1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. daxili qoşunlar – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olmaqla, bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil olan silahlı birləşmə;
1.1.2. döyüş texnikası – silah kompleksindən və onun daşıyıcısından ibarət olan hərbi texnika;
1.1.3. fəal mühafizə vasitələri – hücumun, müqavimətin, tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər, əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları, xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və atlar);
1.1.4. fərdi qoruyucu mühafizə vasitələri – şəxsi heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular, güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);
1.1.5. fiziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək qabiliyyəti;
1.1.6. xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən tədbirlər kompleksi;
1.1.7. xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr – qrup halında basqının, müqavimətin, tabe olmama hallarının qarşısının alınmasında, keçilməz sədlərin dağıdılmasında, kütlənin, avtonəqliyyat vasitələrinin məcburi dayandırılmasında və ya onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə olunan xüsusi texnika;
1.1.8. xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və vasitələr;
1.1.9. xüsusi texnika – daxili qoşunların xidməti vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı maşınlar və avadanlıqlar;
1.1.10. xüsusi vasitələr – fərdi qoruyucu mühafizə, fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr;
1.1.11. obyektlərin mühafizəsi – obyektlərin təhlükəsizliyinin təşkilinə, orada olan şəxslərin həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.