“Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpa edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.57-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası
1. “Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və insan resursları şöbəsi (Aynurə Kərimova) bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Kollegiyanın katibi bu Qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
4. Qərarın icrasına nəzarət nazir müavini Umayra Tağıyevaya həvalə olunsun.
1.1. Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı (bundan sonra - Yasaqlıq) təbiət komplekslərinin və ya onların komponentlərinin (nadir və nəsli kəsilməkdə olan Bənövşəyi güləbətin, Hirkan şümşəsi (Hirkan pırkalı), Kürən güneyotu, Qarabağ tülpanı, Qayalıq böyürtkəni, Nöqtəli səhləb, Sağsağan gülxətmisi, Şoviç soğanı, Şmidt tülpanı, Şuşa gəvəni, Şuşa vələsi, Vələsyarpaq azat, İslandiya setrariyası, Dağ ramalinası, Avropa vaşaqı, Avropa cüyürü, Böyük qırğı, Adi uzunqanad, Enliqulaq bükükdodaq, Cənub nalburnu və s.) qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazidir.
1.2. Yasaqlıq Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 24 noyabr tarixli 416 nömrəli Qərarı ilə Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində yaradılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı ilə fəaliyyəti bərpa edilmişdir.
1.3. Yasaqlığın pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti (bundan sonra – Xidmət) tərəfindən hazırlanır. Pasportda Yasaqlığın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər aparılır. Yasaqlığın pasportu dövlət qeydiyyatına alınmaqla Xidmətdə saxlanılır.
1.4. Yasaqlığın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.
1.5. Yasaqlığın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.
1.6. Yasaqlıqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında Yasaqlığın yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.
2.1. Yasaqlığın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması;
2.1.2. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətində müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsinin təmin edilməsi;
2.1.3. elmi, mədəni, tədris və məhdud təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsi;
2.1.4. genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii şəraitdə bərpa edilərək sağlamlaşdırılmasının və təbii vəziyyətinin qorunub saxlanılması məqsədilə təbiət ərazilərinin mühafizəsinin həyata keçirilməsi;
2.1.5. Yasaqlığın ərazisində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqin həyata keçirilməsi, müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin bərpasını təmin etməklə regionun “yaşıl zona”ya çevrilməsinə töhfə verilməsi.
3.1. Yasaqlıqda təbiət komplekslərinə və onların komponentlərinə zərər vura bilən hər hansı fəaliyyət qadağan edilir.
3.2. Yasaqlığın ərazisində aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər:
3.2.1. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.2.2. su, bataqlıq ərazilərinin qurudulması və meliorativ işlərinin aparılması;
3.2.3. bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
3.2.4. ov və balıq ovu (balıqartırma və elmi-tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;
3.2.5. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;
3.2.6. kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;
3.2.7 bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;
3.2.8. torpaqların şumlanması, yabanı bitkilərin yığılması, kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;
3.2.9. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;
3.2.10. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi.
4.1. Yasaqlığın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Nazirliyin regional orqanı həyata keçirir.
4.2. Yasaqlığın mühafizəsinə nəzarəti həyata keçirən işçilərin vəzifələri aşağıdakılardır:
4.2.1. Yasaqlığın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitələrini, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və digər əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;
4.2.2.Yasaqlığın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
4.2.3. Yasaqlığın ərazisindən istifadə qaydalarının və həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokollar tərtib etmək;
4.2.4. Yasaqlığın ərazisində və onun mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək.
4.3. Yasaqlığın mühafizəsinə nəzarəti həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xidməti geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
4.4. Dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) Yasaqlığın mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Nazirlik tərəfindən baxılır.
4.5. Yasaqlığın ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur və özgəninkiləşdirilə bilməz.
4.6. Yasaqlığın torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə oluna bilər.
4.7. Yasaqlığın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
4.8. Yasaqlığın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
4.9. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində Yasaqlığa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.