Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Xüsusi vasitələrin tətbiqi

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Daxili qoşunların hərbi qulluqçularının aşağıdakı hallarda xüsusi vasitələri tətbiq etmək hüququ vardır:

22.1.1. insan həyatına və sağlamlığına real təhlükə yaradan əməllər və ya mülkiyyət əleyhinə cinayət törədildikdə;

22.1.2. qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;

22.1.3. girov saxlanılan şəxs (şəxslər) və ya zəbt olunmuş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;

22.1.4. yaşayış yerlərinə, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların binalarına, anbarlara (saxlanc yerlərinə) qrup halında basqın dəf edildikdə;

22.1.5. inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən şəxs (şəxslər) saxlanılarkən müqavimət göstərdikdə, müqavimət göstərə biləcəyinə və qaçmaq ehtimalına kifayət qədər əsas olduqda, habelə bu şəxsin (şəxslərin) azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;

22.1.6. şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafdakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;

22.1.7. insanlar tərəfindən nəqliyyatın hərəkəti qrup halında dayandırıldıqda və ya məhdudlaşdırıldıqda;

22.1.8. sürücü öz hərəkətləri ilə insanların həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmadıqda və onun saxlanılması üçün başqa imkan olmadıqda;

22.1.9. sərbəst toplaşmaq azadlığı haqqında qanunvericiliyin tələbləri pozulmaqla keçirilən toplantılar dağıdıldıqda;

22.1.10. hərbi şəhərciklərə, hərbi eşelonlara, bölmə və qoşun naryadlarına, mühafizə olunan obyektlərə basqın dəf edildikdə və ya həmin obyektlərə qanunsuz daxil olan şəxs yaxalanarkən qaçmağa cəhd göstərdikdə.

22.2. Xüsusi vasitələrin növü və tətbiqinin intensivliyi yaranmış vəziyyət, hüquq pozuntusunun xarakteri və onu törədən şəxsin şəxsiyyəti, habelə xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.

22.3. Bu Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş hallarda xüsusi vasitələrin bütün növləri tətbiq edilə bilər.

22.4. Hərbi hissə komandiri xüsusi vasitələrin tətbiqi anından 24 saat müddətində müvafiq prokurora məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver