Qanunvericilik › Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 14.03.1995) › Tam mətn

Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 14.03.1995)

Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 14.03.1995) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı qaydalarını təkmilləşdirmək məqsədi ilə, Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Ədliyyə, Maliyyə, Ticarət, Daxili İşlər nazirlikləri, Baş Dövlət Vergi Müfəttişliyi və İstehlak Cəmiyyətləri İttifaqı tərəfindən birgə hazırlanmış “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 18 avqust tarixli 262 nömrəli “Minik avtomobilləri və qoşqulu motosikllərin komisyon ticarəti qaydalarının təsdiqi haqqında” qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin ticarət və pullu xidmətlər şöbəsinə tapşırılsın.

Baş nazirin vəzifəsini icra edən

Bakı şəhəri, 14 mart 1995-ci il

1.1. Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin (zavod, aqreqat nişan nömrələri olan, habelə utilizasiya edilmiş nəqliyyat vasitəsindən əldə edilmiş yararlı olan ehtiyat hissələri), (mətndə “nəqliyyat vasitələri”) komisyon yolla satışı ilə mülkiyyət formasından asılı olmayaraq (mövcud qanunvericiliklə icazəsi olan) bütün ticarət, təchizat müəssisələri və təşkilatlar məşğul olurlar.

Komisyon mağazalar (bundan sonra – Mağaza) qüvvədə olan qanunvericiliyə əsasən təşkil edilir.

2.1. Komisyon satış üçün təzə və ya istifadə olmuş, texniki cəhətdən saz və nasaz minik, yük maşınları (bütün tipləri) və xüsusi tanınma nişanları, avadanlıqları sökülmüş ixtisaslaşdırılmış maşınlar, əldə düzəldilən nəqliyyat vasitələri və onlar üçün qoşqular, avtobuslar, avtofurqonlar, traktorlar, kənd təsərrüfatı üçün lazım olan bütün maşınlar, motosikletlər, moped və motorollerlər və həmin maşınlar üçün aqreqat nömrəsi olan ehtiyat hissələri qəbul olunur.

Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan xüsusi təyinatlı maşınların və mexanizmlərin komisyon satışı, həmin nazirliklərin birgə təklifinə əsasən hazırlanmış ayrıca qaydalarla tənzimlənir.

2.2. Dövlət Yol Polisi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən qeydiyyata alınmayan və qeydiyyatdan çıxarılmayan nəqliyyat vasitələri komisyon satışı üçün qəbul edilmir.

2.3. Nəqliyyat vasitələri komisyon yolu ilə satışa aşağıda müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən qəbul edilir:

Azərbaycan Respublikası vətəndaşlarından pasport və ya onu əvəz edən sənəd təqdim edilməklə, özünün xüsusi mülkiyyətində olması haqqında sənəd və ya müəyyən edilmiş qaydada satışa səlahiyyəti çatması haqqında etibarnamə olduqda;

vətəndaşlığı olmayan şəxslərdən, xarici vətəndaşlardan, müvafiq olaraq yaşamaq hüququ haqqında sənədi təqdim edilməklə və gömrük orqanlarının icazəsi olduqda (xaricdən gətirilmiş nəqliyyat vasitələri üçün);

təşkilat, idarə və müəssisələrdən, birgə müəssisələrdən, konsernlərdən, assosiasiyalardan, firmalardan, kooperativlərdən və s. — onların nümayəndələri tərəfindən təsdiq olunmuş etibarnamə təqdim edildikdə.

vergi orqanlarından müsadirə olunmuş və sahibsiz nəqliyyat vasitələri, texnika və onlar üçün ehtiyat hissələri üzrə, məhkəmə orqanlarının hökmü, qərar və qətnamələri, habelə buna səlahiyyəti olan digər orqanların qərarları, notarial ofisləri tərəfindən dövlətə varislik hüquqi verən şəhadətnamə olduqda;

nəqliyyat vasitələrinin mülkiyyətçisi olan xarici vətəndaşların mənafeyini qoruyan xarici ölkə nümayəndəliklərindən müəyyən olunmuş qaydada sənəd təqdim edildikdə, habelə Azərbaycan Respublikası ərazisində qəzaya uğramış xarici ölkələrdən gətirilmiş nəqliyyat vasitələri, müəyyən olunmuş qaydada sənəd təqdim edildikdə;

Azərbaycanın xaricdəki birgə müəssisə, birlik, assosiasiya və digər idarələrindən, habelə Azərbaycan Respublikası vətəndaşlarından onların xüsusi mülkiyyətində və xaricdə qeydiyyatda olan nəqliyyat vasitələri Azərbaycana gətirildikdə satışa icazə verilmə haqqında qeydiyyatı olan gömrük sənədləri, nəqliyyat vasitələrinə milli (gətirildiyi ölkənin) qeydiyyat sənədləri təqdim edildikdə.

Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş nəqliyyat vasitələri — texniki pasportlar və qeydiyyat haqqında şəhadətnamə (xarici vətəndaşlardan), habelə mədaxil olunacaq “Tranzit” nişan nömrələri barədə müvafiq orqanlardan alınmış arayış təqdim edildikdə qəbul edilir.

Dövlət vergi xidməti və başqa dövlət orqanlarından göstərilən sənədləri olmayan nəqliyyat vasitələri qəbul edildikdə alıcılarla bağlanılmış alqı-satqı müqaviləsində “Texniki pasportsuz (qeydiyyat haqqında şəhadətnaməsiz, ) qəbul edilmiş və satılmışdır” sözləri yazılır.

2.4. Nömrəli aqreqatlar (mühərriklər, kuzovlar, ramalar, şassilər) mülkiyyəti təsdiq edən sənədlər (Dövlət yol polisinin arayışı və ya mülkiyyət haqqında digər sənədlər) olduqda komisyon satışa qəbul edilir.

2.5. Nəqliyyat vasitələri satışa qəbul edildikdə mal sahibinin (etibar edilmiş şəxsin) iştirakı ilə onun texniki vəziyyəti və komplektliliyi yoxlanılır.

2.6. Nəqliyyat vasitələri və ehtiyat hissələri mağaza tərəfindən satışa mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış komissiya müqaviləsinə əsasən qəbul edilir.

2.7. Nəqliyyat vasitələri mağazada satışa qəbul olunarkən onların sənədləri yoxlanılır, sənədlərdə təhrif olunma halları müəyyən edilərsə, bu haqda mağaza polis orqanlarına xəbər verilməlidir.

2.8. Komissiyaya qəbul edilmiş nəqliyyat vasitələrinə, mağaza nümayəndəsinin və mal sahibinin imzası ilə müəyyən edilmiş formada mal yarlığı bərkidilir.

2.9. Mağaza satışa qəbul edilmiş nəqliyyat vasitələrinin, texnikanın və nömrəli aqreqatların (qovşaqların) jurnal uçotunu aparır (əlavə №3).

Jurnalın saxlama müddəti 10 ildir.

2.10. Nəqliyyat vasitələrinin satışa qəbul müddəti onlar qeydiyyatdan çıxdıqdan sonra 2 aydır.

3.1. Nəqliyyat vasitələrinin qiyməti mal sahibi tərəfindən müəyyən edilir.

3.2. Əgər nəqliyyat vasitələri 15 iş günü ərzində satılmazsa, mal sahibinin (etibar edilmiş şəxsin) əvvəlcədən razılığı ilə ucuzlaşdırma edilir. Birinci ucuzlaşdırmadan 15 iş günü keçdikdən sonra mal satılmazsa, mal sahibinin (etibar edilmiş şəxsin) razılığı ilə ikinci ucuzlaşdırma edilir. Üçüncü ucuzlaşdırma isə ikincidən 15 iş günü keçdikdən sonra mal sahibinin (etibar edilmiş şəxsin) razılığı ilə edilir.

Əgər nəqliyyat vasitələri, üçüncü ucuzlaşdırmadan sonra 15 iş günü müddətində satılmazsa, onlar mal sahibinin razılığı ilə satılacaq qiymətə qədər ucuzlaşdırılır. Mal sahibi buna razı olmadıqda satışdan çıxarılır və sahibinə qaytarılır.

Əgər mal sahibi (etibar edilmiş şəxs) mağazanın çağırışına əsasən üzrsüz səbəbdən nəqliyyat vasitələrinin, yenidən qiymətləndirilməsinə gəlməzsə, həmin mallar satışdan çıxarılır və sahibkardan bu qayda ilə nəzərdə tutulmuş miqdarda saxlama haqqı alınır.

3.3. Mal sahibi (etibar edilmiş şəxs) istədiyi vaxt komissiya müqaviləsində qeyd-şərt aparmaqla malın qiymətini dəyişdirə bilər.

3.4. Əgər nəqliyyat vasitələri, bağışlanıbsa və yaxud varislik, mülkiyyətin bölünməsi və s. nəticəsində mağazaya təhvil verilibsə, onun yenidən qiymətləndirilməsi mövcud olan bazar qiymətləri üzrə aparılır.

Mal sahibi (etibar edilmiş şəxs) satışa təhvil verdiyi malı istədiyi vaxt geri ala bilər. Bu vaxt o, mağazanın direktorunun adına ərizə yazmalı, komissiya müqaviləsini, pasport və ya onu əvəz edən sənədi təqdim etməlidir.

Mal sahibinə qaytarılarkən, o, hər saxlanılmış ay üçün malın qiymətinin 0,2 faizi həcmində saxlama haqqı verməlidir.

4.1. Satışa qəbul olunmuş nəqliyyat vasitələri bir gündən gec olmayaraq satışa verilməlidir.

4.2. Nəqliyyat vasitələri Azərbaycan Respublikası vətəndaşına və Azərbaycan Respublikasında yaşayan və ya respublikaya müvəqqəti gəlmiş xarici vətəndaşlara, habelə mülkiyyət formasından asılı olmayaraq təşkilat, idarə və müəssisələrə, birgə müəssisələrə, firmalara, kooperativlərə, kolxoz və sovxozlara və s. satıla bilər.

4.3. Nəqliyyat vasitələri mal sahibinin göstərişi ilə hər hansı bir konkret şəxsə satıla bilər.

4.4. Mağaza ilə alıcı arasında nəqliyyat vasitəsinin və nömrəli aqreqatın (qovşaqların) satışına dair mülki qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılır. Nəqliyyat vasitəsinin satışı zamanı mağaza tərəfindən alıcıya “Tranzit” nömrə nişanı, habelə nəqliyyat vasitəsinin texniki pasportu və qeydiyyat şəhadətnaməsi, digər hissələr, qovşaqlar və ehtiyat hissələri satılarkən isə qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) verilir.

4.7. Avtonəqliyyat və təkərli texnika vasitələrinin satışı zamanı, alıcı “Yol fondu”na onların satış qiymətinin 2 faizi məbləğində avtonəqliyyat və təkərli texnika vasitələrinin alınmasına görə vergi ödəyir.

4.8. Alıcıya satılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş əsaslarla və qaydada geri qaytarıla bilər.

4.9. Nəqliyyat vasitələrinin satışına görə mağaza mal sahibindən malın qiymətinin 2 faizi həcmində komisyon rüsumu alır.

4.10. Satılmış nəqliyyat vasitələrinin dəyəri mal sahibinə mal satıldıqdan sonra 3 gün müddətində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nağdsız qaydada və ya nağd yolla ödənilir.

4.11. Mal sahibi (etibar edilmiş şəxs) ona çatacaq pul üçün gəlməzsə, mağaza həmin məbləği öz balansında 3 il müddətində qeydiyyatda saxlayır, sonra isə büdcəyə keçirir..

4.13. Komisyon mağazada satışa qəbul edilmiş nəqliyyat vasitələri satış üçün uyğun olan görünən yerdə qoyulur və satış yerində bu qaydalardan, həmçinin, onların qeydiyyatı və uçotu Qaydalarından çıxarışlar asılır.

4.14. Nəqliyyat vasitələrinin komisyon mağazasından satışı qanunvericiliklə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilməlidir.

4.15. Kənd təsərrüfatı texnikasının alınması üzrə həyata keçirilən ödənişlər barədə məlumatlar və həmin texnikanın təhvil verilməsini təsdiq edən sənədlər (təhvilverənin razılığı ilə) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.

1. 24 yanvar 2001-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 71)

2. 29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 74)

3. 02 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 342)

4. 29 dekabr 2015-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 170)

5. 23 iyul 2018-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1652)

6. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

7. 28 mart 2019-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 565)

8. 23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972)

9. 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69)

10. 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277)

11. 20 dekabr 2023-cü il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 23 dekabr 2023-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1795)

12. 11 sentyabr 2026-cı il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 23 sentyabr 2026-cı il, № 173)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver