Qanunvericilik › Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin və sanitariya-mühafizə zonasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.11.2022) › Tam mətn

Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin və sanitariya-mühafizə zonasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.11.2022)

Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin və sanitariya-mühafizə zonasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.11.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən və “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 317,26 hektarlıq sahədə təsdiq edilsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 noyabr 2022-ci il

1.1. Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğu (bundan sonra – Qoruq) səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

1.2. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılmışdır və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilmişdir.

1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) normativ hüquqi aktlarını rəhbər tutur.

1.4. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Qoruğun təşkili üçün ayrılmış torpaq sahələri onun daimi istifadəsinə verilir.

1.5. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

1.6. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir.

1.7. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

1.8. Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.

1.9. Qoruq dövlət büdcəsi, büdcədənkənar vəsaitlər, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri və qanunla qadağan edilməyən digər maliyyə mənbələri hesabına maliyyələşdirilir.

1.10. Qoruğun pasportu Nazirlik tərəfindən hazırlanır. Pasportda Qoruğun əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər aparılır. Qoruğun pasportu Nazirlikdə dövlət qeydiyyatına alınmaqla Qoruqda saxlanılır.

1.11. Qoruqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

1.12. Qoruq Nazirliyin verdiyi əmlaka, Nazirliyin və Qoruğun adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, bayraq və emblemə malikdir.

2.1. Qoruğun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii şəraitdə bərpa edilərək sağlamlaşdırılmasını və təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;

2.1.2. Qoruğun ərazisində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqini həyata keçirmək, müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin bərpasını təmin etməklə regionun “yaşıl zona”ya çevrilməsinə töhfə vermək;

2.1.3. elmi tədqiqatları təşkil etmək və aparmaq, “Təbiət Salnaməsi”ni tərtib etmək;

2.1.4. təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinə və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək;

2.1.5. ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək.

3.1. Qoruğun ərazisində xüsusi mühafizənin vacib tədbirləri istisna olmaqla aşağıdakılar qadağan edilir:

3.1.1. bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;

3.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;

3.1.3. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

3.1.4. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi;

3.1.5. bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

3.1.6. ov və balıq ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

3.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

3.1.8. kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

3.1.9. xüsusi icazə olmadan Qoruğun ərazisinə daxil olmaq;

3.1.10. təbiət kompleksləri və obyektlərinin təbii vəziyyətinə təhlükə yaradan hər hansı digər fəaliyyət.

3.2. Elmi müəssisə və təşkilatların əməkdaşları, aidiyyəti ali məktəblərin müəllim və tələbələri Qoruğun iş planı üzrə elmi tədqiqat işləri aparmaq, elmi təcrübə keçmək və digər müvafiq işlər görmək üçün əraziyə normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada buraxılırlar.

4.1. Qoruğun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Qoruğun direktoru rəhbərlik edir.

4.2. Qoruğun mühafizə xidmətinin vəzifələri aşağıdakılardır:

4.2.1. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitələrini, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və digər əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;

4.2.2. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

4.2.3. Qoruq ərazisindən istifadə qaydalarının və həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokollar tərtib etmək;

4.2.4. Qoruğun ərazisində və onun mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək.

4.3. Qoruqda mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xidməti geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

Qoruğun vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Nazirlik həyata keçirir.

6.1. Qoruq bütün təbiət komplekslərini təbiətin etalonları kimi saxlamaqla yanaşı, bu komplekslərdə təbii proseslərin elmi cəhətdən öyrənilməsini həyata keçirir.

6.2. Qoruğun elmi tədqiqat fəaliyyəti ilboyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin genofondunun qorunub saxlanılması, təbii ehtiyatların bərpası və səmərəli istifadəsi məqsədilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin və təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir.

6.3. Qoruq elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədilə elmi işçi ştatları ilə təmin olunur.

6.4. Qoruqda elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatlar, ayrı-ayrı mütəxəssislər (o cümlədən beynəlxalq mütəxəssislər) cəlb edilməklə də aparıla bilər.

6.5. Qoruqda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

6.6. Qoruğun elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır.

6.7. Qoruğun elmi əsərlər çap etdirmək hüququ vardır.

6.8. Qoruqda elmi tədqiqat işləri aşağıdakı məqsədlərlə həyata keçirilir:

6.8.1. region üçün xarakterik olan nadir və nəsli kəsilmək təhlükəsi qarşısında qalan bitkilərin və heyvanların təbii bərpasını təmin etmək;

6.8.2. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq;

6.8.3. Qoruğun tələbatına uyğun olaraq biotexniki tədbirləri həyata keçirmək, meşə ehtiyatlarının və faunanın uçotunu aparmaq;

6.8.4. Qoruğun ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;

6.8.5. iqlimləşdirmə məqsədilə bitki və heyvanların introduksiya edilməsi ilə ayrı-ayrı heyvan növlərinin sayının elmi cəhətdən əsaslandırılmış normadan artıq çoxaldılmasına yol verməmək;

6.8.6. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodları işləyib hazırlamaq;

6.8.7. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosinozların) məhsuldarlığında dəyişiklikləri proqnozlaşdırmaq və həmin dəyişikliklərin səbəbini öyrənmək;

6.8.8. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar toplamaq və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;

6.8.9. Qoruğun hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.

6.9. Elmi tədqiqatların aparılması metodları qoruq rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq edilə bilər.

6.10. Qoruğun elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və digər tədbirləri hər təqvim ili üçün Nazirliyin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Qoruqla bu sahədə əməkdaşlığı Nazirliyin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi müəssisə və təşkilatlar, həmçinin ali məktəblər ilə həyata keçirirlər.

7.1. Qoruğun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

7.2. Qoruğa Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

7.3. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

7.4.1. Qoruğun işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində normativ hüquqi aktların tələblərinə əməl olunmasını təmin edir;

7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;

7.4.3. Qoruğun elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir;

7.4.4. Qoruqda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;

7.4.5. Qoruğun ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

7.4.6. Qoruğun mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

7.4.7. Qoruğun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

7.4.8. Qoruğun fəaliyyətinə aid olan məsələlərlə əlaqədar Qoruğu təmsil edir, adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.4.9. Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edir;

7.4.10. Qoruğun nomenklaturuna daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.4.11. Qoruğun fəaliyyəti ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir.

7.5. Qoruğun bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.

7.6. Təbiət istifadəçiləri tərəfindən Qoruğun təbiət ərazilərindən və obyektlərindən istifadə etməsi qanunda nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

7.7. Dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) Qoruğun mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Qoruq tərəfindən baxılır.

7.8. Qoruğun ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur və özgəninkiləşdirilə bilməz.

7.9. Qoruğun hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

7.10. Qoruq rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində Qoruğa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.

1.2 aprel 2024-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 4 aprel 2024-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 439)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver