayına uyğun olaraq dövlət rüsumunun ödənilməsi üçün müraciətə baxılma müddətində “e-bildiriş” tərtib edir və Sistem vasitəsilə dövlət rüsumu ilə yanaşı, həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinə əsasən xidmət haqqını ödəmək barədə sifarişçiyə məlumat verir.
6.7-2. Bu Qaydaların 2.1.5-ci, 2.1.7–2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlanmanın alınması üçün sifarişçi tərəfindən 6.2-ci bəndin tələbləri təmin olunduqda, Xidmət Sistem vasitəsilə bu Qaydaların 6.7-1-ci bəndində qeyd edilən məlumatla yanaşı, aksizi ödəmək vəzifəsi barədə sifarişçiyə 6.7-ci bənd ilə müəyyən olunmuş müraciətə baxılma müddətində məlumat verir.
6.7-3. Qərarın qəbul edilməsi üçün bu Qaydaların 6.7-1-ci və 6.7-2-ci bəndlərinə uyğun olaraq, Xidmət tərəfindən verilən məlumat alındığı tarixdən 3 (üç) iş günü ərzində sifarişçi tərəfindən dövlət rüsumu və xidmət haqqı, bu Qaydaların 6.7-2-ci bəndinə münasibətdə həm də aksiz ödənilir və ödənişi təsdiq edən sənəd vergi orqanına təqdim olunur.
6.7-4. Bu Qaydaların 6.7-3-cü bəndində nəzərdə tutulan ödənişlərin ödənilməsi faktını təsdiq edən sənəd Xidmətə təqdim edildikdən sonra markaların alınması üçün sifarişin təsdiq olunması barədə 2 (iki) iş günü müddətində qərar qəbul edilir və Sistem vasitəsilə sifarişçiyə məlumat verilir.
6.7-5. Bu Qaydaların 6.7-1–6.7-4-cü bəndlərinin tələbləri pozulduqda Xidmət markaların verilməsindən imtina edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində Sistem vasitəsilə sifarişçiyə məlumat verir.
6.8. Sifarişçi bu Qaydaların 6.7-ci və 6.7-5-ci bəndlərinə əsasən sifarişdən imtina edilməsi barədə qərarı aldığı gündən qərarda qeyd edilən imtina halını aradan qaldırmaqla təkrar müraciət edə bilər.
6.9. Təsdiq olunmuş sifarişə əsasən Xidmət markaların hazırlanıb sifarişçiyə təqdim edilməsi barədə Sistem vasitəsilə 2 (iki) iş günü müddətində operatora bildiriş göndərir.
6.10. Aksiz markaları aşağıdakı qaydada alınır:
6.10.1. təsdiq edilmiş sifariş sifarişçi tərəfindən bu Qaydaların 5-ci hissəsinə uyğun olaraq verilmiş illik proqnozun 130 faizi həddində olduqda, operator bu Qaydaların 6.9-cu bəndində qeyd edilən bildirişi aldıqdan sonra 5 (beş) iş günü müddətində aksiz markalarını hazırlayır və bu barədə sifarişçiyə Sistem vasitəsilə məlumat verir. Məlumatın verildiyi tarixdən sonra bu Qaydaların 6.10.6-cı yarımbəndi nəzərə alınmaqla, aksiz markalarının sifarişçiyə təhvil verilməsi bu Qaydaların 6.10.5-ci yarımbəndində nəzərdə tutulmuş qaydada ən geci 5 (beş) gün müddətində təmin edilir;
6.10.2. təsdiq edilmiş sifariş sifarişçi tərəfindən bu Qaydaların 5-ci hissəsinə uyğun olaraq verilmiş illik proqnozun 130 faizindən çox olduqda, operator sifarişin 130 faizə qədər hissəsinə münasibətdə bu Qaydaların 6.10.1-ci yarımbəndinə uyğun olaraq tədbirlər görür, proqnozun 130 faizindən çox olan hissəsinə münasibətdə isə aksiz markalarının təchiz edilməsi tarixi barədə sifarişçiyə 3 (üç) iş günü müddətində Sistem vasitəsilə məlumat verir. Sifarişin təsdiq edildiyi gündən sifarişçilərin 60 (altmış) gün müddətində aksiz markaları ilə təchiz edilməsi təmin edilir;
6.10.3. il ərzində yeni qeydiyyatdan keçən və ya bu Qaydaların 5.1-ci bəndində qeyd edilmiş tarixədək markalara olan tələbata dair proqnoz məlumatlarını təqdim etməyən sifarişçilərə aksiz markalarının təchiz edilməsi tarixi barədə operator Sistem vasitəsilə bu Qaydaların 6.9-cu bəndində qeyd edilən bildirişi aldıqdan sonra 3 (üç) iş günü müddətində məlumat verir. Sifarişin təsdiq edildiyi gündən sifarişçilərin 60 (altmış) gün müddətində aksiz markaları ilə təchiz edilməsi təmin edilir;
6.10.4. operator məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş mallara tətbiq edilən aksiz markalarını bu Qaydaların 6.9-cu bəndində qeyd edilən bildirişi aldıqdan sonra 30 (otuz) iş günü müddətində hazırlayır və bu barədə sifarişçiyə Sistem vasitəsilə məlumat verir. Məlumatın verildiyi tarixdən sonra bu Qaydaların 6.10.6-cı yarımbəndi nəzərə alınmaqla, aksiz markalarının sifarişçiyə təhvil verilməsi bu Qaydaların 6.10.5-ci yarımbəndində nəzərdə tutulmuş qaydada ən geci 5 (beş) gün müddətində təmin edilir;
6.10.5. çap olunmuş aksiz markaları gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra 3 (üç) gün müddətində operator tərəfindən Xidmətin müəyyən etdiyi saxlanc yerinə təhvil verilir. Xidmətin müəyyən etdiyi saxlanc yerində aksiz markalarının saxlanılması, sifarişçiyə və ya sifarişçinin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi mərkəzləşdirilmiş qaydada Xidmət tərəfindən təşkil edilir;
6.10.6. idxal olunacaq markalanmalı malların Azərbaycan Respublikasının ərazisinə markalanmış halda idxalını təmin etmək üçün Xidmət sifarişçi tərəfindən alınmış aksiz markalarını idxal edilən malların istehsalçısına və ya bu malların Azərbaycan Respublikasının hüdudlarından kənarda satışına vasitəçilik fəaliyyətini həyata keçirən subyektlərə həmin sifarişçinin hesabına göndərilməsini təşkil edir;
6.10.7. aksiz markalarının Azərbaycan Respublikasının hüdudlarından kənarda olan istehsalçılara və ya bu malların Azərbaycan Respublikasının hüdudlarından kənarda satışına vasitəçilik fəaliyyətini həyata keçirən subyektlərə göndərildiyini təsdiq edən sənədlər aksiz markaları göndərildikdən sonra onların göndərilməsini həyata keçirən şəxs tərəfindən 5 (beş) iş günü müddətində Xidmətə təqdim edilməlidir.
6.11. Aksiz markaları sifarişçiyə təhvil verildikdən sonra 1 (bir) il müddətində istifadə edilməlidir.
6.12. Məcburi nişanlama aşağıdakı qaydada alınır:
6.12.1. təsdiq edilmiş sifarişə uyğun olaraq məcburi nişanlamanın alınması markalanmalı malların istehsalına başlamazdan əvvəl onları Sistemdən yükləməklə real vaxt rejimində həyata keçirilir;
6.12.2. idxal olunacaq məcburi nişanlamalı olan malların Azərbaycan Respublikasının ərazisinə markalanmış halda idxalını təmin etmək üçün sifarişçi Azərbaycan Respublikasının hüdudlarından kənarda olan istehsalçıya məcburi nişanlamanı elektron şəkildə göndərə bilər və ya Sistemdən istifadə edərək məcburi nişanlamanın elektron formada əldə edilməsi üçün ona Sistemə giriş hüququ təqdim edə bilər.
7.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı mallara tətbiq edilən aksiz markaları bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən malların istehsal olunduğu yerdə istehsalçılar tərəfindən yapışdırılır.
7.2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən markalanmalı mallara tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları tərəfindən və ya bu mümkün olmadıqda, sifarişçi ilə bağlanılmış müqavilə əsasında malları ölkəyə idxal edən subyekt tərəfindən mallar idxal edilməzdən əvvəl yapışdırılır.
7.3. Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivəyə (alkoqolsuz pivə istisna olmaqla), energetik içkilərə, tündləşdirilməmiş alkoqollu içkilərə (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan), şəraba, şampan şərabına və konyaka münasibətdə bu Qaydaların 7.2-ci bəndinin tələblərini yerinə yetirmək mümkün olmadığı təqdirdə qeyd olunan mallara tətbiq olunan aksiz markaları Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrində həmin malı idxal edən şəxs tərəfindən Komitənin və Xidmətin əməkdaşlarının nəzarəti altında yapışdırılır.
7.4. Məcburi nişanlama DataMatrix şəklində olmaqla özündə bu Qaydaların əlavəsində qeyd edilən məlumatları ehtiva edir və aşağıdakıların üzərinə yerləşdirilir:
7.4.1. bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən mallar üçün nəzərdə tutulmuş aksiz markalarının;
7.4.2. bu Qaydaların 2.1.5-ci, 2.1.7–2.1.9-cu yarımbəndlərində qeyd edilən mal nümunələrinin qutularının.
7.5. Bu Qaydaların 2.1.5-ci, 2.1.7–2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlama həmin malların istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar) tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə çap edilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.
7.6. Məcburi nişanlama bu Qaydaların 7.5-ci bəndinin tələbləri gözlənilməklə bilavasitə malın üzərinə vurulmalı və başqa məlumat ilə örtülməməlidir.
7.7. Markalanan malların şəffaf sellofan örtüyü olduğu halda aksiz markaları sellofan örtüyünün altından (müsadirə olunmuş markalanmalı mallar istisna olmaqla) tətbiq edilir.
7.8. Bu Qaydaların 2.1.5-ci yarımbəndində qeyd edilən mallar üzrə yalnız siqarlara, o cümlədən ucu kəsilən siqarlara, siqarillalara və bu Qaydaların 2.1.7–2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara münasibətdə bu Qaydaların 7.5-ci bəndinin tələblərini yerinə yetirmək mümkün olmadığı təqdirdə, məcburi nişanlama üzərində çap olunmuş yapışqanlı kağızların malın üzərinə yapışdırılması yolu ilə tətbiq edilə bilər.
7.9. Məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş markalanmalı mallara aksiz markaları malın sellofan örtüyü olduğu halda, sellofan örtüyün üstündən tətbiq edilir.
7.10. Markalar malın üzərinə onu zədələmədən, malın rekvizitlərinin və ona dair zəruri məlumatların (adı, istehsal və son istifadə tarixi, istifadə qaydaları və s.) aydın görünməsinə imkan verən və Sistem vasitəsilə oxunması mümkün olan şəkildə tətbiq edilməlidir. Malların hər bir qabının (qutu, şüşə, banka və ya digər tara) üzərinə eyni markadan yalnız bir ədəd tətbiq edilir.
7.11. Markalar bu Qaydaların 2.1.1-2.1.3-cü yarımbəndlərində qeyd edilən malların üzərinə yapışdırılarkən, həmin malların istifadəsi zamanı markaların yararsız hala düşməsini təmin etmək məqsədilə markanın bir hissəsi qabın boğazlığının yan tərəfinə, digər hissəsi isə qapağın üst tərəfinə yeləşdirilməlidir.
7.12. Bu Qaydaların 2.1.4-cü yarımbəndində qeyd edilən malların istehsalçıları və idxalçıları markaları şüşələrin və bankaların qapağının üzərinə yapışdırırlar. Çəlləklərə tətbiq edilən marka çəlləyin gövdəsini əhatə etməklə birdəfəlik istifadə klapanının mühafizə tıxacı üzərinə elə yapışdırılmalıdır ki, mallar istehlak üçün açıldıqda marka yararsız hala düşsün.
8.1. Markalanmalı malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yalnız həmin malların üzərinə tətbiq edilən markaların bu Qaydalara uyğun olaraq sifarişçilər tərəfindən aktivləşdirilməsindən sonra yol verilir.
8.2. Aktivləşdirmə zamanı aşağıdakı məlumatlar şifrələnmiş formada markalarla əlaqələndirilir:
8.2.1. sifarişçinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i), mallar idxal olunduqda həmçinin malların istehsalçısının adı, mənşə ölkəsi;
8.2.2. bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan markalanmalı malların növü;
8.2.3. markalanmalı malın bir qablaşdırmasının həcmi və ya tütün məmulatının ədədlə sayı;
8.2.4. markalanmalı malın adı;
8.2.5. markalanmalı malın şəkli;
8.2.6. markalanmalı malın tərkibi;
8.2.7. markalanmalı malın istehsal tarixi;
8.2.8. markalanmalı malın son istehlak tarixi (olduğu halda);
8.2.9. əmtəənin qlobal identifikasiya nömrəsi (GTİN) (olduğu halda).
8.3. Aktivləşdirmə zamanı bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan məlumatlar sifarişçi tərəfindən Sistem vasitəsilə elektron kabinetə daxil edilir.
8.4. Markalanmalı malları Azərbaycan Respublikasının ərazisində istehsal edən sifarişçilər markaların aktivləşdirilməsini Sistemə qoşulmuş avadanlıqlar vasitəsilə həyata keçirirlər. Avadanlıqlar hər bir malın markalanmasını, markanın üzərində bu Qaydalarda nəzərdə tutulan məlumatların mövcudluğunu, göstəricilərin oxunaqlılığını və keyfiyyətini yoxlayır.
8.5. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı malların markaları mallar Azərbaycan Respublikasına idxal edildikdən sonra gömrük buraxılış məntəqələrində Komitənin əməkdaşlarının nəzarəti altında malı idxal edən şəxs tərəfindən skan qurğuları vasitəsilə skan etməklə Sistemdə aktivləşdirilir.
9.1. Bu Qaydaların 4.2.1- 4.2.3-cü yarımbəndlərində nəzərdə tutulan subyektlər tərəfindən markalanmış malların kiçikhəcmli qablaşdırmaları cəmlənərək toplu bağlamalar şəklində Sistemdə qeydə alına bilər.
9.2. Markalanmış malların toplu bağlamalarının hər birinin üzərinə həmin bağlamanı yaradan subyekt tərəfindən Sistem vasitəsilə yaradılmış toplu bağlama etiketi tətbiq edilməlidir.
9.3. Toplu bağlama etiketi bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş qaydada Sistemə qoşulmuş avadanlıq vasitəsilə çap edilərək markalanmış malların toplu bağlamalarının üzərinə vurulur. Tətbiq edilən toplu bağlama etiketi bağlamanın daşınma üçün yüklənilməsi və ya boşaldılması zaman skaner vasitəsilə maneəsiz oxuna biləcək sahəsinə vurulur.
9.4. Toplu bağlama etiketi skaner vasitəsilə oxunarkən bağlama haqqında aşağıdakı məlumatlar sistemdə və skanerin üzərində əks olunur:
9.4.1. qablaşdırma nömrəsi;
9.4.2. qablaşdırma növü;
9.4.3. qablaşdırma tərkibi;
9.4.4. qablaşdırmadakı mal vahidlərinin sayı.
9.5. Sistem vasitəsilə yaradılmış toplu bağlama etiketinə görə əlavə ödəniş tutulmur.
10.1. Operator markaların yoxlanılması və qeydiyyatı üçün Xidmətin və Komitənin əməkdaşlarını müvafiq cihazlarla təmin edir.
10.2. Mallar vergi ödəyiciləri tərəfindən malların üzərinə vurulmuş məcburi nişanı və ya toplu bağlama etiketini oxumaq üçün skanerlə təchiz olunmuş nəzarət-kassa aparatlarının köməyi ilə son satış mərhələsində satıldıqda markalar dövriyyədən çıxarılır. Sistem malların satışı vəziyyətini izləyir və təsdiqləyir, bundan sonra marka dövriyyədən çıxarılır. Alınmış mal geri qaytarıldıqda markalar dövriyyəyə bərpa edilir. Son satış məntəqələrində markalanmalı malların satışı Xidmətin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.
10.3. İctimai iaşə obyektlərində markalar göstərilən xidmət zamanı skanerlə təchiz olunmuş nəzarət-kassa aparatlarının köməyi ilə dövriyyədən çıxarılır.
10.4. Markalanmalı mallar, pərakəndə satış (o cümlədən ictimai iaşə obyektlərində malların təqdim edilməsi) istisna olmaqla, digər əsaslarla (malların sınması, oğurlanması, itməsi, qırılması və s.) dövriyyədən çıxarıldıqda, məcburi nişanlamanın dövriyyədən çıxarılma səbəbini göstərməklə məcburi nişanlamanın uçotunun ləğvi nişanı dövriyyədən çıxaran şəxs tərəfindən həmin gün real vaxt rejimində bildiriş göndərməklə həyata keçirilir.
11.1. Operatorun Sistemin fəaliyyəti ilə bağlı vəzifələri aşağıdakılardır:
11.1.1. Sistemdən istifadəni həyata keçirmək üçün sifarişçilərin işçi heyətinin təlimatlandırılmasını təmin etmək;
11.1.2. markalanmalı mallar haqqında məlumatlar avadanlıqların nasazlığı səbəbindən düzgün əks olunmadığı təqdirdə bu barədə akt tərtib edərək, sifarişçi ilə birlikdə bazada məlumatların düzəlişini təmin etmək;
11.1.3. öz təqsiri üzündən zədəli və ya istifadə üçün yararsız markaları öz hesabına başqa markalarla əvəz etmək;
11.1.4. markalanmalı malların istehsalçılarını, idxalçılarını, topdan və pərakəndə satışı (o cümlədən ictimai iaşə obyektlərində malların təqdim edilməsi) ilə məşğul olan subyektləri markaların hərəkətinə dair məlumatları Sistemdə qeydə almaq imkanı yaradan proqram təminatı ilə təmin etmək;
11.1.5. markalanmalı malların son satış mərhələsində Xidmətin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan nəzarət-kassa aparatları vasitəsilə dövriyyədən çıxarılmasını təmin etmək üçün Sistemdə texniki imkan yaratmaq;
11.1.6. sifarişçiləri markaları aktivləşdirmək üçün zəruri olan proqram təminatları ilə təchiz etmək.
11.2. Sifarişçilərin vəzifələrinə aşağıdakılar aiddir:
11.2.1. istehsal xətlərində zəruri olan istehsala nəzarət və aktivləşdirmə avadanlıqlarını öz hesabına əldə etmək, həmin avadanlıqların quraşdırılmasını və fəaliyyətini təmin etmək;
11.2.2. markaların markalanmalı mallara tətbiq edilməsini və aktivləşdirilməsini təşkil etmək üçün bu Qaydalara və operatorun təlimatına əməl etmək;
11.2.3. tətbiq edilmiş markanın üzərini onu oxumağa mane olan materialla örtməmək;
11.2.4. markaların hərəkətinə dair məlumatları Sistemdə qeydə almaq imkanı yaradan avadanlığı (skan və çap qurğuları) öz hesabına əldə etmək;
11.2.5. operatorun daimi monitorinq aparması və xidmət göstərməsi məqsədilə Sistemə məsafədən çıxışını təmin etmək üçün bütün zəruri şəraiti yaratmaq (elektrik enerjisi və internet bağlantısının təmin edilməsi daxil olmaqla);
11.2.6. quraşdırılmış avadanlığın saz vəziyyətdə olmasını təmin etmək;
11.2.7. yeni istehsal avadanlığının qurulması və ya yenilənməsi hallarında, bu barədə 5 (beş) təqvim günü əvvəlcədən operatora məlumat vermək;
11.2.8. Sistemdəki hər hansı texniki nasazlıq səbəbindən aktivləşdirmə mümkün olmadıqda, bu barədə dərhal operatora məlumat vermək və markalanmalı malların istehsal xəttindən çıxarılmasını təmin etməklə texniki nasazlıq aradan qaldırılanadək anbarda saxlamaq, texniki nasazlıq aradan qaldırıldıqdan sonra aktivləşdirilərək dövriyyəyə buraxmaq;
11.2.9. istehsala nəzarət avadanlıqlarının mühafizə və təhlükəsizliyini təmin etmək;
11.2.10. zədələnmiş, korlanmış aksiz markalarının operatora qaytarılmasını təmin etmək, itirilmiş və məhv olmuş aksiz markaları barədə dərhal Sistemdə qeydlər aparmaq;
11.2.11. Sistemdə işləmək üçün yalnız operator tərəfindən təlimatlandırılmış işçiləri cəlb etmək;
11.2.12. markalanmalı malların toplu bağlamalarına Sistem vasitəsilə yaradılmış toplu bağlama etiketi tətbiq etmək;
11.2.13. markalanmalı malların toplu bağlamalarının hərəkəti barədə məlumatları Sistemdə qeydə almaq;
11.2.14. markalanmış malların təsərrüfatdaxili yerdəyişməsi zamanı (bir təsərrüfat subyektindən (obyektindən və ya anbarından) digər təsərrüfat subyektinə (obyektinə və ya anbarına) həmin malların yerdəyişməsini Sistemdə qeydə almaq;
11.2.15. topdan və pərakəndə satıcılara, o cümlədən ictimai iaşə obyektlərinə göndərilən malların elektron qaimə-faktura nömrəsini Sistemdə qeyd etmək.
11.3. Markalanmalı malların topdan satıcılarının vəzifələrinə aşağıdakılar aiddir:
11.3.1. sifarişçilərdən alınmış malları skaner vasitəsilə skan edərək və ya elektron qaimə-fakturanı təsdiq edərək Sistem üzərindən anbara qəbul etmək;
11.3.2. malların müxtəlif anbarlar arasındakı hərəkətini Sistem vasitəsilə yerdəyişmə kimi qeydə almaq;
11.3.3. markalanmalı malların yeni yaradılan toplu bağlamalarına özüyapışan toplu bağlama etiketi tətbiq etmək;
11.3.4. markalanmalı malların digər satıcılara göndərilməsi barədə məlumatları, toplu bağlamanı və ya malın hər bir nüsxəsini skan etməklə satılmış markalanmalı mallar barədə məlumatları Sistem vasitəsilə qeydə almaq;
11.3.5. göndərilən malların elektron qaimə-faktura nömrəsini Sistemdə qeyd etmək.
11.4. Markalanmalı malların pərakəndə satıcılarının (o cümlədən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin) vəzifələrinə aşağıdakılar aiddir:
11.4.1. alınmış markalanmalı malları Xidmətin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan nəzarət-kassa aparatı və ya skaner cihazı vasitəsilə skan olunaraq və ya elektron qaimə-fakturanı təsdiq edərək Sistem üzərindən qəbul etmək;
11.4.2. markalanmalı malların satışını bu Qaydaların 10.2-ci bəndinə uyğun olaraq həyata keçirmək.
12.1. Aksiz markaları il ərzində istifadə edilmədikdə, zədələndikdə, korlandıqda, habelə onlarda istifadəsinə imkan verməyən digər qüsurlar aşkar edildiyi təqdirdə sifarişçi markaların operatora qaytarılması üçün Sistem vasitəsilə Xidmətə müraciət edir. Müraciətdə aksiz markasının qaytarılmasının səbəbləri, həmçinin aksiz markasının seriya və nömrəsi, təyinatı göstərilir və istifadə edilməmiş, zədələnmiş və ya korlanmış aksiz markaları Xidmətə geri qaytarılır.
12.2. Zədələnmiş və ya korlanmış aksiz markaları qaytarılarkən aşağıdakı şərtlərə riayət edərək yapışdırılmalıdır:
12.2.1. qaytarılan aksiz markalarının seriya və nömrələri və ya məcburi nişan aydın görünməlidir;
12.2.2. parçalanmış markaların ayrı-ayrı hissələri birləşdirilməlidir.
12.3. Aksiz markalarının qaytarılması operator tərəfindən Sistemdə təsdiq edilir.
12.4. Zədələnmiş və ya korlanmış aksiz markalarının məhv edilməsi üçün Xidmət tərəfindən Komissiya yaradılır. Zədələnmiş və ya korlanmış markaların məhv edilməsi haqqında akt tərtib edilir və Komissiyanın üzvləri tərəfindən imzalanır.
12.5. İstehsal zamanı elektron formada əldə edilmiş, lakin aktivləşdirilməmiş məcburi nişanlama yenidən istifadə edilə bilər.
12.6. Qaytarılan markaların alınmasına görə ödənilmiş dövlət rüsumu qaytarılmır. Çap edilmiş markalar operatorun təqsiri üzündən zədələndikdə, korlandıqda həmin markalar operator tərəfindən yenisi ilə ödənişsiz olaraq əvəz edilir.
12.7. Sifarişçi 1 (bir) il müddətində istifadə edilməmiş aksiz markalarının növbəti ildə istifadə edilməsi barədə razılıq verilməsi üçün Xidmətə yazılı müraciət edə bilər. Xidmət tərəfindən razılıq operatora təqdim edildikdən sonra operator Sistemdə müvafiq qeyd aparmaqla bu barədə Sifarişçiyə bildiriş göndərir.
13.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılmasına, idxalına və ya təqdim edilməsinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:
13.1.1. həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda (istehsalçılar tərəfindən həmin malların təqdim edilməsi halları istisna olmaqla);
13.1.2. həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədilə pərakəndə ticarət və ictimai iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) elektron qaimə-faktura ilə rəsmiləşdirildikdə;
13.1.3. markalanmalı malların üzərinə tətbiq edilən markalar bu Qaydaların 8.1-ci bəndinə uyğun olaraq sifarişçilər tərəfindən aktivləşdirildikdə.
13.2. Markalanmalı malların satılması (ictimai iaşə obyektlərində malların təqdim edilməsi və pərakəndə satış istisna olmaqla) və satış məqsədilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.
13.3. Markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri Xidmətin bu sahədə nəzarəti həyata keçirən əməkdaşlarına onların tələbi ilə təqdim etməlidirlər.
14.1. Bu Qaydalar üzrə markaların uçotu Xidmət tərəfindən Sistem vasitəsilə həyata keçirilir.
14.2. Bu Qaydaların icrasına nəzarət fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət və Komitə tərəfindən həyata keçirilir.
15.1. Bu Qaydalar qüvvəyə mindiyi tarixdən bütün sifarişçilər Sistemə qoşulanadək aksiz markalarının alınması və tətbiqi bu Qaydalar qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.
15.2. Şəxslər tərəfindən bu Qaydaların 2-ci hissəsində qeyd edilən markalanmalı malların bu Qaydalar qüvvəyə mindiyi tarixədək əldə edilmiş aksiz markaları ilə markalanması, dövriyyəsi və satışı aşağıdakı qaydada həyata keçirilir:
15.2.1. Azərbaycan Respublikasının ərazisində istehsal və ya idxal fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Sistemə qoşulma barədə Xidmət tərəfindən bildiriş aldıqdan sonra həmin günədək aldıqları aksiz markalarını 8 (səkkiz) ay müddətində istifadə edə bilərlər. Bu müddət bitdikdən sonra istifadə olunmamış əvvəlki aksiz markaları ilə markalanmış malların dövriyyəsi və satışı qadağandır;
15.2.2. topdan, pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Sistemə qoşulma barədə Xidmət tərəfindən bildiriş aldıqdan sonra 8 (səkkiz) ay müddətində bu Qaydalar qüvvəyə minənədək tətbiq olunan aksiz markaları ilə markalanmış malların satışını həyata keçirə bilərlər. Bu müddət bitdikdən sonra istifadə olunmamış əvvəlki aksiz markaları ilə markalanmış malların dövriyyəsi və satışı qadağandır.
15.3. Sistemə qoşulma üzrə bildirişin alınması tarixi Azərbaycan Respublikasının ərazisində istehsal və ya idxal fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, topdan, pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin elektron kabinetinə göndərilən bildirişin tarixi hesab edilir.
1. Aksiz markalarına dair ümumi tələblər:
1.1. markalanmalı mallara tətbiq olunan aksiz markalarının üzərində aşağıdakı məlumatlar əks olunmalıdır:
1.1.1. məcburi nişanlama;
1.1.2. seriya: aksiz markaları üçün seriya nömrələrin ilk hərfi markalanmış məhsulun qrupundan asılı olaraq aşağıdakı kimi dəyişilir:
SAA 00000000 – İçməli spirt
TAA 00000000 – Tündləşdirilmiş alkoqollu içkilər
ŞAA 00000000 – Şampan şərabı
EAA 00000000 – Energetik içkilər
KAA 00000000 – Tündləşdirilməmiş alkoqollu içkilər
MAA 00000000 – Müsadirə olunmuş tütün məhsulları;
1.1.3. sıra nömrəsi və eyni seriyaya malik olan aksiz markalarının sıra nömrələri təkrarlanmamalıdır;
1.1.4. təyinatı (daxili istehsal, idxal, müsadirə);
1.1.5. müdafiə elementləri.
2. İçməli spirtə tətbiq edilən aksiz markalarına dair tələblər:
2.1. aksiz markalarının üzərində bu Əlavənin 1.1-ci bəndində qeyd edilənlərdən başqa aşağıdakı məlumatlar əks olunmalıdır:
2.1.1. malın növü (içməli spirt);
2.1.2. qablaşdırmanın həcmi (litr ilə);
2.1.3. içməli spirt üzrə məhsulun həcmi “0,250 litrədək”, “0,5 litrədək”, “0,750 litrədək”, “1,0 litrədək” və “1,0 litrdən çox” sözləri ilə qeyd edilir;
2.2. içməli spirtə tətbiq edilən aksiz markaları aşağıdakı formalara uyğun olaraq özüyapışan kağızda olmalıdır:
2.2.1. Azərbaycan Respublikasında istehsal olunan içməli spirt üçün aksiz markalarının təsviri:
2.2.2. Azərbaycan Respublikasına idxal olunan içməli spirt üçün aksiz markalarının təsviri:
2.2.3. Azərbaycan Respublikasında müsadirə olunmuş içməli spirt üçün aksiz markalarının təsviri:
3. Alkoqollu içkilərə: araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatlarına (şərab və şərab materialları, pivə, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər istisna olmaqla) tətbiq edilən aksiz markalarına dair tələblər:
3.1. aksiz markalarının üzərində bu Əlavənin 1.1-ci bəndində qeyd edilənlərdən başqa aşağıdakı məlumatlar əks olunmalıdır:
3.1.1. malın növü (alkoqollu içkilər);
3.1.2. qablaşdırmanın həcmi (litr ilə);
3.1.3. alkoqollu içkilər üzrə məhsulun həcmi “0,250 litrədək”, “0,5 litrədək”, “0,750 litrədək”, “1,0 litrədək” və “1,0 litrdən çox” sözləri ilə qeyd edilir;
3.2. alkoqollu içkilərə tətbiq edilən aksiz markaları aşağıda qeyd edilən formalara uyğun olaraq özüyapışan kağızda olmalıdır:
3.2.1. Azərbaycan Respublikasında istehsal olunan alkoqollu içkilər (şərab və şərab materialları, pivə, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər istisna olmaqla) üçün aksiz markalarının təsviri:
3.2.2. Azərbaycan Respublikasına idxal olunan alkoqollu içkilər (şərab və şərab materialları, pivə, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər istisna olmaqla) üçün aksiz markalarının təsviri:
3.2.3. Azərbaycan Respublikasında müsadirə olunmuş alkoqollu içkilər (şərab və şərab materialları, pivə, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər istisna olmaqla) üçün aksiz markalarının təsviri:
4. Şərab və şərab materiallarına tətbiq edilən aksiz markalarına dair tələblər:
4.1. aksiz markalarının üzərində bu Əlavənin 1.1-ci bəndində qeyd edilənlərdən başqa aşağıdakı məlumatlar əks olunmalıdır:
4.1.1. malın növü (şərab);
4.1.2. qablaşdırmanın həcmi (litr ilə);
4.1.3. şərab və şərab materialları üzrə məhsulun həcmi “0,375 litrədək”, “0,750 litrədək” və “0,750 litrdən çox” sözləri ilə qeyd edilir;
4.2. şərab və şərab materiallarına tətbiq edilən aksiz markaları aşağıda qeyd edilən formalara uyğun olaraq özüyapışan kağızda olmalıdır:
4.2.1. Azərbaycan Respublikasında istehsal olunan şərab və şərab materialları üçün aksiz markalarının təsviri:
4.2.2. Azərbaycan Respublikasına idxal olunan şərab və şərab materialları üçün aksiz markalarının təsviri:
4.2.3. Azərbaycan Respublikasında müsadirə olunmuş şərab və şərab materialları üçün aksiz markalarının təsviri:
5. Pivə, energetik içkilərə və tündləşdirilməmiş alkoqollu içkilərə tətbiq edilən aksiz markalarına dair tələblər:
5.1. şüşə və dəmir qablaşdırmada olan pivə, energetik və tündləşdirilməmiş alkoqollu içkilərə tətbiq edilən aksiz markalarının üzərində bu Əlavənin 1.1-ci bəndində qeyd edilən məlumatlar əks olunmalıdır;
5.2. çəlləklərdə olan pivənin üzərinə tətbiq edilən aksiz markalarının üzərində əlavə olaraq “Pivə” və “Aksiz markası”, eləcə də qablaşdırmanın həcmini göstərən “50 litr. KEG” və ya “50 litrədək KEG” sözləri yazılır;
5.3. pivə, energetik içkilərə və tündləşdirilməmiş alkoqollu içkilər tətbiq edilən aksiz markaları aşağıda qeyd edilən formalara uyğun olaraq özüyapışan kağızda olmalıdır:
5.3.1. Azərbaycan Respublikasında istehsal olunan şüşə və dəmir qablaşdırmalı pivə, energetik və tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz markalarının təsviri:
5.3.2. Azərbaycan Respublikasına idxal olunan şüşə və dəmir qablaşdırmalı pivə, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz markalarının təsviri:
5.3.3. Azərbaycan Respublikasında müsadirə olunmuş şüşə və dəmir qablaşdırmalı pivə, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz markalarının təsviri:
5.3.4. Azərbaycan Respublikasında istehsal olunan pivə çəlləkləri üçün aksiz markalarının təsviri:
5.3.5. Azərbaycan Respublikasına idxal edilmiş pivə çəlləkləri üçün aksiz markalarının təsviri:
5.3.6. Azərbaycan Respublikasında müsadirə edilmiş pivə çəlləkləri üçün aksiz markalarının təsviri:
6. Müsadirə edilmiş tütün məmulatlarına (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, qəlyan və onların əvəzediciləri) tətbiq edilən aksiz markalarına dair tələblər:
6.1. aksiz markalarının üzərində bu Əlavənin 1.1-ci bəndində qeyd edilənlərdən başqa aşağıdakı məlumatlar əks olunmalıdır:
6.1.1. malın növü (tütün məmulatı);
6.2. müsadirə edilmiş tütün məmulatlarına (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, qəlyan və onların əvəzediciləri) tətbiq edilən aksiz markaları aşağıda qeyd edilən formalara uyğun olaraq özüyapışan kağızda olmalıdır:
6.2.1. Azərbaycan Respublikasında müsadirə edilmiş tütün məmulatlarına (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, qəlyan və onların əvəzediciləri) tətbiq edilən aksiz markalarının təsviri:
7. Tütün məmulatlarının (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, qəlyan və onların əvəzediciləri) və elektron siqaretlər üçün mayenin qutusunun üzərinə çap ediləcək məcburi nişanlama:
tütün məmulatlarının (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, qəlyan və onların əvəzediciləri) qutusunun üzərinə çap ediləcək məcburi nişanlamanın ölçüləri qablaşdırma ölçülərindən asılı olaraq dəyişilir.
8. Toplu bağlama etiketi Sistemdən istifadə hüququna malik olan subyektin seçimindən asılı olaraq DataMatrix kodu və ya barkod şəklində Sistemə inteqrasiya edilmiş avadanlıq vasitəsilə müxtəlif ölçülərdə çap edilərək markalanmış malların toplu bağlamalarının skaner vasitəsilə maneəsiz oxuna biləcək hissəsinə tətbiq edilir:
DataMatrix kodu şəklində toplu bağlama etiketinin təsviri:
Barkod şəklində toplu bağlama etiketinin təsviri:
1. Aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallar:
1.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);
1.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;
1.3. şərab və şərab materialları;
1.4. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan).
2. Məcburi nişanlanmalı olan mallar:
2.1. tütün məmulatları;
2.3. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
2.4. alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;
2.5. qəlyan və onların əvəzediciləri.
Qeyd. Bu Siyahının 2-ci hissəsində təsbit edilən mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilir.
1. 7 mart 2024-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 302)
2. 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 930)
3. 22 oktyabr 2025-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 29 oktyabr 2025-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 993)
4. 12 may 2026-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2026-cı il, “Xalq” qəzeti, 16 may 2026-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 466)