Azərbaycan Respublikasında memarlıq üzrə müsabiqələrin keçirilməsi Qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 721 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında memarlıq üzrə müsabiqələrin keçirilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan SSR-də memarlıq üzrə müsabiqələrin keçirilməsi qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 30 dekabr tarixli 1143 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 oktyabr 1999-cu il № 165
Azərbaycan Respublikasında memarlıq üzrə müsabiqələrin keçirilməsi bu Qaydalarla tənzimlənir.
Müsabiqəyə təqdim olunan layihələrdə yüksək bədii-estetik səviyyə, milli memarlıq ənənələrinə bağlılıq, orijinallıq, mühit-məkan, interyer və eksteryerin müasir həlli və iqtisadi sərfəlilik prinsiplərinin olması əsas götürülür.
Müsabiqə keçirilməsi barədə mətbuatda məlumat verilir.
1. Müsabİqənİn obyektİ
1.1. Memarlıq müsabiqəsinin obyekti şəhərsalma kompleksləri, memarlıq ansamblları, sənaye və mülki yaşayış binaları, landşaft memarlığı, tikililər, qurğular, heykəltəraşlıq və memarlıq abidələri, onların bərpası və yenidən qurulmasıdır.
2. Müsabİqənİn İştİrakçıları
2.1. Müsabiqənin iştirakçıları — sifarişçi, münsiflər heyəti və iddiaçılardır.
2.2. Sifarişçi müsabiqəni elan edən hüquqi və fiziki şəxslərdir.
2.3. Münsiflər heyətinin tərkibi əsasən memarlıq sahəsində respublikanın tanınmış memar, alim və tədqiqatçılarından təşkil edilir və sifarişçi tərəfindən təsdiq olunur.
Münsiflər heyəti üzvlərinin sayı 11 nəfərdən çox olmamalıdır və bir qayda olaraq, 7-9 nəfərdən ibarət olur.
2.4. Münsiflər heyəti tərkibinin üçdə iki hissəsi və münsiflər heyətinin sədri mütləq memar olmalıdır.
2.5. Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş və qəbul olunmuş layihə işləri üzrə qərar verir.
2.6. Münsiflər heyətinin qərarı dəyişilməzdir.
2.7. Müsabiqə təşkilatçısı olan hüquqi şəxs mütəxəssislərin münsiflər heyəti tərkibində, ekspertlər qrupunda və məsul katib kimi gördükləri işlərə görə əlavə olaraq maliyyə ödənişi olmur.
2.8. Müsabiqələr iki turda aparıldıqda, münsiflər heyətinin tərkibi hər iki tur üçün sabit qalır.
2.9. Münsiflər heyətinə həvalə olunur:
müsabiqə şərtləri ilə müəyyən olunmuş pul mükafatlarının və digər mükafatların verilməsi barədə qərarın çıxarılması və müsabiqənin nəticələrinin yekunlaşdırılması.
2.10. Müsabiqənin məsul katibi aşağıdakı funksiyaları yerinə yetirir:
müsabiqənin keçirilməsi ilə bağlı məlumat və elanların dərc olunmasını təmin edir;
müsabiqənin təsdiq olunmuş proqramının, şərtlərinin, layihələşdirməyə başlamaq üçün zəruri olan materiallarının çoxaldılmasını və vaxtında iştirakçılara göndərilməsini təmin edir və onlara lazımi izahatlar verir;
müsabiqəyə daxil olan layihələri qəbul edir;
təqdim olunan layihələrin ekspertizasını təşkil edir;
münsiflər heyətinin bütün üzvləri, müsabiqə təşkilatları və ekspertlər arasında əlaqə yaradır;
münsiflər heyətinin iclaslarını və müsabiqə layihələrinin nümayişini təşkil edir;
müsabiqənin nəticələri üzrə protokol tərtib edir və onun göndərilməsini təmin edir;
açıq müsabiqələrin anonimliyinin saxlanması şərtlərini təmin edir;
açıq müsabiqədə mükafat almamış layihələrin müəlliflərinə (onlar tərəfindən tələb olunduqda) materialların layihələrinin göndərilməsini təşkil edir;
müsabiqə üzrə təsdiq olunmuş məsrəflər smetasında nəzərdə tutulan işlər üzrə əmək müqavilələrinin, pul mükafatlarının və müsabiqə şərtləri ilə müəyyən edilmiş digər mükafatların verilməsi üçün ödəniş cədvəlləri hazırlayır;
münsiflər heyətinin məsul katibi münsiflər heyətinin iclaslarında səsvermə hüququna malik olmadan iştirak edir.
2.11. Memarlıq üzrə müsabiqələrdə hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
3.1. Müsabiqənin texniki şərtlərini, layihə həllinin tərtib olunması və təqdim edilməsi qaydalarını, maliyyə xərclərini sifarişçi müəyyən edir.
3.2. Dövlət səviyyəli memarlıq müsabiqələrinin təşkilini və onların keçirilməsinə rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı ilə birlikdə icra edir.
3.3. Layihələrin qəbul müddəti qurtardıqdan sonra, münsiflər heyəti işə başlamazdan əvvəl Memarlar İttifaqı və Dövləttikintikom tərəfindən təyin edilən rəyçi qrup müsabiqəyə təqdim olunmuş layihələr haqqında analitik məlumatı münsiflər heyətinə təqdim edir.
Rəyçi qrup analitik mülahizələrlə yanaşı, təqdim olunmuş layihələrin bütün hissələri (baş plan, memarlıq-planlaşdırma həlli, fasadların bədii memarlıq üslubu və s.) haqqında konkret rəy hazırlayır.
3.4. Müsabiqənin mövzusu həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazi üçün memarlıq-şəhərsalma baxımından mühüm əhəmiyyət kəsb etdiyi hallarda, onun keçirilməsi yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılır.
3.5. Müsabiqənin açıq və ya qapalı keçirilməsi, onun turlarının sayı və keçirilmə müddəti barədə qərarı müsabiqənin təşkilatçısı verir.
3.6. Müsabiqələrin keçirilməsi müddəti sifarişçi tərəfindən müəyyən edilir və müsabiqələrin mövzusundan və tələb olunan müsabiqə materiallarının həcmindən asılı olur.
3.8. Açıq müsabiqələr təşkil olunarkən, onun təşkilatçılarının qərarı ilə bu müsabiqələrdə iştirak etmək hüququ verən qeydiyyat haqqı müəyyən oluna bilər. Qeydiyyat haqqının ödənilməsi iddiaçının qeydiyyata götürülməsi və ona ilkin materialların verilməsi üçün əsasdır.
4. Mükafatlar və onların verİlməsİ
4.1. Ən yaxşı layihə həlli üçün təyin edilmiş mükafatlar sifarişçi tərəfindən təqdim olunur.
4.2. Mükafatlar 2 ay müddətində verilir.
4.3. Mükafat almış müəlliflərə münsiflər heyətinin qərarı poçt vasitəsilə çatdırılır.
4.4. Müsabiqənin nəticələri haqqında məlumat bir ay müddətində mətbuatda dərc edilir.
4.5. Mükafatların qədəri və sayı müsabiqələrin proqramları üzrə mövzusunun mühümlüyü və işlərin həcmi nəzərə alınmaqla təyin edilir.
Mükafatların ölçülərinin və sayının qəbul edilməsi aşağıdakı kimi müəyyən olunur:
I mükafat — 100 faiz-bir;
II mükafat — 75 faiz-ikidən çox olmamaqla;
III mükafat — 50 faiz-üçdən çox olmamaqla;
həvəsləndirici mükafatlar — 20-30 faiz-sayı məhdudlaşdırılmır.
Mükafatlardan əlavə Memarlar İttifaqının xüsusi diplomlarının da təsis edilməsi nəzərdə tutulur.
Açıq müsabiqələr iki turda keçirildikdə mükafatların sayı müsabiqə şərtlərində nəzərə alınır.
İkinci turun mükafatları adi qaydada təyin edilir (bir turda keçirilən müsabiqələrdə olduğu kimi).
4.6. Müsabiqələri təşkil edənlər onların elan edilməsi haqqında sənəd tərtib edirlər. Bu sənədlərdə:
müsabiqəni həyata keçirən təşkilatlar göstərilir, üzərinə müsabiqənin təşkili, onun keçirilməsinə nəzarət və nəticələrinin həyata keçirilməsinə məsul olanlar (müsabiqə materiallarının qəbul edilməsi, saxlanması və vaxtında qaytarılması, layihələr barədə analitik məlumat toplanmasının təşkili, müsabiqə keçirilən yerin icarə haqqının və mükafatların verilməsinə məsul olan idarə, müəssisə və s.) müəyyən edilir;
müsabiqənin proqramı və şərtləri təsdiq edilir;
maliyyə mənbələri və mükafatların ölçüləri göstərilir.
4.7. Müsabiqələri təşkil edənlər aşağıdakıları təmin edirlər:
açıq müsabiqələrin keçirilməsi ilə bağlı dövrü mətbuatda dərc olunmaq üçün məlumat və elanların hazırlanmasını;
müsabiqələrin proqram və şərtlərini, eləcə də müvafiq ilkin məlumatların hazırlanması, çoxaldılması və göndərilməsini;
münsiflər heyəti, məsul katib və ekspertlərin işi üçün zəruri otaqların təqdim olunması, müsabiqə layihələrinin qəbulu və onların müvəqqəti saxlanması, müsabiqə layihələrinin nümayişinin və onların ictimai müzakirəsinin təşkil edilməsini;
müsabiqə layihələrinin ekspertizasının keçirilməsini (lazımi hallarda);
başqa şəhərlərdən olan müsabiqə iştirakçılarına tələb olunarsa, mükafatlandırılmamış layihələrin göndərilməsini;
müsabiqə materiallarının qorunmasını.
4.8. Qeydiyyatdan keçmiş açıq müsabiqə iştirakçılarının müsabiqənin keçirilməsi ilə bağlı bütün sualları təşkilatçılar tərəfindən ümumiləşdirilir və cavablarla birlikdə qeydiyyatdan keçmiş bütün iddiaçılara qeydiyyat vaxtı göstərdikləri yaşayış yerlərinə və hüquqi ünvana göndərilir. Sualların və onlara cavabların alınması müddəti müsabiqə şərtləri ilə müəyyən olunur.
5. Müsabİqə layİhələrİnİn malİyyələşdİrİlməsİ
5.1. Müsabiqələrin keçirilməsi üzrə xərclər müsabiqə təşkilatçılarının vəsaitləri hesabına maliyyələşdirilir.
5.2. Müsabiqə keçirilməsinə aid məsrəflər smetasında aşağıdakıların nəzərə alınması tövsiyə olunur:
pul mükafatları və müsabiqə iştirakçılarının digər mükafatlandırılma formaları;
müsabiqələrin proqram və şərtlərinin işlənməsi haqqının ödənilməsi.
6. Layİhələrİn müsabİqəyə təqdİm olunması qaydası
6.1. Layihələr müsabiqəyə müsabiqə proqramı və şərtlərilə nəzərdə tutulan vaxtda və tam həcmdə təqdim olunur.
6.2. Layihələr müsabiqə şərtlərində göstərildiyi müddətdə müsabiqəyə göndərilmək üçün poçta verilibsə (və ya şəxsən təqdim olunubsa), o tarixdən müsabiqəyə təqdim olunmuş sayılır.
6.3. Başqa şəhərdə yaşayan açıq müsabiqə iştirakçıları layihələri göndərməklə bərabər, eyni zamanda müsabiqə təşkilatçılarının ünvanına teleqram da göndərməlidirlər. Teleqramda qeydiyyat qəbzinin nömrəsi və tarixi göstərilməlidir.
6.4. Açıq müsabiqələrin layihə materialları (müəlliflərin anonimliyini saxlamaq məqsədilə) müsabiqəyə altırəqəmli ədədlə ifadə olunan deviz altında təqdim edilir. Deviz bütün layihə materiallarının, eləcə də deviz zərfinin sağ tərəfində yuxarıda göstərilməlidir. Deviz zərfində müsabiqə iştirakçıları barədə məlumatlar verilir (soyadı, adı, atasının adı, layihə müəllifinin (müəlliflərin) ünvanı, onun (onların) hesab nömrələrinin rekvizitləri göstərilir.
Layihə müəlliflər qrupu tərəfindən işlənibsə, deviz zərfinə müəlliflərin imzaladığı, mümkün mükafatın müəlliflər arasında faizlə bölünməsini göstərən müqavilə qoyulur.
6.5. İki turda keçirilən açıq müsabiqələrdə, anonimliyi saxlamaq üçün müsabiqənin məsul katibi birinci turun mükafat almış layihələrinin zərflərini açaraq, layihə müəlliflərinə ikinci tura dəvətnamə ilə birgə ikinci tur layihələrinin dəqiqləşdirilmiş proqramını göndərir.
İkinci turun müsabiqə materialları müəlliflər tərəfindən yeni deviz altında «ikinci tur» sözləri əlavə edilməklə təqdim olunur.
7. Müsabİqələrİn nətİcələrİnİn yekunlaşdırılması
7.1. Müsabiqələrin nəticələrinin yekunlaşdırılması və qaliblərinin mükafatlandırılması münsiflər heyətinin qapalı iclaslarında həyata keçirilir.
7.2. Müsabiqə layihələrinin baxılmasına hüquqi (ictimai təşkilatlar, yaradıcılıq ittifaqları) və dəvət almış fiziki şəxslər cəlb olunurlar.
7.3. Ayrı-ayrı hallarda müsabiqənin şərtlərinə görə münsiflər heyətinə nəzərdə tutulan bütün mükafatların verilməsinin məqsədəuyğunluğu məsələlərini həll etmək hüququ verilə bilər.
7.4. Münsiflər heyətinin nəticələr haqda qərarı münsiflər heyətinin iclasında onun üzvlərinin 2/3 hissəsi iştirak etdiyi halda səlahiyyətli sayılır.
7.5. Qərar açıq səsvermə yolu ilə hər layihə üzrə ayrılıqda sadə səs çoxluğu ilə qəbul edilir.
7.6. «Lehinə» və «əleyhinə» səslər bərabər olduğu hallarda, münsiflər heyəti sədrinin səsi həlledicidir.
7.7. Münsiflər heyəti müsabiqənin nəticələri haqqında olan qərarını iki sənəd şəklində tərtib edir:
müsabiqə iştirakçılarının mükafatlandırılması barədə münsiflər heyətinin qərarı (münsiflər heyətinin iclasda iştirak edən bütün üzvləri tərəfindən imzalanır);
müsabiqənin yekunları üzrə protokol (müsabiqənin münsiflər heyətinin sədri və məsul katibi tərəfindən imzalanır).
7.8. Müsabiqə iştirakçılarının mükafatlandırılması haqda münsiflər heyətinin qərarında iştirakçılar arasında mükafatların bölüşdürülməsi və müsabiqə təşkilatçısının layihələri satın alması barədə məlumat olmalıdır.
7.9. Müsabiqənin yekunları üzrə protokolda təqdim olunmuş layihələrin qiymətləndirilməsi, müsabiqənin nəticələrindən istifadə olunması üzrə tövsiyələr, münsiflər heyətinin təqdim olunmuş layihələrə baxılmamasının səbəbləri (əgər belələri varsa), münsiflər heyətinin başqa (xüsusi) rəyi, eləcə də (qoşma şəklində) münsiflər heyətinin müsabiqə iştirakçılarının mükafatlandırılması barədə qərarı olmalıdır.
7.10. Açıq müsabiqələrə yekun vurarkən, müsabiqə iştirakçılarının mükafatlandırılması barədə münsiflər heyətinin qərarından sonra ancaq mükafat almış layihələrin deviz zərfləri açılır.
Deviz zərflərinin açılması müsabiqənin məsul katibi tərəfindən, münsiflər heyəti sədrinin və iki nəfərdən az olmamaq şərtilə münsiflər heyəti üzvlərinin yanında həyata keçirilir.
7.11. Pul mükafatlarının müsabiqə qaliblərinin ünvanına köçürülməsi nəticələr üzrə qərar qəbul olunduğu gündən keçən iki ay müddətində həyata keçirilir.
7.12. Birinci mükafat almış layihə müəllifləri (öz razılıqları ilə) müsabiqənin şərtində başqa qeydlər olmadıqda, bir qayda olaraq, həmin layihələrin sonrakı işlənməsinə cəlb olunmalıdırlar.
7.13. Qeydiyyata götürülən iddiaçıya sifarişçi tərəfindən müsabiqənin qanunauyğun formada keçirilməsini təsdiq edən müvafiq sənəd verilməlidir.
7.14. Açıq müsabiqələrə təqdim olunmuş, müsabiqənin proqramları və şərtləri pozulduğuna görə baxılmamış, həmçinin mükafat almamış layihələr müəlliflərinin tələbinə görə nəticələr mətbuatda dərc ediləndən sonra bir ay müddətində müəlliflərə qaytarılmalıdır.
7.15. Açıq müsabiqələrdə mükafat almış və müsabiqə təşkilatçıları tərəfindən alınmış layihələr təşkilatçıların ixtiyarına verilir və müəlliflərə qaytarılmır.
7.16. Müsabiqə təşkilatçılarının layihələrdən və yaxud onların ayrı-ayrı hissələrindən istifadə etməsi (mətbuatda dərc edilmə, sərgilərdə iştirak, sonrakı işləmələr və s.) müsabiqə şərtləri və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74)
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)