Vərəm xəstəliyinə tutulmuş və vərəm çöplərinin ifrazedicisi olan xəstələr məcburi hospitalizasiya olunur.
Vərəmlə xəstələnməyə şübhəli şəxslərin və ətrafdakılar üçün təhlükə törətməyən vərəmli xəstələrin hospitalizasiyası tibbi göstərişlər əsasında həyata keçirilir.
Hospitalizasiyanın vacibliyi aşağıdakılarla müəyyənləşdirilir:
xəstənin həyatı və ətrafdakılar üçün bilavasitə təhlükə yarandıqda;
ümumi vəziyyətinin ağırlaşması nəticəsində xəstənin sağlamlığı xeyli pisləşdikdə;
şəxs xəstəliyin ağırlığı ilə əlaqədar əsas həyati tələbatlarını müstəqil yerinə yetirə bilmədikdə.
Ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan vərəmli xəstələr hospitalizasiyadan imtina etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məcburi hospitalizasiya olunurlar.
Cəzaçəkmə müəssisələrində cəza çəkən və bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstə məhkumlar digər məhkumlardan ayrı saxlanılır.
Cəzaçəkmə müəssisələrindən azad edilmiş və ya hərbi xidmətdən tərxis olunmuş vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar.