Qanunvericilik › Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 15.11.2013) › Tam mətn

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 15.11.2013)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 15.11.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət orqanları qarşısında təxirə salınmaz vəzifələr qoyulmuş, o cümlədən yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinin təmin edilməsi və digər tədbirlərin həyata keçirilməsi təklif olunmuş, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılması Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir.

Sərəncamın icrası ilə bağlı 5 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının CM-nə (bundan sonra CM-nə) 263-1-ci maddə əlavə edilmişdir.

Həmin maddəyə əsasən CM-nin 263-cü maddəsində nəzərdə tutulan nəticələrə səbəb olan əməllərin sərxoş halda və ya nəqliyyat vasitələrinin idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti sərtləşdirilmişdir.

CM-nin 351 -ci madəsində həmin Məcəllənin 263-cü maddəsində göstərilən nəticələrə səbəb olmaqla bu maddədə nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan oxşar əməllərin törədilməsinə, lakin xüsusi subyektlər (bir qayda olaraq hərbi qulluqçular) tərəfindən döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismarı qaydalarını pozmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Cinayət qanununun bu normasının tələbinə görə, döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarə edən şəxs (hərbi qulluqçu) həmin maşınların idarəetmə, o cümlədən yol hərəkəti və ya onların istismarı qaydalarını pozduqda və bu pozuntular ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına, onun ölümünə, habelə iki və daha çox şəxsin ölümünə səbəb olduqda, belə şəxs CM-nin 351-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.

Göründüyü kimi, CM-nin 351-ci maddəsinin obyektini həm Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, həm də müxtəlif normativ hüquqi aktlarda, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş döyüş, xüsusi və ya nəqliyyat maşmlanmmn idarə edilməsi və istismarı qaydaları təşkil edir və qeyd olunan hərbi cinayət CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətdən yalnız cinayətlərin predmetinə və subyektinə görə fərqlənir.

Bu baxımdan, Plenum hesab edir ki, hər kəsin qanun qarşısında bərabərlik prinsipi nəzərə alınaraq cinayət qanunverciliyində istər yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, istərsə də döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarə etmə və istismar qaydalarını pozma kimi oxşar cinayətlərin törədilməsinə görə məsuliyyət də eyni dərəcədə müəyyən edilməlidir.

Əvvəla Plenum qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2012-ci il tarixli Qanunu ilə CM-nin 263.1-ci maddəsinin dispoziyasında dəyişiklik edilərək həmin maddədə nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yalnız az ağır zərər vurmaya görə məsuliyyət, maddənin sanksiyasında isə təqsirkar şəxsə hər hansı əsas cəzanın - cərimə, islah islah işləri və ya azadlıqdan məhrum etmə cəzasının təyin edilməsindən asılı olmayaraq bütün hallarda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının təyin olunması müəyyən edilmiş və Məcəlləyə eyni əməllərin zərər çəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulmasına görə məsuliyyət nəzərdə tutan 263.1-1-ci maddə əlavə olunmuşdur.

Plenum hesab edir ki, eyni dəyişikliklər CM-nin 351-ci maddəsində də edilməli, CM-nə həmin Məcəllənin 351.1-ci maddəsində göstərilən əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına görə məsuliyyət nəzərdə tutan 351.1-1-ci maddə əlavə edilməli və həm bu haqda, həm də oxşar cinayətlərə görə nəzərdə tutulmuş məsuliyyətin dərəcəsi biri-birinə uyğunlaşdırılınası və CM-nin 351.2-ci maddəsinin sanksiyasının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq təkliflər verilməlidir.

Bundan əlavə, döyüş, xüsusi və hərbi maşınları idarətmə və istismar qaydalarını pozma cinayətlərinə dair işlərin, həmin cinayətlərin törədilməsi hallarının təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, bəzi hallarda bu cinayətlər də həm sərxoş vəziyyətdə olan, həm də döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilə bilər, digər tərəfdən isə qeyd edilən hərbi cinayəti törətmiş şəxsin də müxtəlif səbəblərdən hadisə yerindən qaçması istisna deyil. Lakin, bu kimi hallar da əvvəla şəxsin CM-nə əlavə edilmiş 263-1 maddəsi ilə deyil, yenə də CM-nin 351-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə səbəb olacaq ona görə ki, CM-nin 263-1-ci maddəsinin dispozisiyasına əsasən şəxs yalnız bu Məcəllənin 263.1-ci maddəində nəzərdə tutulmuş əməlləri sərxoş vəziyyətdə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan törətdikdə cinayət məsuliyyətinə cəlb edilir, eyni şəraitdə hərbi cinayəti törətmiş şəxsin məsuliyyətini müəyyən edən müvafiq maddə isə cinayət qanunvericiliyində mövcud deyil.

Göründüyü kimi, istər CM-nin 263-1-ci maddəsinin, istərsə də Məcəllənin 351-ci malddəsinin hazırki redaksiyası bu kimi hallarda, yəni sərxoş vəziyyətdə olan və ya döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarə etmək hüququ olmayan şəxs CM-nin 351-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətdikdə onun həmin Məcəllənin 263-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri eyni vəziyyətdə törətmiş və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və CM- nin 263-1-ci maddəsi ilə təqsirləndirilən şəxslərdən fərqli olaraq daha da sərt məsuliyyətə cəlb edilməsinə imkan vermir.

Digər tərəfdən, CM-nin 264-cü maddəsinin tələbinə görə, şəxsin bu maddə ilə məsuliyyəti o vaxt yaranır ki, o, CM-nin 263 və ya 263-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra hadisə yerindən qaçmış olsun, CM-nin 351-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs hadisə yerindən qaçdıqda isə o, bu əməlinə görə heç bir məsuliyyət daşımayacaq.

Buna görə, Plenum CM-nə sərxoş vəziyyətdə olan və ya döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarə etmək hüququ olmayan şəxsin məsuliyyətini nəzərdə tutan 351-1-ci maddənin əlavə edilməsini, CM-nin 264-cü maddəsində isə həm də Məcəllənin 351 və əlavə edilməsi iəklif olunan 351-1-ci maddələrində göstərilən cinayəti törətmiş və hadisə yerindən qaçmış şəxsin məsuliyyətini nəzərdə tutan dəyişikliklərin edilməsini məqsədə uyğun hesab edərək bununla bağlı da qanunvercilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təklif verilməsini mümkün bilir.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya görə məsuliyyət nəzərdə tutan CM-nin 263-ci maddəsinə əsasən, bu əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda iki ildən altı ilədək (CM-nin 263.2-ci maddəsi), iki və daha çox zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda isə - beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır (CM-nin 263.3-cü maddəsi).

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamının 6-cı maddəsinin icrası ilə bağlı yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya dair respublikanın birinci instansiya məhkəmələri tərəfindən CM-nin 263-cü maddəsi ilə 2012-ci ildə baxılmış cinayət işlərinin öyrənilməsi və ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, əksər halda məhkəmələr tərəfindən CM-nin 263.2 və 263.3-cü maddələri ilə təqsirləndirilən şəxslərə beş ildən artıq olmayan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların təyin olunmuş cəzanı CM-nin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələrinə əsas olur ki, bu da, Plenumun qənaətinə görə, cəzanın məqsədlərinə nail olmağa imkan vermir. Müəyyən edilmişdir ki, bəzi hallarda, zərər çəkmiş şəxslərin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisələri törətdiklərinə görə beş ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər hətta məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkdikləri müddətdə təkrarən eyni xarakterli və ya daha ağır (zərər çəkmiş şəxslərin ölümü ilə nəticələnmiş yol hərəkəti qaydalarının pozulması ilə bağlı) cinayətlər törətmişlər.

Digər tərəfdən, o da qeyd edilməlidir ki, həm CM-nin 263-cü maddəsi ilə məhkum olunanların, həm də yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş şəxslərin sayında ilbə il artma müşahidə edilir və 2012-ci ildə göstərilən maddə ilə 1351 nəfər məhkum olunmuş, həmin dövrdə yol-nəqliyyat hadisələri nəticəsində isə 996 şəxs həlak olmuşdur.

Plenum CM-nin 41.2-ci maddəsinin tələblərinə əsaslanaraq qeyd etməyi lazım bilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədiməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.

Bu baxımdan, yəni cəzanın məqsədlərinə nail olmaq üçün, Plenum CM-nin 263.2 və 263.3- cü maddələrinin sanksiyalarının sərtələşdirilməsini məqsədə uyğun hesab edərək cinayət qanunvericiliyində bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklifini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmasını zəruri sayır.

Bundan başqa, aparılmış ümumiləşdirmə ilə müəyyən edilmişdir ki, 2012-ci il ərzində CM- nin 263-cü maddəsi ilə məhkum edilmiş şəxslərdən 115 nəfərin (8,9%) nəqliyyat vasitələrinin idarə etməyə hüququnun olub-olmaması istintaq orqanı tərəfindən araşdırılmamış, hadisə törətmiş 331 nəfərin (25,4%) nəqliyyat vasitələrinin idarə etmək hüququ olmamış, 389 nəfəri (22,2%) isə etibarnamə olmadan nəqliyyat vasitələrini idarə edən şəxslər olmuşlar.

Hərəkətdə olan nəqliyyat vasitələri ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edildiyindən, nəqliyyat vasitələrinin növündən asılı olaraq, yalnız qanunla müəyyən olunmuş xüsusi kateqoriyalı sürücülük hüququna malik olan şəxslər tərəfindən idarə edilməsinə icazə verilir.

Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2012-ci ildə baxılmış və ümumiləşdirmə ilə əlaqədar öyrənilmiş cinayət işlərinin materiallarına əsasən, bu müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmamış və CM-nin 263-cü maddəsi məhkum edilmiş 331 nəfərdən 154 nəfəri CM- nin 263.1-ci maddəsində, 77 nəfəri CM-nin 263.1-1-ci maddəsində, 96 nəfəri CM-nin 263.2-ci maddəsində, 4 nəfəri isə CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər.

Bundan başqa, CM-nin 263-cü maddəsi ilə 2012-ci ildə məhkum edilənlərdən 407 nəfərin (31,2%) hadisədən əvvəl spirtli içkilər, narkotik vasitələr, psixotrop və ya güclü təsir edən maddələr qəbul edib-etməməsi ümumiyyətlə yoxlanılmamış, 97 nəfər (7,5%) yol-nəqliyyat hadisəsini törədərkən spirtli içkilər qəbul etməsi nəticəsində sərxoş vəziyyətdə olmuşdur ki, onlardan da 47 nəfəri CM-nin 263.1-ci maddəsində, 17 nəfəri CM-nin 263.1-1-ci maddəsində, 33 nəfəri CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük hüququ olmayan və ya sərxoş vəziyyətdə olan şəxslərə verilməsi nəqliyyat vasitəsinə sahiblik edən şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 152-3, 152-4 və 152-5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmələrinə səbəb olsa da, bu cür hərəkətlər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan və şərait yaradan başlıca amillərdən biridir.

Digər tərəfdən, Plenum qeyd etməyi lazım bilir ki, İXM-nin 152-3, 152-4 və 152-5-ci maddələri ilə fiziki və ya hüquqi şəxslər inzibati qaydada məsuliyyətə yalnız o halda cəlb edilə bilərlər ki, onlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş, lakin həmin vasitələri idarə etmək hüququ olmayan və ya sərxoş vəziyyətdə olan şəxslər nəqliyyat vasitələrini idarə edərkən ya ümumiyyətlə heç bir qanun pozuntusuna yol verməsinlər, ya da ki onların törətdikləri yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya ona maddi zərərin vurulmasına səbəb olsun.

Halbuki, məhkəmələr tərəfindən 2012-ci il ərzində baxılmış cinayət işlərinin təhlili göstərir ki, nəqliyyat vasitələrinin idarə etmək hüququ olmayan şəxslər tərəfindən törədilmiş hadisələr nəticəsində 384 nəfər zərər çəkmiş, onlardan da 185 nəfəri sağlamlığa az ağır zərər vurmaya aid olan, 83 nəfəri sağlamlığa ağır zərər vurmaya aid olan, 116 nəfəri isə ölümlə nəticələnən xəsarətlər almışlar. Sərxoş vəziyyətdə törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 114 nəfər zərər çəkmişdir ki, onlardan da 63 nəfəri az ağır zərər vurmaya, 19 nəfəri sağlamlığa ağır zərər vurmaya, 32 nəfəri isə ölümlə nəticələnən xəsarətlər almışlar.

Bir sıra bu kimi hallarda ibtidai araşdırma orqanları və məhkəmələr nəqliyyat vasitələrinin onları idarə etmə hüququ olmayan və ya sərxoş vəziyyətdə olan şəxslərə belə vasitələrin sahibləri və ya onlara sərəncam vermək hüququ olan digər şəxslər (fiziki və ya hüquqi şəxslər) tərəfindən bilə-bilə qanunsuz verilməsini müəyyən etsələr də, istər İXM-də, istərsə də CM-də belə əməllərə görə hər hansı məsuliyyət nəzərdə tutulmadığından, həmin əməlləri törətmiş şəxslər məsuliyyətdən kənarda qalmışlar.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxslər tərəfindən həm sərxoş vəziyyətdə olan, həm də belə vəziyyətdə olmayan, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslərə bilə-bilə verilməsinin sonuncuların CM-nin 263-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törətmələrinə şərait yaradılmasını nəzərə alaraq Plenum belə hallarda nəqliyyat vasitələrinin sahiblərinin (onlara sərəncam vermək hüququ olan fiziki və hüquqi şəxslərin) cinayət məsuliyyətini nəzərdə tutan normanın CM-nə əlavə edilməsini və bununla da bağlı qanunvericilik təşəbbüsü qaydasında qanunverici orqana müvafiq təklifin verilməsini zəruri hesab edir.

Həmçinin İXM-nin 152-3, 152-4 və 152-5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların yalnız nəqliyyat vasitlələrinə sahiblik hüququ olan şəxslər deyil, həmçinin həmin vasitələrə sərəncam vermək hüququ olan şəxslərin də törətmələri mümkünlüyünü nəzərə alaraq Plenum qeyd olunan maddələrdə də müvafiq dəyişikliyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təklif verilməsini məqsədə müvafiq hesab edir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin I-ci hissəsinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

Qanunun bu tələbindən göründüyü kimi, bu norma hərəkət zamanı müxtəlif maneələrlə (piyada, əks istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsi və s.) rastlaşan sürücünün üzərinə yalnız bir vəzifəni - idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq vəzifəsini qoyur və onun hərəkət üçün təhlükə yarandıqda yol-nəqliyyat hadisəsinin qarşısını başqa tədbirlərdən istifadə etməklə almaq hüququnu nəzərdə tutmur.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı öyrənilmiş işlərdən görünür ki, bəzi hallarda nəqliyyat vasitəsini idarə edən sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması zamanı (məsələn, ötmə əməliyyatını keçirərkən) öz hərəkət yolu ilə heç bir pozuntuya yol vermədən hərəkət edən digər nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə idarə etdiyi avtomaşının sürətini tam dayanma həddinə qədər azaltmaqla onun qarşısını ala bilməyəcəyini zənn edərək bunun əvəzinə digər tədbirlərdən istifadə etmiş, məsələn öz hərəkət yolundan yolun çiyin hissəsinə çıxmış, lakin bu tədbir də əhəmiyyətsiz olduğuna görə həmin hissədə avtomobillərin toqquşması baş vermişdir. Belə hallarda ibtidai araşdırma orqanlarının və məhkəmələrin yol-nəqliyyat ekspertizasının rəyinə əsasən iş üzrə gəldikləri nəticəyə görə, məsuliyyətə həm yol hərəkəti qaydalarını ilk olaraq pozmuş və faktiki qəza şəraiti yaratmış şəxslər, həm də yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə digər tədbirlərdən istifadə etmiş, lakin eyni zamanda “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin I-ci hissəsinin tədəbinə əməl etməmiş sürücülər də cəlb edilir. Halbuki, belə işlər üzrə müəyyən edilmişdir ki, qəza vəziyyəti onlar yox, hərəkətin digər iştirakçıları tərəfindən yaradılmış, lakin qeyd olunduğu kimi, yol-nəqliyyat ekspertizalarının rəylərində belə sürücülərin də hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin I-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması göstərilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qənaətinə görə, yol hərəkəti və nəqliyyat vasitəlirinin istismarı qaydalarının pozulması ilə bağlı həm cinayət işləri, həm də inzibati xətalara dair işlər üzrə ədalətli qərarların qəbul edilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin I-ci hissəsində qəza vəziyyəti ilə üzləşmiş sürücülərin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün hərəkətin digər iştirakçıları üçün təhlükə törətməyən başqa tədbirlərdən də istifadə etmək hüququnu nəzərdə tutan müvafiq dəyişiklik edilməli və belə dəyişikliyin edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmalıdır.

Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 96-cı və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təkliflər verilsin.

2. Müvafiq Qanun layihələri Milli Məclisə təqdim edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

Bakı şəhəri, 15 noyabr 2013-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver