6.1. Bu Qanunun 8-ci maddəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):
6.1.1. daxili qoşunların strukturunu, ali hərbi rütbəli vəzifələrin siyahısını və ümumi say tərkibini təsdiq edir;
6.1.2. daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;
6.1.3. daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir;
6.1.4. daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradır və ləğv edir, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edir;
6.1.5. daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsil müəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelə daxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyim formasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onların təsvirlərini təsdiq edir;
6.1.6. daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlb edir;
6.1.7. daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edir və onun tərkibini müəyyən edir;
6.1.8. daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini Azərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, o cümlədən fəxri adlarla təltif edir;
6.1.9. daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirir, səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunların maddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbul edir;
6.1.10. daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuş halda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə (silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsini həyata keçirir;
6.1.11. daxili qoşunlara bilavasitə rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsini təmin edir;
6.1.12. daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verir;
6.1.13. daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planlarını təsdiq edir;
6.1.14. daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edir və onlarda dəyişiklik edir;
6.1.15. hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edir;
6.1.16. müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxili qoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edir;
6.1.17. xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlak olmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklik göstərir, habelə onların maddi və məişət məsələlərinin həlli üçün normativ hüquqi aktlara uyğun tədbirlər görür;
6.1.18. daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətini təşkil edir;
6.1.19. ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyat təyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrini cəlb edir;
6.1.20. hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verir;
6.1.21. qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini intizam məsuliyyətinə cəlb edir;
6.1.22. icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir;
6.1.23. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edir.