“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 757; 2000, № 8 (III kitab), maddə 642; 2003, № 4, maddə 219; 2005, № 4, maddə 377; 2017, № 3, maddə 497, № 9, maddə 1719) 1-ci və 2-ci hissələri ləğv edilsin.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 17 noyabr 2017-ci il
1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. büdcədənkənar vəsaitlər – Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların (bundan sonra - idarə və təşkilat) büdcədən ayrılan təxsisatlardan əlavə daxil olmuş vəsaitlərdir;
1.2.2. büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetası - cari büdcə ili üçün idarə və təşkilatlar tərəfindən tərtib olunmuş, bu Əsasnaməyə uyğun təsdiq edilmiş və büdcədənkənar vəsaitlərin gəlir mənbələri üzrə məbləğini və bu vəsaitlərin dövlət büdcəsinin iqtisadi təsnifatının bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri üzrə xərc istiqamətlərini müəyyən edən sənəddir;
1.2.3. büdcədənkənar vəsaitlərdən istifadəyə sərəncamçı - dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlardır.
2.1. Büdcədənkənar vəsaitlər malların satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən büdcə təşkilatlarının əldə etdiyi vəsaitlər, habelə inzibati cərimələrin, maliyyə sanksiyalarının, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından, habelə dövlət nəfinə müsadirə olunmuş pul vəsaitlərinə görə daxil olan vəsaitlərin qanunvericiliklə müəyyən edilmiş məbləğdə həmin gəlirlərin yığılmasını təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülən hissəsi, idarə və təşkilatların qanuna və ya ondan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq göstərdikləri xidmətlərə görə tutulan haqlar hesabına formalaşdırılır.
2.2. İdarə və təşkilatların balansında olan maddi və qeyri-maddi aktivlərin satışı və ya icarəyə verilməsi hesabına büdcədənkənar vəsaitlərin formalaşdırılmasına yol verilmir.
2.3. İdarə və təşkilatların büdcədənkənar gəlirlərinin və xərclərinin məbləği “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır.
2.4. Növbəti ilin büdcədənkənar gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən idarə və təşkilatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən idarə və təşkilatlar Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və onun tabeliyində olan rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə), Azərbaycan Respublikasının digər şəhər və rayonlarının dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən idarə və təşkilatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə) cari ilin iyul ayının 1-dək aşağıdakı sənədləri və məlumatları təqdim edirlər:
2.4.1. büdcədənkənar vəsaitlər üzrə gəlirlərin (gəlir mənbələri və büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın paraqrafları üzrə) keçən ildə faktiki və cari ildə gözlənilən icrası barədə məlumatlar;
2.4.2. büdcədənkənar vəsaitlər üzrə gəlirlərin (gəlir mənbələri və büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın paraqrafları üzrə) keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı barədə məlumatlar;
2.4.3. növbəti il üçün büdcədənkənar gəlirlərin və xərclərin proqnozuna dair hesablamalar;
2.4.4. növbəti il üçün gəlirlərin (gəlir mənbələri və büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın paraqrafları üzrə) layihəsi;
2.4.5. təsdiqedici sənədlər (müqavilələr, arayışlar, üzləşmə aktları, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə).
2.5. İdarə və təşkilatlar tərəfindən təqdim edilmiş büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasına baxılarkən, daxilolma mənbələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması, qiymət və tariflərin düzgün tətbiq edilməsi və xərclərin düzgün proqnozlaşdırılması araşdırılır.
2.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi cari ilin iyul-avqust aylarında idarə və təşkilatlarla onların növbəti ilin büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarının layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələrinə uyğun olaraq, büdcədənkənar vəsaitlər üzrə gəlirlərin və xərclərin Azərbaycan Respublikasının vahid büdcə təsnifatının büdcə gəlirlərinin təsnifatı və xərclərin funksional, iqtisadi və inzibati təsnifatları üzrə məbləğləri protokollarla rəsmiləşdirilir.
2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə mindikdən sonra 1 (bir) ay müddətində bu Əsasnamənin 2.6-cı bəndində nəzərdə tutulmuş protokollarla rəsmiləşdirilmiş məbləğlərə uyğun olaraq, idarə və təşkilatların büdcədənkənar gəlirlərinin təsnifatı və xərclərinin funksional, iqtisadi və inzibati təsnifat üzrə bölgüsünü, gəlirlər və xərclər smetalarını təsdiq edir (1 nömrəli əlavə).
2.8. Bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulan bölgüyə uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlər və xərclər smetaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə idarələrinin (şöbələrinin) təqdimatı ilə yerli icra hakimiyyətləri orqanları tərəfindən təsdiq edilir.
2.9. İdarə və təşkilatlar gəlirlər və xərclər smetalarını aldıqdan sonra 15 (on beş) gün müddətində tabeliklərində olan qurumların büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarını təsdiq edərək, aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.
3.1. İdarə və təşkilatlar tərəfindən malların satışına, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə görə tam, yaxud qismən büdcədənkənar gəlirlərə aid edilən haqların, inzibati cərimələrin, maliyyə sanksiyalarının ödənişi milli valyutada, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilir və müvafiq xəzinə hesabına köçürülür. Həmin vəsaitlər elektron ödəmə sistemləri vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.
3.2. Büdcədənkənar gəlirlərin idarə və təşkilatların kassasına mədaxil edilərək birbaşa xərclənməsinə yol verilmir.
3.3. İl ərzində büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasında nəzərdə tutulduğundan çox məbləğdə vəsait daxil olduqda, idarə və təşkilatlar bu Əsasnamənin 2.4-cü bəndi ilə müəyyən edilmiş qaydada aidiyyəti üzrə müraciət edirlər. Bu zaman idarə və təşkilatın müraciətinə əlavə və dəyişikliklərin aparılmasının zəruriliyi barədə arayış və hesablamalar, müraciət olunan tarixə büdcədənkənar gəlirlər və xərclər smetalarının icra vəziyyəti barədə arayış əlavə edilir. Müraciət əsasında bu Əsasnamənin 2.7-ci və 2.8-ci bəndləri ilə müəyyən edilmiş qaydada gəlirlər və xərclər smetası yenidən təsdiq olunmaqla istifadə edilir.
3.4. İl ərzində büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasında nəzərdə tutulduğundan az məbləğdə vəsait daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada azaldıla bilər.
3.5. İlin sonuna büdcədənkənar vəsaitlər üzrə bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla).
4.1. Büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün idarə və təşkilata onun müraciəti ilə xəzinədarlıq orqanlarında xəzinə hesabı açılır.
4.2. Büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir.
4.3. İnzibati cərimələr və maliyyə sanksiyaları üzrə daxilolmaların qanunvericiliklə müəyyən edilmiş hissəsi ayda bir dəfə həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsini təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülür və bu daxilolmaların azaldılmasına aid edilir.
4.4. Büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetası əsasında təyinatı üzrə istifadə olunur. Xərc ilk növbədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş müdafiə olunan xərc maddələri üzrə aparılır.
5.1. Büdcə təşkilatlarının büdcədənkənar vəsaitlər üzrə xəzinə hesablarına səhvən ödənilmiş vəsaitlər geri qaytarılır.
5.2. Səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün büdcədənkənar vəsaitləri səhvən idarə və təşkilata ödəmiş hüquqi və ya fiziki şəxs tərəfindən həmin idarə və təşkilata məktub və ya ərizə ilə müraciət edilir.
5.3. Bu Əsasnamənin 5.2-ci bəndində nəzərdə tutulmuş məktub və ya ərizədə qaytarılmalı olan vəsaitin məbləği, onun yaranma tarixi və səbəbləri göstərilir və vəsaitin hansı hesaba qaytarılmalı olduğu qeyd edilir.
5.4. Vəsaitlərin qaytarılması barədə ərizə idarə və təşkilata daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində araşdırılmalı, vəsaitin səhvən ödənildiyi aşkar edildikdə, bu barədə idarə və təşkilatın müvafiq qurumu tərəfindən arayış tərtib edilməlidir. Vəsaitin səhvən ödənildiyi aşkar edilmədikdə, ərizəçiyə bu barədə 3 (üç) iş günü müddətində yazılı cavab verilir.
5.5. İdarə və təşkilat büdcədənkənar vəsaitin səhvən ödənilməsi barədə tərtib etdiyi arayışı və ərizənin surətini müşayiət məktubu ilə birlikdə büdcədənkənar vəsaitlərin qaytarılmalı olduğu müvafiq maliyyə orqanına göndərir.
5.6. Müvafiq maliyyə orqanı 3 (üç) iş günü müddətində vəsaitlərin qaytarılmasını təmin edir və büdcədənkənar vəsaitlərin mədaxilini faktiki qaytarılmış məbləğ qədər azaldır.
6.1. İdarə və təşkilatlar tərəfindən büdcədənkənar vəsaitlərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.
6.2. Maliyyə orqanları tərəfindən büdcədənkənar vəsaitlər üzrə daxilolmalar hesablaşma sənədlərində göstərilən daxilolma mənbələri üzrə büdcədənkənar vəsaitləri təmin edən idarə və təşkilatlar üzrə uçota alınır.
6.3. İdarə və təşkilatlar büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun olaraq rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və ya yerli maliyyə orqanlarına təqdim edirlər.
7.1. İdarə və təşkilatın vəzifəli şəxsləri büdcədənkənar vəsaitlərin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə və təyinatı üzrə istifadə edilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Malların (işlərin və xidmətlərin) satın alınması
İdarənin saxlanılması
Nəqliyyat xidmətləri haqqının ödənilməsi
Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi
İstehlak mallarının və materiallarının alınması
Sair xidmətlərin haqqının ödənilməsi
Faizlər üzrə ödənişlər
Qeyri-rezidentlər üzrə ödənişlər
Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər
Dövlət idarəetmə sektoru üzrə ödənişlər
Subsidiyalar və cari transfertlər
Subsidiyalar üzrə ödənişlər
Özəl sektora aid olan müəssisələrə ödənişlər
Qrantlar və digər ödənişlər
Xarici dövlətlərə ödənilən qrantlar
Beynəlxalq təşkilatlara ödənilən qrantlar
Digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar
Üzvlük haqqı və digər ödənişlər
Təqaüdlər və sosial müavinətlər
Sosial müdafiə üzrə müavinətlər
Dövlət qulluqçularına sosial müavinətlər
Digər təqaüdlər, müavinətlər və transfertlər
Faizlər üzrə ödənişlər istisna olmaqla, mülkiyyətlə bağlı xərclər
Sair müxtəlif xərclər
Qeyri-maliyyə aktivlərinin alınması
Maddi-istehsal ehtiyatları
Qeyri-istehsal aktivləri
Maliyyə aktivləri üzrə əməliyyatlar
Öhdəliklər üzrə maliyyə əməliyyatları
Qeyd. Fəaliyyət istiqamətlərinə uyğun olaraq, büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetaları büdcə xərclərinin iqtisadi təsnifatının paraqraf, maddə və yarımmaddələri üzrə tərtib edilir.
Malların (işlərin və xidmətlərin) satın alınması
İdarənin saxlanılması
Nəqliyyat xidmətləri haqqının ödənilməsi
Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi
İstehlak mallarının və materiallarının alınması
Sair xidmətlərin haqqının ödənilməsi
Faizlər üzrə ödənişlər
Qeyri-rezidentlər üzrə ödənişlər
Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər
Dövlət idarəetmə sektoru üzrə ödənişlər
Subsidiyalar və cari transfertlər
Subsidiyalar üzrə ödənişlər
Özəl sektora aid olan müəssisələrə ödənişlər
Qrantlar və digər ödənişlər
Xarici dövlətlərə ödənilən qrantlar
Beynəlxalq təşkilatlara ödənilən qrantlar
Digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar
Üzvlük haqqı və digər ödənişlər
Təqaüdlər və sosial müavinətlər
Sosial müdafiə üzrə müavinətlər
Dövlət qulluqçularına sosial müavinətlər
Digər təqaüdlər, müavinətlər və transfertlər
Faizlər üzrə ödənişlər istisna olmaqla, mülkiyyətlə bağlı xərclər
Sair müxtəlif xərclər
Qeyri-maliyyə aktivlərinin alınması
Maddi-istehsal ehtiyatları
Qeyri-istehsal aktivləri
Maliyyə aktivləri üzrə əməliyyatlar
Öhdəliklər üzrə maliyyə əməliyyatları
Qeyd. Fəaliyyət istiqamətlərinə uyğun olaraq, büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetaları büdcə xərclərinin iqtisadi təsnifatının paraqraf, maddə və yarımmaddələri üzrə tərtib edilir.
1. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)
2. 27 oktyabr 2018-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 oktyabr 2018-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2181)
3. 28 mart 2019-cu il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 566)
4. 19 aprel 2022-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 415)