İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir.
Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər.
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən respublikanın məhkəmələri tərəfindən 2012-2013-cü illərdə təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətlər üzrə baxılmış 401 nəfər haqqında 249 cinayət işi öyrənilərək ümumiləşdirilmiş, bununla yanaşı diffamasiyaya dair beynəlxalq qanunvericilik və təcrübə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsinin) presedent hüququ təhlil edilmişdir.
Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş fikri ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42).
Baxmayaraq ki, Konvensiyaya tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan müsbət öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35; Von Qannover Almaniyaya qarşı, § 57), bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir.
Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi yalnız müstəsna hallarda, o cümlədən başqa əsas hüquqlara ciddi şəkildə zərər vurulduğu halda, məsələn, nifrət salan çıxışlar və ya zorakılığa təhrik etmə işlərində Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1 və 148-ci maddələrinin sanksiyalarında həmin maddələrdə göstərilən cinayətləri (böhtan və təhqir) törətmiş şəxslərin digər cəzalarla yanaşı həm də azadlıqdan məhrum etmə cəzası ilə də cəzalandırılmaları nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd etməyi lazım bilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
Plenum cinayət qanununun bu normasına, böhtan və təhqir cinayətləri törətmiş şəxslərə azadlıqdan məhrum etməklə bağlı olmayan cəzaların təyin edilməsinə üstünlük verilməsinə dair Avropa Məhkəməsinin mövqeyinə əsaslanaraq və CM-nin 147.1 və 148.1 -ci maddələrinin sanksiyalarında yalnız cərimə növündə cəzanın nəzərdə tutulmasını məqsədə uyğun hesab edərək göstərilən maddələrdə bununla əlaqədar müvafiq dəyişikliklərin edilməsi təklifini qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmasını zəruri sayır.
Bundan əlavə, ümumiləşdirmənin nəticələrinə görə, bəzi hallarda vətəndaşların şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan və ya onları nüfuzdan salan məlumatların yayılması kimi əməllər onların irqi, milli, dini və ya digər ictimai mənsubiyyəti ilə bağlı ədavət yaratmaqla, habelə zorakılığı təbliğ etməklə törədilir, lakin cinayət qanunvericiliyində belə əməlləri törətmiş şəxslərin məsuliyyət dərəcəsi göstərilən hallarla əlaqədar olmayan təhqir və böhtan cinayətlərini törətmiş şəxslərin məsuliyyət dərəcəsi ilə eyni cür müəyyən edilir.
Halbuki, Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət, irqindən, milliyyətindən, dinindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Konstitusiyada nəzərdə tutulmuş bu hüququn həyata keçirilməsinə təminat dövlət tərəfindən lazımi tədbirlərin görülməsi ilə yanaşı həmçinin müvafiq qanunvericilik aktlarının qəbul edilməsi və ya qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə verilir.
Bu baxımdan Plenum hesab edir ki, cinayət qanunvericiliyinə irqi, milli, dini və ya digər ictimai mənsubiyyəti ilə əlaqədar ədavət yaratmaqla və ya zorakılığı təbliğ etməklə törədilən təhqirə və böhtana görə məsuliyyət nəzərdə tutan normalar əlavə edilməli və bununla bağlı da qanunvericilik təşəbbüsü qaydasında müvafiq təkliflər verilməklə göstərilən dəyişikliklərin edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmalıdır.
Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 96-cı və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təkliflər verilsin.
2. Müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 21 fevral 2014-cü il