“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində həmin Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin preambulasında, 4-cü, 10-2 – 10-4-cü maddələrində, 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 10-8-ci maddəsində, 11-ci maddəsinin ikinci hissəsində və beşinci hissəsində (hər iki halda), 14-cü maddəsinin ikinci cümləsində, 26-cı maddəsində, 31-ci maddəsinin birinci cümləsində “rəhbərinin” sözündən əvvəl və ikinci cümləsində “Baş idarə” sözlərindən əvvəl, 47-ci maddəsində, 57-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 76-cı maddəsində, 84-cü maddəsində, 85-ci maddəsinin birinci hissəsində, 86-cı və 89-cu maddələrində, 95-ci maddəsində “qaydada” sözündən sonra, 98-ci, 99-cu, 100-cü, 112-ci və 115-ci maddələrində, 134-cü maddəsinin ikinci və üçüncü hissələrində, 147-ci və 157-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
həmin Əsasnamənin 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası nəzərdə tutulur;
həmin Əsasnamənin 32-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
həmin Əsasnamənin 106-cı maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər, İdman və Turizm, Səhiyyə nazirlikləri nəzərdə tutulur.
3. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 5-ci maddəsinin ikinci cümləsində, 31-ci maddəsinin birinci cümləsində “azad edilmə” sözlərindən sonra və ikinci cümləsində “rəisləri” sözündən sonra, 59-cu maddəsində “təqdimatı ilə” sözlərindən sonra, 59-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 116-cı maddəsinin ikinci cümləsində “tərəfindən vəzifəyə” sözlərindən əvvəl, 137-ci maddəsinin ikinci hissəsində və 159-cu maddəsində “idarədənkənar nəzarəti” sözlərindən sonra nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Əsasnamənin 10-7-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 45-ci maddəsində, 88-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 93-cü maddəsində, 95-ci maddəsində “daşınması” sözündən sonra, 101-ci maddəsində və 104-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Əsasnamənin 6-cı, 7-ci və 8-ci maddələrində, 10-7-ci maddəsinin birinci cümləsində, 14-cü, 15-ci və 16-cı maddələrində, 20-ci maddəsinin ikinci hissəsində, 22-ci, 23-cü, 24-cü, 28-ci, 29-cu, 30-cu və 37-ci maddələrində, 40-cı maddəsinin birinci cümləsində, 43-cü maddəsinin dördüncü hissəsində, 53-cü maddəsinin ikinci hissəsində, 55-ci və 56-cı maddələrində, 58-ci maddəsinin 1-ci və 2-ci bəndlərində, 59-cu maddəsində “rütbələr” sözündən sonra, 63-cü maddəsində, 83-cü maddənin birinci hissəsində, 87-ci maddəsinin dördüncü hissəsində, 97-ci, 100-1-ci, 105-ci və 108-ci maddələrində, 110-cu maddəsinin ikinci hissəsində, 116-cı maddəsinin ikinci cümləsində “əməkdaşlarına” sözündən sonra, 127-ci, 129-cu, 133-cü, 139-cu (hər iki halda), 141-ci, 143-cü, 158-ci maddələrində və 159-cu maddəsində “nəzarəti isə” sözlərindən sonra nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
həmin Əsasnamənin 100-1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın səlahiyyətlərini Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti həyata keçirir;
4. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 31-ci maddəsinin ikinci cümləsində göstərilən vəzifələrə təyin olunma Polis Akademiyasının rəisinə münasibətdə Azərbaycan Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, digər vəzifələrə münasibətdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən həyata keçirilir.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.