Qanunvericilik › “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 27.11.2008) › Tam mətn

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 27.11.2008)

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 27.11.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması üçün tələb olunan zəruri maliyyə vəsaitinin bir ay müddətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılmasını təmin etsin;

2.2. bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu fərman qüvvəyə mindiyi günədək nəqliyyat infrastrukturu obyektlərinə verilmiş adların siyahılarının, habelə verilmiş ünvanlar haqqında məlumatların bir ay müddətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birgə Ünvan Reyestri İnformasiya Sistemində saxlanılan məlumatlardan yerli icra hakimiyyəti orqanlarına istifadə imkanlarının yaradılmasını təmin etsinlər.

5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2008-ci il

1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir.

1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

1.3. Ünvan reyestri Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır.

1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir.

1.6. Bu qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Şəhərsalmanın əsasları haqqında", "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş mənaları daşıyır.

2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1-3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır.

2.2. Ünvan reyestrində saxlanılan məlumatlar, növündən asılı olaraq, reyestrin dəqiq aparılması, digər məlumat bazaları ilə inteqrasiyanın təmin edilməsi, axtarış sisteminin sadələşdirilməsi məqsədləri üçün müvafiq hissələrə (fəsillərə, bölmələrə) bölünür, nömrələnir və ya digər işarələr vasitəsilə sistemləşdirilir.

2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir.

2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir:

daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir);

texniki səhvlər aradan qaldırıldıqda;

ünvanın statusu dəyişdikdə;

məhkəmənin qərarı olduqda;

nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda.

2.5. Bu qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məlumatlar "qüvvədə olanlar (Q)", "qüvvədən düşmüş (D)" və "müvəqqəti (M)" statuslardan ibarətdir.

3.1. Ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin adlandırılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir:

3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə;

3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə;

3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda;

3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;

3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir.

3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.

Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir.

3.5. Ünvan reyestrində saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, onların əmələ gəlməsi və dəyişdirilməsi əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektlərinin növü, daşınmaz əmlak obyektinin nömrəsi haqqında, əhəmiyyət dərəcəsi göstərilməklə, daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmaması barədə, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı məlumatlar açıq hesab edilir və maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında 2 (iki) iş günü ərzində arayış şəklində ona verilir.

3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir.

Daşınmaz əmlak obyektinə ünvan verilərkən bu qaydaların 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərində göstərilən rekvizitlər müvafiq qanunvericilik aktlarında və (və ya) sənədlərdə öz əksini tapmış məlumatlar əsasında müəyyən edilir.

3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir:

3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi;

3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi;

3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri);

3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü;

3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi;

3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd;

3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə).

3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə bağlanılır.

3.8. Ünvan nömrəsinin müəyyənləşdirilməsi Dövlət Xidməti tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.

3.9. Çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir.

3.10. Dalanlarda yerləşən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvan nömrələrinin verilməsi dalanın nəqliyyat infrastrukturu obyektinə çıxışı nəzərə alınmaqla, həmin çıxışdan başlayaraq həyata keçirilir.

3.11. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyri-yaşayış sahələrinin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir.

3.12. Bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin (tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisinin) və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir.

3.13. Nəqliyyat infrastrukturunun mərkəzi xətlərinin yerləşmə mövqeyi ünvan reyestrində qeydə alınır. Ünvan reyestrində nəqliyyat infrastrukturu obyektlərinin adları və nəqliyyat infrastrukturu obyektinin başlanğıc və son nöqtələrinin coğrafi koordinatları haqqında məlumat saxlanılmalıdır.

3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən, ədədlərdən və onlara əlavə olunmuş hərflərdən istifadə etməklə bu Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, I, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Girişinə ünvan nömrəsi verilmiş obyektlər arasında yeni obyektin girişinə ünvan nömrəsi rəqəmlərə və ədədlərə hərflər əlavə edilməklə verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir.

3.14-1. Avtomobil və dəmir yollarının yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən hissələri, eləcə də yaşayış məntəqələrinin ərazisindən keçən və ad verilməyən magistral yollar boyunca yerləşən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvan nömrələri bir-birindən “-” işarəsi ilə ayrılan iki hissədən ibarət olmaqla verilir. Nömrənin birinci hissəsində ünvan obyektinin yolun başlanğıcından sonuna doğru istiqamətdə neçənci kilometrində yerləşdiyini göstərən ədəd, ikinci hissəsində isə yolun yalnız həmin hissəsi (kilometri) boyunca yerləşən daşınmaz əmlak obyektlərinə bu Qaydaların 3.9-3.11-ci və 3.14-cü bəndlərində qeyd edilən qaydada verilmiş nömrə yazılır.

3.15. Ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması zamanı inzibati ərazi vahidlərinə və nəqliyyat infrastrukturu obyektlərinə verilmiş nömrələr təkrarlanmır. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada həyata keçirilir.

3.20. Nəqliyyat infrastrukturu obyektinin kənarında yerləşdirilən müvəqqəti tikililərə bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq müvəqqəti ünvan verilir.

3.21. Üzərində tikili və (və ya) qurğu olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinin ünvanlandırılması nəzərə alınır.

4.1. Ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsi Dövlət Xidməti tərəfindən təmin edilir.

4.2. Dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər.

Bu qaydalar qüvvəyə mindiyi günədək verilmiş sənədlərdə qeyd edilən ünvanlar zəruri hallarda ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə edilə bilər.

Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat Dövlət Xidməti tərəfindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ötürülür. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Dövlət Xidməti obyektin mülkiyyətçisinə bu barədə məlumat verir.

4.3. Ünvan reyestrində saxlanılan məlumatların dəqiqliyinə və reyestrin vaxtında aparılmasına, verilən məlumatların tam və düzgün olmasına görə cavabdeh olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

4.4. Yeni nəqliyyat infrastrukturu obyektinin və ya adsız nəqliyyat infrastrukturu obyektinin adlandırılması barədə Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 (iyirmi bir) iş günü müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəqliyyat infrastrukturu obyektini adlandırır və 3 (üç) iş günü müddətində Dövlət Xidmətini bu barədə məlumatlandırır.

5.1. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə münasibətdə ünvan reyestrinə daxil edilmiş ünvanın rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin girişlərinin nömrələrini əks etdirən lövhələr (bundan sonra – ünvan lövhələri) yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektləri istisna olmaqla, ünvan lövhələri tikinti obyektinin mülkiyyətçisinin (tikilməkdə olan tikinti obyektlərinə münasibətdə, həmçinin sifarişçisinin) və ya onun nümayəndəsinin müraciəti əsasında mülkiyyətçinin (sifarişçinin) vəsaiti hesabına həmin müraciətlə bağlı xidmət haqqı ödənildiyi gündən sonra 10 (on) iş günü müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir.

5.2. Nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Lövhələrin nümunələri müəyyən edilərkən daşınmaz əmlak obyektinin və onun yerləşdiyi yerin xüsusiyyətləri (daşınmaz əmlak obyektinin və onun yerləşdiyi ərazinin tarix və mədəniyyət obyektlərinə aid olması və s.) nəzərə alınmalıdır.

5.3. Daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyən etmək və mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək məqsədilə yerli icra hakimiyyəti orqanları mütəmadi monitorinq keçirir, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə bu barədə aidiyyəti üzrə məlumat verirlər.

5.4. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə yerləşdirilmiş ünvan lövhələri dövlət mülkiyyəti hesab edilir. Ünvan lövhələrinin qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

5.5. Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri onların qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər ödəyirlər.

1. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

2. 13 avqust 2010-cu il tarixli 315 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 avqust 2010-cu il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 720)

3. 10 fevral 2012-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2012-ci il, № 34; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 79)

4. 25 fevral 2014-cü il tarixli 116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 fevral 2014-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 123)

5. 16 sentyabr 2015-ci il tarixli 615 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1002)

6. 23 iyun 2016-cı il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2016-cı il, № 135134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1037)

7. 5 oktyabr 2017-ci il tarixli 1619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1786)

8. 27 oktyabr 2022-ci il tarixli 1864 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 28 oktyabr 2022-ci il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 1141)

9. 19 aprel 2023-cü il tarixli 2110 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 aprel 2023-cü il, “Xalq” qəzeti, 20 aprel 2023-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 495)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver