Qanunvericilik › “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.02.2019) › Tam mətn

“Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.02.2019)

“Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.02.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

1.1. “Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 50 nömrəli Fərmanına əsasən, Bakı şəhərindəki Dənizkənarı bulvara Dənizkənarı Milli Park (bundan sonra – Milli Park) statusu verilmişdir.

1.2. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su və bitki aləmi onun daimi istifadəsinə verilir.

1.3. Milli Park Bakı şəhərinin Səbail, Nəsimi və Xətai inzibati rayonlarının ərazisində yerləşir.

1.4. Milli Parkı “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs (bundan sonra – İdarə) idarə edir. İdarənin Milli Parkın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, habelə ərazidə xüsusi mühafizə rejimini və bu Əsasnamədə nəzərdə tutulan digər rejimləri təmin etmək üzrə müstəsna səlahiyyətləri vardır.

2.1. Milli Parkın yaradılmasının məqsədi ətraf mühitin mühafizəsini, ondan səmərəli istifadəni, Bakı şəhərinin estetik gözəlliyinin, abadlığının, tarixi simasının qorunmasını və inkişaf etdirilməsini, şəhər sakinləri və turistlərin əlverişli istirahətinin təşkilini, Milli Park ərazisində yerləşən tikili və qurğuların, nadir bitki növlərinin qorunub saxlanılmasını təmin etməkdən ibarətdir. Milli Parkdan aşağıdakı məqsədlərlə istifadə oluna bilər:

2.1.1. təbiəti mühafizə;

2.1.2. sağlamlaşdırma;

2.1.3. turizm və rekreasiya.

2.2. Milli Parkda onun məqsədli təyinatına, təbiət və mədəniyyət obyektlərinin mühafizəsi, bərpası və istifadəsi ilə bağlı müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

2.3. Milli Parkın əsas vəzifələri aşağıdakılardır:

2.3.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, mədəniyyət obyektlərini qoruyub saxlamaq;

2.3.2. turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq;

2.3.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

2.3.4. əhalini ekoloji maarifləndirmək;

2.3.5. zədələnmiş təbiət və mədəniyyət obyektlərini bərpa etmək.

3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq oluna və aşağıdakı fəaliyyət zonaları müəyyən edilə bilər:

3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;

3.1.3. turizm və rekreasiya zonaları;

3.1.4. turistlərə və digər şəxslərə xidmət göstərilən zonalar;

3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

3.2. Turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (balıq ovu və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.

3.3. Milli Park ərazisinin sanitariya-mühafizə zonasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.7-ci maddəsinə müvafiq olaraq aşağıdakılar qadağan edilir:

3.3.1. yeni yaşayış məntəqələrinin salınması;

3.3.2. ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı;

3.3.3. geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı;

3.3.4. meşələrdə əsas istifadə qırıntısı;

3.3.5. aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə;

3.3.6. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;

3.3.7. ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən müvafiq işlərin görülməsi.

Milli Parkın mühafizəsini İdarənin mühafizə xidməti təmin edir.

5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və mədəniyyət obyektlərinin mühafizəsindən, onlara xidmət göstərilməsindən, bərpasının həyata keçirilməsindən, istirahət və turizm xidmətlərinin təşkilindən ibarətdir.

5.2. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turist bazalarının, iaşə və digər bu kimi obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədilə digər şərait yaradılması İdarənin hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.

5.3. Milli Parkda təbiət obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq İdarənin fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.

5.4. Milli Parkın ərazisində açıq məkanda reklam yerləşdirilməsinə icazəni İdarə verir.

5.5. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

5.6. Bu Əsasnamənin 5.5-ci bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişiklik edilir.

5.7. Bu Əsasnamənin 5.5-ci bəndində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

5.8. Bu Əsasnamənin 5.5-ci bəndində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunur.

1. 31 yanvar 2020-ci il tarixli 924 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 13)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver