Əmək funksiyası: qiymətləndirmə obyektinin (daşınmaz və daşınan əmlakın), fəaliyyət göstərən müəssisələrin (biznesin), qeyri-maddi obyektlərin və sair mülki-hüquqi obyektlərin bazar və ya digər dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə fəaliyyətini həyata keçirir. Öz fəaliyyətində yüksək mənəvi əxlaqi prinsiplərə (peşə etikasına) və qiymətləndirmə standartlarına ciddi riayət edir.
Qiymətləndirilən obyektin hüquqi mənsubiyyətini, onun əmlak bazarında likvid olmasını və dəyərinə təsir edən parametrlərini səciyyələndirən məlumatları ətraflı araşdırır. Qiymətləndirmə standartlarından istifadəni, qiymətləndirmənin aparılma metodunu və qiymətləndirmə zamanı standartla müqayisədə buraxılmış kənarlaşmanı əsaslandırır, zəruri hesablamalar aparır. Obyektin dəyərinə təsir edən əsas qiymətəmələgəlmə amillərini və qiymətləndirmənin aparılma metodunu müəyyən edir, analoji obyektin bazarını və dəyərini öyrənir. Qiymətləndiricilikdə nəzərdə tutulan hallarda dövlətə, ictimai və qeyri-hökumət təşkilatlarına və yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) məxsus olan obyektlərin məcburi qiymətləndirilməsini aparır. Qiymətləndirmədə iştirak etmək üçün müəyyən edilmiş qaydada digər qiymətləndiriciləri və yaxud başqa mütəxəssisləri dəvət edir.
Qiymətləndirmənin aparılması gedişində alınmış sənədlərin saxlanmasını təmin edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla qiymətləndirmə obyektinə aid olan məlumatların məxfiliyinə əməl edir. Qiymətləndirmə fəaliyyəti üçün zəruri olan informasiya bazası yaradır, bu istiqamətdə məlumatlar toplayır və sistemləşdirir.
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, ölkədə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar olan digər qanunların müddəalarını və normativ-hüquqi aktları; metodik materialları, qiymətləndirmə standartlarını, əmlak statistikasının əsaslarını qiymətləndirmə metod və üsullarını; yerli və xarici qiymətləndirmə təcrübəsini; sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat rabitə və digər maddi istehsal və xidmət sahələrində istehsalın təşkili və texnologiyasının əsaslarını; müəssisələrin təsərrüfat fəaliyyətinin və maliyyə göstəricilərinin təhlili üsullarını; təsərrüfat fəaliyyətinin mühasibat uçotunu; qiymətləri, qiymətlərin dəyişilməsi nisbətlərini; qiymətləndirmə üçün vacib olan əmlakla bağlı idarəetməyə və icarəyə verilmə, vergiyə cəlb etmə, girov qoyma qanunvericiliyi və normativ aktları; işgüzar ünsiyyət etikasını; hesablama texnikasından, rabitə və kommunikasiya vasitələrindən istifadə qaydalarını; təhlükəsizlik texnikası, əmək mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə (qiymətləndirici) - iş stajına tələb qoyulmadan qiymətləndirmə sahəsində ali və ya orta ixtisas təhsili və ya müəyyən edilmiş qaydada əmlakın qiymətləndirilməsi sahəsində əlavə təhsil və ixtisas kursu;
9-13-cü dərəcələr - qiymətləndirmə sahəsində ali təhsil, “peşəkar qiymətləndirici” ixtisas dərəcəsi;
9-10-cü dərəcələr (peşəkar qiymətləndirici) - qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
11-12-ci dərəcələr (aparıcı peşəkar qiymətləndirici) - peşəkar qiymətləndirici vəzifəsində 5 ildən az olmayaraq iş stajı;
14-15-ci dərəcələr (qiymətləndirici ekspert) - qiymətləndirmə sahəsində ali təhsil və “qiymətləndirici ekspert” ixtisas dərəcəsi və peşəkar qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq iş stajı.