“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.3-cü və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası” Azərbaycan Respublikasında virtual aktiv xidməti təminatçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul edildikdən sonra qüvvəyə minsin.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qayda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və virtual aktivlərlə aparılan əməliyyatlar üzrə müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarına və əməliyyat zəncirində məlumatların ötürülməsinə dair tələbləri müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisində virtual aktivlərlə əməliyyatların aparılması üzrə xidmətlərin göstərilməsi qanunla buna icazə verilmiş virtual aktiv xidməti təminatçıları tərəfindən həyata keçirilir.
1.3. Virtual aktiv xidməti təminatçılarının özlərinin virtual aktiv sahibi və benefisiar qismində çıxış etdikləri əməliyyatlara bu Qaydanın 3.3-cü bəndinin tələbləri şamil edilmir.
1.4. Bu Qaydanın digər müddəalarından asılı olmayaraq, virtual aktiv xidməti təminatçıları virtual aktivlərlə aparılan əməliyyatlar zamanı bu Qayda ilə müəyyən edilmiş tədbirlərlə yanaşı, virtual aktiv sahibi və benefisiarın hədəfli maliyyə sanksiyalarının tətbiq edilməli şəxslərin siyahısında olmasını müəyyən etdikdə bu Qaydanın 1.1-ci bəndində göstərilən qanunlara müvafiq tədbirlər görməlidirlər.
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. virtual aktiv sahibi – virtual aktivlərlə əməliyyatların aparılmasına sərəncam verən şəxs;
2.1.2. benefisiar – xeyrinə virtual aktivlərlə əməliyyatlar həyata keçirilən şəxs;
2.1.3. virtual aktiv – ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir;
2.1.4. virtual aktiv xidməti təminatçısı – virtual aktivlərin valyuta sərvətləri, milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, virtual aktivin saxlanılması üçün istifadə edilən virtual aktiv hesabından və ya cüzdanından virtual aktivin digər virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi və ya köçürmənin təşkil edilməsi, virtual aktivlərlə və ya virtual aktivlərə nəzarət etmək imkanı verən alətlərlə əməliyyatların aparılmasının (əqdlərin bağlanmasının) və ya onların saxlanılmasının təşkil edilməsi, virtual aktivlərin alışı, satışı, mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanılması ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən şəxslər;
2.1.5. emitent virtual aktiv xidməti təminatçısı – virtual aktivlərlə əməliyyat zamanı sərəncamı qəbul edən və virtual aktivi göndərən şəxs;
2.1.6. benefisiar virtual aktiv xidməti təminatçısı – virtual aktivi qəbul edən və benefisiarın istifadəsinə imkan yaradan şəxs;
2.1.7. virtual aktiv hesabı – virtual aktivlərlə əməliyyatların aparılması üçün virtual aktiv xidməti təminatçısında açılmış hesab;
2.1.8. virtual aktiv cüzdanı – virtual aktivlərlə əməliyyatların aparılması üçün virtual aktiv sahibinin nəzarətində olan proqram təminatı və ya texniki vasitə;
2.1.9. hostsuz virtual aktiv cüzdanı – hər hansı virtual aktiv xidmət təminatçısı tərəfindən saxlanılmayan, dəstəklənməyən və idarə olunmayan virtual aktiv cüzdanı;
2.1.10. virtual aktiv cüzdanının ünvanı – virtual aktiv cüzdanını eyniləşdirən hərf və rəqəmlərin kombinasiyası;
2.1.11. əməliyyatın unikal istinad nömrəsi – virtual aktivlərlə aparılan əməliyyat zəncirində əvvəldən sonadək əməliyyatın izlənməsini mümkün edən və hər bir əməliyyat üçün unikal olaraq təyin edilən hərf, rəqəm və simvolların kombinasiyası;
2.1.12. məlumat ötürmə texnologiyası – virtual aktivlərlə aparılan əməliyyatlar zamanı virtual aktiv xidməti təminatçıları arasında virtual aktivlər və virtual aktiv sahibi və benefisiar haqqında məlumatları qarşı tərəfə ötürməyə imkan verən texnologiya.
3.1. Emitent virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyatdan əvvəl “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏL/TMM Qanunu) tələblərinə müvafiq olaraq müştəri uyğunluğu tədbirləri tətbiq etməlidir.
3.2. Emitent virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyat zamanı aşağıdakı məlumatların olmasını təmin edir:
3.2.1. virtual aktiv sahibinin adı (fiziki şəxsin adı, soyadı və atasının adı, hüquqi şəxsin adı və təşkilati hüquqi forması və VÖEN-i);
3.2.2. virtual aktiv sahibinin fərdi eyniləşdirmə məlumatları (doğum tarixi və yeri, fərdi identifikasiya nömrəsi, ünvanı və ya milli identifikasiya nömrəsi haqqında məlumatlar);
3.2.3. virtual aktiv sahibinin virtual aktiv hesabının nömrəsi və ya virtual aktiv cüzdanının ünvanı;
3.2.4. əməliyyatın unikal istinad nömrəsi;
3.2.5. benefisiarın adı (fiziki şəxsin adı, soyadı və atasının adı, hüquqi şəxsin adı və təşkilati hüquqi forması və VÖEN-i);
3.2.6. benefisiarın virtual aktiv hesabının nömrəsi və ya virtual aktiv cüzdanının ünvanı.
3.3. Emitent virtual aktiv xidməti təminatçısı virtual aktivlə əməliyyat aparmadan əvvəl ƏL/TMM Qanununun 4.17-ci maddəsi nəzərə alınmaqla bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində virtual aktiv sahibi haqqında nəzərdə tutulmuş məlumatları verifikasiya etməli və qanunvericiliklə müəyyən edilmiş digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir.
3.4. Emitent virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyat zamanı bu Qaydanın 3.2-ci bəndində göstərilən məlumatları virtual aktivlərlə aparılan əməliyyat zəncirində benefisiar virtual aktiv xidməti təminatçısına ötürməlidir.
3.5. Bu Qaydanın 3.2-ci bəndinin tələbləri virtual aktiv sahibi və benefisiarın eyni şəxs olduğu hallara da şamil edilir.
3.6. Emitent virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə əməliyyat aparmadan əvvəl əməliyyatın digər virtual aktiv xidməti təminatçısına və ya hostsuz virtual aktiv cüzdanına həyata keçirməsini müəyyən etməlidir.
3.7. Emitent virtual aktiv xidməti təminatçısı hostsuz virtual aktiv cüzdanı ilə aparılan əməliyyatın risklilik dərəcəsini və həmin risklərə uyğun effektiv nəzarət tədbirlərini müəyyənləşdirməlidir.
3.8. Emitent virtual aktiv xidməti təminatçısı hostsuz virtual aktiv cüzdanı ilə aparılan əməliyyata münasibətdə müəyyən edilmiş risklilik dərəcəsinə müvafiq olaraq əlavə məhdudiyyətlər və ya qadağalar tətbiq etməklə risklərin minimallaşdırılmasına nail olmalıdır.
4.1. Benefisiar virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyatdan əvvəl ƏL/TMM Qanununun tələblərinə müvafiq olaraq müştəri uyğunluğu tədbirləri tətbiq etməli və bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məlumatların tamlığını yoxlamalıdır.
4.2. Benefisiar virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyat zamanı ƏL/TMM Qanununun 4.17-ci maddəsi nəzərə alınmaqla bu Qaydanın 3.2.5-ci yarımbəndində benefisiar haqqında nəzərdə tutulmuş məlumatları verifikasiya etməli və qanunvericiliklə müəyyən edilmiş digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir, habelə bu Qaydanın 3.2.6-cı yarımbəndində qeyd olunan məlumatın doğruluğunu yoxlamalıdır.
4.3. Benefisiar virtual aktiv xidməti təminatçısı əməliyyat zəncirində emitent virtual aktiv xidməti təminatçısından əldə edilmiş məlumatların dolğun olmadığını aşkar etdikdə qəbul ediləcək qərarı və onun səbəblərini sənədləşdirməklə risk əsaslı yanaşma tətbiq etməli və belə halların təkrarlanmasından, yaxud işgüzar münasibətdə olduğu virtual aktiv xidməti təminatçısı ilə işgüzar əlaqələrin səviyyəsindən asılı olaraq aşağıdakı tədbirlərdən birini həyata keçirməlidir:
4.3.1. əməliyyatı icra etmədən emitent virtual aktiv xidməti təminatçısından virtual aktiv sahibi və benefisiar haqqında məlumatların tamlığının təmin edilməsini tələb etməli;
4.3.2. əməliyyatın aparılmasından imtina etməli.
4.4. Benefisiar virtual aktiv xidməti təminatçısı bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş hallarda işgüzar münasibətdə olduğu emitent virtual aktiv xidməti təminatçısı ilə işgüzar əlaqələrinə yenidən baxmalı və risk iştahası səviyyəsinə uyğun olaraq işgüzar münasibətlərin dayandırılması və ya ləğv edilməsi istiqamətində tədbirlər görməlidir.
5.1. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar virtual aktivlərlə aparılan əməliyyatlar zamanı bir virtual aktiv xidməti təminatçısından digərinə ötürülərkən qanunvericiliyin və bu Qaydanın tələblərinə cavab verməyən, virtual aktiv xidməti təminatçılarının öhdəliklərinin icrasına mane olan kanallardan və məlumat ötürmə texnologiyalarından istifadə edilməsinə yol verilməməlidir. Virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyatı həyata keçirməzdən əvvəl təhlükəsiz şəbəkə kanallarının mövcudluğunu təmin etməlidir.
5.2. Virtual aktiv xidməti təminatçısı tərəfindən istifadə edilən məlumat ötürmə texnologiyaları aşağıdakıları təmin etməlidir:
5.2.1. virtual aktivlərlə əməliyyat aparılan zaman emitent virtual aktiv xidməti təminatçısı tərəfindən benefisiar virtual aktiv xidməti təminatçısının müəyyən edilməsini;
5.2.2. virtual aktivlərlə əməliyyat aparılan zaman bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan məlumatların emitent virtual aktiv xidməti təminatçısı tərəfindən dərhal tam və dolğun formada benefisiar virtual aktiv xidməti təminatçısına ötürülməsini;
5.2.3. emitent virtual aktiv xidməti təminatçısı tərəfindən böyük həcmdə əməliyyatların effektiv və dəyişməz şəkildə birdən çox təyinat nöqtəsinə həyata keçirilməsini;
5.2.4. emitent virtual aktiv xidməti təminatçısı tərəfindən məlumatların təhlükəsiz və qanunla qorunan sirr rejiminin tələblərinə uyğun olaraq istifadəsinin, ötürülməsinin təmin edilməsini, habelə qeydiyyatın aparılmasını asanlaşdırmaq üçün tamlığının və əlçatanlığının qorunmasını;
5.2.5. aşağıda qeyd edilən məqsədlər üçün virtual aktiv xidməti təminatçısı ilə digər virtual aktiv xidməti təminatçısı arasında əlaqə kanalının yaradılmasını:
5.2.5.1. işgüzar münasibət qurulan digər virtual aktiv xidməti təminatçısı barədə bu Qaydanın 6.1.1-6.1.2-ci yarımbəndlərində qeyd olunan məlumatları yoxlamaq;
5.2.5.2. hər hansı əməliyyatın yüksək riskli və ya qadağan edilmiş fəaliyyətlə bağlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə digər virtual aktiv xidməti təminatçısından məlumat tələb etmək.
6.1. Virtual aktiv xidməti təminatçısı digər virtual aktiv xidməti təminatçıları ilə işgüzar münasibətlər yaradarkən aşağıdakı tədbirləri görməlidir:
6.1.1. işgüzar münasibət qurulan virtual aktiv xidməti təminatçısının fəaliyyətinin mahiyyətini anlamaq üçün zəruri məlumatlar əldə etmək;
6.1.2. işgüzar münasibət qurulan virtual aktiv xidməti təminatçısının nüfuzu, ona nəzarətin keyfiyyəti, cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi cinayətləri üzrə araşdırmaya cəlb olunub-olunmaması ilə bağlı açıq mənbələrdən məlumat əldə etmək;
6.1.3. işgüzar münasibət qurulan virtual aktiv xidməti təminatçısının daxili ƏL/TMM sistemini qiymətləndirmək;
6.1.4. yeni işgüzar münasibətin yaradılması ilə bağlı rəhbərliyin razılığını əldə etmək.
6.2. Virtual aktiv xidməti təminatçısı virtual aktivlərlə aparılan əməliyyatların hüquqi tənzimlənməsi zəif olan və ya ümumiyyətlə mövcud olmayan xarici ölkələrdə (ərazilərdə) fəaliyyət göstərən virtual aktiv xidməti təminatçıları ilə işgüzar münasibətlərin yüksək riskliliyini nəzərə almalı və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir.
6.3. Virtual aktivlərlə aparılan əməliyyatlara münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sistemi zəif olan ölkələrdə (ərazilərdə) yerləşən virtual aktiv xidməti təminatçıları ilə işgüzar münasibətlər zamanı risklərin idarə edilməsi üzrə əlavə tədbirlər (əməliyyatlar üçün limit müəyyənləşdirmək, onlar üzərində monitorinqi, həmçinin uyğunluq tədbirlərini intensivləşdirmək və s.) tətbiq edilə bilər.
6.4. Virtual aktiv xidməti təminatçısı işgüzar münasibətlərin davam etdiyi müddətdə qarşı tərəfin ƏL/TMM sistemini və daxili nəzarət proqramını mütəmadi olaraq qiymətləndirməli, bu sistemin müstəqil audit mexanizmi ilə əhatə olunub-olunmadığını müəyyən etməlidir. Virtual aktiv xidməti təminatçısı qiymətləndirmə nəticəsində qarşı tərəfin bu tələblərə cavab vermədiyini müəyyən etdikdə işgüzar münasibətləri dayandırmalıdır.
7.1. Virtual aktiv xidməti təminatçıları daxili qayda və prosedurlarında nəzərdə tutulduğu hallarda virtual aktivlərlə aparılan əməliyyatlarla bağlı əlavə tələblər müəyyən edə bilərlər.
7.2. Virtual aktiv xidməti təminatçıları virtual aktivlərlə aparılan əməliyyatlar zamanı ”Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında“ və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməli, həmçinin belə əməliyyatların tənzimlənməsinə, xarici maliyyə institutları və virtual aktiv xidməti təminatçıları ilə işgüzar münasibətlərə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.