12.1. Daxili qoşunların şəxsi heyəti hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir.
12.2. Daxili qoşunların hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, xüsusi hazırlıq keçməli, xüsusi vasitələrdən, təhkim edilmiş silah, döyüş texnikası və xüsusi texnikadan istifadə etməyi bacarmalıdırlar. Daxili qoşunların hərbi qulluqçularının fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi bacarığı, habelə ilk tibbi yardım göstərmək bacarığı müntəzəm yoxlanılmalıdır.
12.3. Daxili qoşunların komplektləşdirilməsi və daxili qoşunlarda həqiqi hərbi xidmət “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və digər normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
12.4. Daxili qoşunların hərbi qulluqçularının əsas hüquq və vəzifələri, təminatları və hərbi xidmətlə əlaqədar hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikasının digər qanunları, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələri ilə tənzimlənir.
12.5. Daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.